• cümə axşamı, 28 mart, 22:42
  • Baku Bakı 13°C

Qarabağdakı separatçılar təxribata sövq olunurlar - TƏHLİL

27.03.23 15:47 1011
Qarabağdakı separatçılar təxribata sövq olunurlar - TƏHLİL

Artıq birinci dəfə deyil ki, sülh anlaşması üçün uyğun şərait yarananda, bu haqda ümidverici açıqlamalar səsləndiriləndə Azərbaycanla sərhəddə və Qarabağda vəziyyətin gərginləşdirilməsinə çalışıldığını görürük. Aydındır ki, özlərinin və qarşıdakının gücünü yaxşı bilən Ermənistanla Qarabağdakı separatçı ünsürlər özbaşına hərəkət etmirlər. Buna həvəsləndirilir və hətta sövq olunurlar. Həvəsləndirənlər qərbdəkilər, sövq edənlər isə regiondakı iki bəlli dövlətdir.

Beləliklə, biz görürük ki, münaqişə zamanı olduğu kimi, postmünaqişə dönəmində də Azərbaycan təkcə işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistanla deyil, ondan geosiyasi alət kimi faydalanan, faydalanmaq niyyətində olanlarla da mübarizə apararaq öz torpaqları üzərində suverenliyinin tam təmin olunmasına çalışır və bunu çox yaxşı bacarır.

Bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib.

Onun sözlərinə görə, martın 25-də keçirilən əməliyyat da bu yöndə atılan növbəti və görünən önəmli addımlardan biri idi. Təbii ki, görünməyən, açıqlanması lazım bilinməyənlər də var və bizim öz məqsədimizə doğru irəliləməyimizdə onların da az rolu yoxdur. Məqsəd isə budur ki, regionda beynəlxalq normalara əsaslanan dayanıqlı sülh olsun, haylardan bizə qarşı geosiyasi alət kimi faydalanmağın perspektivsizliyini hər kəs anlasın.

“Bu əməliyyat, mənə elə gəlir ki, ermənilərdən çox, onlardan geosiyasi alət kimi faydalananlara təsirli bir mesaj oldu. Qarabağdakı haylar üzərində subyektlikləri olanlara, separatçıların “yefreytor”u Araik Harutyunyanı növbəti dəfə aparıb, təlimatlandırıb geri qaytaranlara göstərildi ki, o torpaqlarının hər qarışında hökmü Azərbaycan verə bilər, başqa heç kim.

Mən əslində martın 25-dəki əməliyyatı vətəndaş cəmiyyəti təmsilçilərinin dekabrın 12-də başlatdıqları və hələ də davam edən aksiyanın məntiqinə, eləcə də ruhuna uyğun bir addım kimi dəyərləndirirəm. Azərbaycan bununla növbəti dəfə göstərdi ki, biz həm cəmiyyət, həm də dövlət olaraq Qarabağdakı hayların orada qalıb yaşamalarının hələ də əleyhinə deyilik. Buyurub vətəndaşlığımızı qəbul etsinlər, reinteqrasiya olunsunlar, təhlükəsiz və azad yaşasınlar”, - deyə S.Alıyev qeyd edib.

Deputat bildirib ki, ermənilər reinteqrasiyadan imtina edirlərsə, bunda da sərbəstdirlər: “Onlara yalvarmayacağıq. Eyni zamanda, kimin nə plan qurmasından asılı olmayaraq, ötən il dekabrın 12-də və bu il martın 25-dəki kimi lazım gələndə yumşaq, ehtiyac duyulanda ağıllı güc tətbiq etməklə torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi və subyektliyimizi göstərəcəyik.

Yəni, bütün dünya bir daha görür ki, biz reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılı olmayaraq, Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmirik. Amma onlar da anlamalıdırlar ki, Azərbaycanın qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur. Alternativlər ancaq bizim sərhədlərimizdən kənarda ola bilər”.

Sahib Alıyevin sözlərinə görə, Azərbaycan nə qədər mümkündürsə, bir o qədər tez sülh anlaşmasının imzalanmasında, beynəlxalq normalara dayanan normal əlaqələrin qurulmasında maraqlıdır. “Ermənistan tərəfi istəmirsə, yenə də özləri bilərlər, istəməsinlər. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq”, - deyə deputat vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər