Qərbin təhlükəli cığallığı - TƏHLİL
Avropa İttifaqı bütün vasitələrdən istifadə etməklə Gürcüstanda xaos yaratmağa çalışır. Özü korrupsiya yuvası və lobbi qruplarının oyuncağı olan Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadığını bəyan edən qətnamə qəbul edir.
Parlament seçkilərindən sonra gürcü cəmiyyəti onlara vəd edilən "qərb cənnəti"nin əsl üzünü görməyə başlayıb. Xalqın iradəsi ilə növbəti dəfə iqtidarı əlində saxlayan "Gürcü arzusu" Qərbin siyasi mərkəzləri tərəfindən açıq hədəfə çevrilib. Bu gün Avropa dairələrinin rəsmi Tbilisiyə qarşı ritorikası şantaj və təzyiq üzərində qurulub. Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi, Tbilisini müxtəlif qanunlara (xarici agentlər və ailə dəyərlərinin qorunması haqqında) görə daim tənqid etmək, parlament seçkilərinin demokratikliyinə və şəffaflığına şübhə ilə yanaşmaq, nəticələri tanımamaq, ikitərəfli görüşlərin ləğvi, üzvlüklə bağlı danışıqlardan imtina - budur Tbilisi-Brüssel münasibətlərinin mövcud reallığı.
Bəs hazırda müxalif qüvvələrin, daha doğrusu, uzun illər Qərbin maliyyəsi ilə bəslənmiş, onların maraqlarını müdafiə edən kütlənin etirazlarının qanuni əsası varmı? Qərb hansı mandatla Gürcüstanda baş verən proseslərdə bu dərəcədə canfəşanlıq göstərir və özündə müdaxilə etmək imtiyazını görür?
Günahkar Qərbdir
Öncə hazırda Gürcüstanda yaşanan mənzərəyə qısa nəzər yetirək. Etiraz aksiyalarını alovlandıran əsas səbəb Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarıdır. Müxalifət bunu ölkənin avrointeqrasiya kursundan imtinası kimi dəyərləndirərək qərarın ləğvini, yeni seçkilərin keçirilməsini tələb edir. İqtidar isə beynəlxalq aləmdəki mövcud konyunkturada Tbilisinin Aİ-yə üzvlüklə bağlı danışıqlar mərhələsində alınacaq qərarların onun milli maraqları və digər dövlətlərlə əlaqələrinə mənfi təsir göstərəcəyini iddia edir. Əslində Aİ ilə münasibətlərin korlanmasının başlıca səbəbkarı elə Qərbin özüdür. Uzun illər danışıqlar adı altında proseslə imitasiya etmək, "hər şeyi ver, amma əvəzində heç nə tələb etmə" prinsipinin rəhbər tutulması gürcü cəmiyyətində avrointeqrasiya meyllərinin zəifləməsinə səbəb olub.
Sərbəst seçimin “cəzası”
Digər tərəfdən, ölkənin milli kimliyini, ənənələrini heçə sayan, ailə institutunun dağılmasına səbəb olacaq gürcülər üçün qəbuledilməz qanunların qəbulu tələbi də bu məsələdə öz sözünü deyib. Parlament seçkiləri ərəfəsində iqtidarın təbliğat şüarlarından biri də məhz bu təhdidlərlə bağlı idi ki, gürcü xalqı mövcud hakimiyyətə yenidən səs verməklə Qərbin məlum tələblərinə də bir növ etirazını nümayiş etdirmiş oldu. İndi isə Qərb məhz bu seçimə görə gürcü xalqını və dövlətini cəzalandırmaq qərarına gəlib. Bir neçə ay əvvəldən başlayan təzyiq və şantaj dalğası daha ağır qərarlarla müşahidə edilir. Məsələn, özü korrupsiya, maliyyə fırıldaqlarının yuvası və lobbi qruplarının oyuncağı olan Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadığını bəyan edən qətnamə qəbul edir, iqtidarı "demokratik ənənələrdən uzaqlaşmaqda" ittihamlayır. Yaxud Aİ-nin Gürcüstandakı səfiri özünü aksiyaların ideoloqu kimi göstərir. Vaşinqton da Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edərək, Aİ-nin tezislərini təkrarlayır.
Bakı da hədəfdədir
Qərbin əsas planlarının Gürcüstan vasitəsi ilə Rusiyaya qarşı ikinci cəbhə açmaq, Cənubi Qafqazı da müharibə meydanına çevirmək olduğu heç kimə sirr deyil. Bölgənin müstəqil oyunçusu Azərbaycanla münasibətlərdə bu metodların heç bir nəticə vermədiyini görən Qərb mərkəzlərinin Gürcüstana yönəlməsi, əslində elə Bakını da hədəfə almaq məqsədindən irəli gəlir. Bölgənin əsas arteriya damarlarının keçdiyi bu ölkədə Qərbin sözəbaxan iqtidar qurmaq istəyi Bakının da müstəqil siyasi kursunu müəyyən çərçivəyə salmaq cəhdidir.
Əziyyəti xalq çəkir
Bu proseslərdə ən çox əziyyəti isə sadə gürcü vətəndaşları çəkirlər. Gürcüstanın əsas gəlirlərinin məhz xidmət sektoru olduğunu yaxşı anlayan bu mərkəzlər iğtişaşların sönməsinə imkan verməməklə rəsmi Tbilisiyə qarşı cəmiyyətin digər kəsimlərini də ayaqlandırmaq istəyirlər. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, ötən ayın sonlarından, yəni iğtişaşlar başlayandan bəri Gürcüstanda sürətli inflyasiya qeydə alınmaqdadır. Bu, özünü daha çox turistlərin yerləşdirilməsi, spirtli içkilər, tütün məmulatları və təhsil qiymətlərində büruzə verir.
Qərb üçün azad və şəffaf seçim anlayışı yoxdur
Son günlər Gürcüstanda baş verənlər bir neçə reallığı açıq şəkildə ortaya qoymuş oldu. Qərb üçün azad və şəffaf seçim anlayışı yoxdur. Yalnız onların maraqlarını diktə edən qüvvələrin hakimiyyətə gəlişi "demokratik seçim" sayılır. Qərb müstəqil, milli maraqlarının müdafiəsini üstün tutan dövlətləri özü üçün birbaşa təhdid sayır və hər vasitə ilə bu "təhdid"i ortadan qaldırmağı hədəfləyir. Bu proseslərdə əsas təkanverici qüvvə isə vətəndaş cəmiyyəti, insan haqları, demokratiya şüarları altında onların təlimatlarını yerinə yetirməyi qarşısına məqsəd qoyan QHT-lər sayılır. Milyonlar ayırmaqla onların vasitəsi ilə istər iqtidar, istərsə də müxalifət daxilində özünün dayaqlarını yaratmaq əsas hədəfdir. Məhz Qərbin maraqlarını təhdid edən hansısa addımlar atıldıqda bu qüvvələr bir təlimatla hərəkət keçir və ölkədə xaotik durum yaradılır. Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkəmiz daxilində bu təhdidlər demək olar ki, ortadan qaldırılıb. Gürcüstan xalqının da müdrik seçim edərək öz siyasi iradələrinin arxasında dayanması ölkənin həqiqətən də müstəqil dövlət olmaq şansını əhəmiyyətli dərəcədə artıracaq. Buna nə dərəcədə nail olunacağını isə zaman göstərəcək.
Azad Əliyev