• cümə axşamı, 18 aprel, 07:48
  • Baku Bakı 12°C

Qələbənin təntənəsi - QAYIDIŞ

23.07.22 03:30 2278
Qələbənin təntənəsi - QAYIDIŞ

“Biz məqsədimizə nail olduq. Prezident İlham Əliyev Cocuq Mərcanlıda olarkən qeyd etmişdi ki, zaman gələcək, işğal altındakı digər ərazilərimizi də azad edəcəyik, o torpaqları da böyük tikinti-quruculuq meydanına çevirəcək, Qarabağa həyatı qaytaracağıq”. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2016-cı ilin aprel, 2018-ci ilin may, 2020-ci ilin sentyabr-noyabr döyüşlərində Azərbaycan tarixinin şanlı səhifələrini yazdı. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əvvəlcə Cəbrayıl rayonunun Lələtəpə, Tərtər rayonunun Talış strateji yüksəklikləri ordumuzun nəzarətinə keçdi. Eyni zamanda Cəbrayılın Cocuq Mərcanlı, Goranboyun Gülüstan, Tərtərin Qazaxlar, Suqovuşan kəndləri istiqamətində mühüm əhəmiyyətli yollar düşməndən təmizləndi. 

Aprel döyüşlərindən, Günnüt zəfərindən başlanan yol

Bununla da Ordumuz düşmən işğalındakı 2 min hektara yaxın əraziyə nəzarəti bərpa etdi. Bu qələbə Azərbaycan xalqında, o cümlədən Silahlı Qüvvələrimizdə böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin həmin il imzaladığı sərəncamlarla Cocuq Mərcanlıda sürətli quruculuq tədbirlərinə start verildi. Bakı şəhərində məskunlaşmış 50 ailə 2017-ci ilin iyulunda, 100 ailə 2018-ci ilin mayında Cocuq Mərcanlıda inşa olunan fərdi evlərə köçürüldü. Bununla da Böyük Qayıdışın təməli qoyuldu. 2018-ci ilin may ayı ərzində isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Ordumuzun bu zəfəri Günnüt kənd sakinlərinin öz dədə-baba yurdlarına geri dönməsinə, daha bir yaşayış məntəqəmizə həyatın yenidən qayıtmasına səbəb oldu.

Bütün zəruri işlər görüldü

2020-ci ilin 44 günlük Vətən Müharibəsində Rəşadətli Ordumuz 300-dən artıq yaşayış məntəqəsini döyüşərək düşməndən azad etdi. “Dəmir Yumruq” adı altında başladılan uğurlu hərbi əməliyyat işğalçı Ermənistanın kapitulyasiya aktına imza atmasına, işğal altındakı digər ərazilərimizdən silahlı birləşmələrini çıxartmasına səbəb oldu. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərə ard-arda səfərləri, dövlət başçısının imzaladığı sərəncamların nəticəsi olaraq Qarabağda, mədəniyyət paytaxtımız Şuşada və ətraf rayonlarda genişmiqyaslı quruculuq tədbirlərinə start verildi. 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtması üçün bütün zəruri işlər görüldü.

201 nəfərdən ibarət 41 ailə Yeni Ağalıya qayıdır

Budur, artıq Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Gələn ilin sonunda isə Şuşa şəhəri ilk sakinlərini qarşılayacaq. Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev iyulun 19-da Zəngilandakı “ağıllı kənd”də Ağalı sakinlərini salamlayıb. İlk köçürülmə zamanı 58 nəfərdən ibarət 10 ailə Ağalıda evlə təmin olunub və bununla da köçürülmənin birinci mərhələsi uğurla başa çatıb. Sonrakı üç mərhələ də daxil olmaqla, ümumilikdə Yeni Ağalı kəndinə 201 nəfərdən ibarət 41 ailənin köçürülməsi planlaşdırılıb. Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibb məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək. Xatırladaq ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yaxın gələcəkdə Şuşada, Ağdamda, Cəbrayılda...

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilən Ceyhun Məmmədov Qarabağa qayıdışla bağlı sevincini “Kaspi” qəzetinə bölüşərək deyib ki, Azərbaycan xalqı öz qələbəsinin təntənəsini yaşayır. O, xalqımızın çox ağır, çətin sınaqlardan keçdiyini, Ordumuzun rəşadəti sayəsində 30 illik həsrətə son qoyulduğunu vurğulayıb: “Biz məqsədimizə nail olduq. Prezident İlham Əliyev Cocuq Mərcanlıda olarkən qeyd etmişdi ki, zaman gələcək, işğal altındakı digər ərazilərimizi də azad edəcəyik, o torpaqları da böyük tikinti-quruculuq meydanına çevirəcək, Qarabağa həyatı qaytaracağıq. Yeni Ağalı kənd sakinlərinin öz dədə-baba yurdlarına qayıdışı ilə dövlət başçımızın verdiyi vədlər növbəti dəfə həyatda təsdiqini tapdı. Şübhə yoxdur ki, Azərbaycan qısa müddətdə, yalnız öz gücünə arxalanaraq dilbər guşəmiz Qarabağı dünyanın ən müasir, ən abad yaşayış məntəqələrindən birinə çevirəcək. Yeni Ağalı kimi ilk uğurlu “ağıllı kənd” layihəsi işğaldan azad olunmuş digər ərazilərimizdə daha geniş miqyasda tətbiq olunacaq. Yaxın gələcəkdə Şuşada, Ağdamda, Cəbrayılda da məskunlaşma həyata keçiriləcək. Biz öz hədəf və məqsədlərimizə ən qısa müddətdə nail olacağıq”.

Uzaqgörən siyasətin real nəticəsi

123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Məmmədov Yeni Ağalının timsalında artıq Qarabağa qayıdışa start verildiyini, xalqımızın tarixi günlər yaşadığını dilə gətirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin başlıca məqsədi məhz keçmiş məcburi köçkünlərimizin ən tez bir zamanda öz diyarlarına, evlərinə geri dönmələri üçün tam şərait yaratmaqdır. Onun sözlərinə görə, vaxtilə Cocuq Mərcanlıya, indi isə Yeni Ağalı kəndinə qayıdışın timsalında bu siyasətin real nəticəsi dünyaya nümayiş etdirilir. Millət vəkili vurğulayıb ki, Yeni Ağalı kəndinin sakinləri kimi, Qubadlı, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Xocavənd, Şuşa, Ağdam, Xocalı sakinləri də tezliklə öz doğma evlərinə qayıdacaqlar.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər