• şənbə, 20 Aprel, 18:12
  • Baku Bakı 24°C

Qarşılıqlı maraqlardan doğan əməkdaşlıq 

24.09.22 02:30 931
Qarşılıqlı maraqlardan doğan əməkdaşlıq 

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da Səmərqənddə keçirilən sammitində iştirakı həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük hörmət qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin birgə görüşü zamanı yaradılıb. ŞƏT daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir.

Əməkdaşlıq sahələrini əks etdirən memorandum

Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistanın üzv olduğu təşkilatda Əfqanıstan, İran, Monqolustan, Belarus müşahidəçi statusuna malikdir. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə ŞƏT-də “dialoq üzrə tərəfdaş”dır. Bu təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, o cümlədən siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsindən, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Məlumat üçün qeyd edək ki, 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilib. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləyib. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.

Azərbaycanın ŞƏT-dən gözləntiləri

ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib. ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur.

“Dialoq üzrə tərəfdaş”lıqdan müşahidəçi statusuna

ŞƏT-lə əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan təşkilatda müşahidəçi statusu almaq niyyətindədir. Çünki sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın təmsil olunması regional proseslərdə iştirak etmək və verilən qərarlarda söz sahibi olma baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ŞƏT-ə üzv olan bütün ölkələrlə ikitərəfli səviyyədə yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır.

Qətiyyətli və uzaqgörən lider

Bu mənada Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da keçirilən sammitdə Azərbaycanın iştirakı həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük hörmət qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Sammitdən öncə Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb. O, ŞƏT-in Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirib. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə də görüşlər olub. Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.

Çıxılmaz və gülünc vəziyyətə düşən Ermənistan

ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə diqqət çəkən məqamlardan biri də təşkilatda “dialoq üzrə tərəfdaş” statusu daşıyan Ermənistanın sammitdə iştirak etməməsi olub. Dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Baş nazir Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün Səmərqənd sammitində iştirak etməkdən boyun qaçırdıb. Buna başlıca səbəb isə Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistanın sərhəddəki son təxribatı və aldığı sarsıdıcı cavab zərbələridir. Rəşadətli Azərbaycan Ordusunun iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinə layiqli cavab verməsi N.Paşinyanı olduqca çətin vəziyyətə salıb və o, ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan edib. Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində Azərbaycan qarşısında dəfələrlə hərbi-siyasi məğlubiyyətə uğrayan Ermənistan siyasi rəhbərliyi son addımı ilə ölkəsini daha bir beynəlxalq platformadan məhrum edib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər