• şənbə, 04 Iyul, 05:02
  • Baku Bakı 25°C

Qlobal təhlükəsizliyə yön verəcək zirvə

04.07.26 02:16 28
Qlobal təhlükəsizliyə yön verəcək zirvə

NATO-ya üzv ölkələrin liderləri Ankarada bir araya gələcəklər. Sammit Alyansın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, müttəfiqlər arasında həmrəyliyin gücləndirilməsi və müdafiə potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Türkiyə paytaxtı Ankara son illərin ən mühüm tədbirlərindən birinə hazırlaşır. 7-8 iyul tarixlərində Ankarada NATO-nun tarixi adlandırılan sammiti baş tutacaq. Zirvə qlobal təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin artdığı və Avropa təhlükəsizlik sisteminin yeni çağırışlarla üzləşdiyi bir dövrdə təşkil edilir. Sammit NATO-nun gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, müttəfiqlər arasında həmrəyliyin gücləndirilməsi və kollektiv müdafiə potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyənin də sammitdən gözləntiləri çoxdur. Ankara NATO-nun ikinci ən böyük ordusuna malikdir və alyansın cənub cinahında əsas geosiyasi dayaqlardan hesab olunur. Budəfəki sammit 2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsindən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci sammit olacaq. 

Müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq... 

NATO-nun Baş katibi Mark Rüttenin sözlərinə görə, Ankarada yeni öhdəliklər deyil, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq. Rütte qeyd edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq, silah istehsalını çoxaltmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq. Onun sözlərinə görə, əsas vəzifə Moskvaya NATO-nun hər hansı bir hücum halında özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirməkdir. Rütte vurğulayıb ki, müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq, alyans əsas qərarları qəbul edərkən birliyi qoruyur.

Sammitin Türkiyə üçün əhəmiyyəti

Sammit öncəsi Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı aparan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankarada keçiriləcək NATO Sammitində Avropanın alyans çərçivəsində müdafiə imkanlarını gücləndirməsini gözləyir. Ərdoğan hesab edir ki, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq: "Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları sürətləndirmişik". Digər Türkiyə rəsmilərinin fikrincə, sammit ölkənin müdafiə sənayesinin inkişafını, hərbi imkanlarını və diplomatik nüfuzunu nümayiş etdirmək üçün mühüm platformaya çevriləcək. 

Sammit Türkiyə üçün yalnız diplomatik deyil, iqtisadi və siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Ankara regionun təhlükəsizlik arxitekturasında əsas aktorlardan biri kimi mövqeyini daha da möhkəmləndirməyə çalışır. Türkiyə üçün bu tədbir beynəlxalq nüfuzunu artırmaq, regional liderlik mövqeyini möhkəmləndirmək və NATO daxilində strateji rolunu daha da gücləndirmək baxımından mühüm fürsət kimi qiymətləndirilir. Qəbul olunacaq qərarların təkcə alyans üzvlərinə deyil, bütövlükdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik mühitinə uzunmüddətli təsir göstərməsi gözlənilir.

Türkiyə NATO-nun ən mühüm üzvlərindən biri kimi uzun illərdir Alyansın cənub cinahının təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Qara dəniz, Aralıq dənizi, Yaxın Şərq və Qafqaz kimi strateji regionların kəsişməsində yerləşməsi Ankaranı NATO üçün əvəzolunmaz tərəfdaşa çevirir. Məhz buna görə də Ankarada keçiriləcək sammitin gündəliyində yalnız Avropa təhlükəsizliyi deyil, həm də Yaxın Şərq, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və müdafiə sənayesi əməkdaşlığı xüsusi yer tutur. 

Əsas mövzu müdafiə xərclərinin artırılması olacaq 

Yeri gəlmişkən, Ankara sammitinin əsas mövzularından biri NATO ölkələrinin müdafiə xərclərinin artırılması olacaq. Son illərdə alyans rəhbərliyi üzv dövlətlərin müdafiəyə daha çox vəsait ayırmasının vacibliyini dəfələrlə vurğulayıb. Sammitdə müdafiə sənayesinin genişləndirilməsi, silah istehsalının artırılması, birgə hərbi layihələrin həyata keçirilməsi və müdafiə texnologiyalarına investisiyaların qoyuluşu məsələlərinin müzakirə olunacağı gözlənilir. NATO rəhbərliyi hesab edir ki, dəyişən təhlükəsizlik mühiti alyansın daha çevik, müasir və yüksək hazırlıq səviyyəsinə malik qüvvələr formalaşdırmasını tələb edir. Rusiya-Ukrayna müharibəsi də müzakirələrin əsas prioriteti olaraq qalır. Ankara sammitində Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyin davam etdirilməsi, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi gözlənilir. Ankara sammiti NATO-nun Ukrayna siyasətinin gələcək istiqamətlərini müəyyən edən mühüm platforma olacaq. 

Çinlə bağlı təhlükəsizlik məsələləri də müzakirə edilə bilər

Son illər NATO daxilində müdafiə xərcləri, ABŞ-Avropa münasibətləri və təhlükəsizlik öhdəlikləri ilə bağlı müxtəlif fikir ayrılıqları müşahidə olunur. Ankara sammitinin əsas məqsədlərindən biri bu fikir ayrılıqlarını minimuma endirmək və alyansın vahid mövqeyini nümayiş etdirməkdir. 

Sammitdə Çinlə bağlı təhlükəsizlik məsələləri də müzakirə edilə bilər. NATO rəhbərliyi hesab edir ki, Pekinin hərbi potensialının artması, texnoloji rəqabət və kritik infrastrukturun təhlükəsizliyi Alyansın strateji planlaşdırılmasında nəzərə alınmalıdır. Ankara sammitində kibertəhlükəsizlik, süni intellektin hərbi sahədə tətbiqi, kosmos təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması və hibrid müharibə metodlarına qarşı mübarizə də geniş müzakirə ediləcək. Bu məsələlər NATO-nun gələcək strateji konsepsiyasının əsas istiqamətlərindən hesab olunur. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər