• şənbə, 12 Sentyabr, 01:08
  • Baku Bakı 21°C

Qarabağ və Şərqi Zəngəzura 22-ci səfər

12.09.26 00:42 10
Qarabağ və Şərqi Zəngəzura 22-ci səfər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Yenidənqurma sahəsində unikal təcrübə

Hikmət Hacıyev diplomatik korpusa müraciətində bildirib ki, Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də müharibələrdən zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər. O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və əhalinin təhlükəsiz qayıdışına mane olmağa davam edir.

Prezidentin köməkçisi bildirib ki, indiyədək Qarabağa 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb və onların sayı artmaqda davam edəcək. Eyni zamanda 2020-ci ildən bəri 45-dən çox yaşayış məntəqəsi bərpa edilib və yenidən qurulub. Onun sözlərinə görə, hazırda Qarabağda 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. H.Hacıyev bunu Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübə adlandırıb.

Xankəndidə artıq 28 min nəfər yaşayır 

Qeyd edək ki, diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar. Onlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib. Diplomatik korpus Xankəndidə Zəfər parkını da ziyarət edib. 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini də ziyarət ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, bu gün Xankəndidə artıq 28 min nəfər yaşayır və işləyir. O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Xankəndiyə qayıdış prosesi fəal şəkildə davam edir. "Hazırda Xankəndidəki Qarabağ Universitetində 3 mindən çox tələbə təhsil alır. Bu, ümumi əhalinin 10%-dən çoxunu təşkil edir", - Yusubov bildirib. Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar tikilir, müasir tələblərə cavab verən yollar çəkilir: "Eyni zamanda, şəhərin görünüşünə və müasir şəhərsalma standartlarına uyğun olmayan tikililərin sökülməsi prosesi sürətlənib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir binaların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb".

Diplomatların təəssüratları

Qarabağa səfər edən diplomatik korpus nümayəndələri də media ilə təəssüratlarını bölüşüblər. 

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib ki, ölkəsi Qarabağın bərpasında iştirak etməyə, o cümlədən bu işə tikinti şirkətlərini cəlb etməyə hazırdır. Diplomat regionda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, Xankəndinin fəal inkişafını qeyd edib: "Azərbaycan burada bərpa işləri üzrə qızıl standartın yaradılması ilə qürur duymalıdır. Bu, beynəlxalq ictimaiyyət üçün bir nümunədir – müharibədən ciddi zərər çəkmiş ərazini belə qısa müddət ərzində necə bu cür gözəl bərpa etmək olar".

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, ölkəsindən olan bir qrup iş adamı Qarabağ bölgəsinə səfər edərək investisiya imkanları və potensial layihələrlə tanış olmağı planlaşdırır. Səfir həmçinin Qarabağda aparılan bərpa işlərini yüksək qiymətləndirib. "Bu, yəqin ki, mənim Qarabağa artıq onuncu səfərimdir. Hökumət burada həqiqətən çox fəal işləyir. Çoxlu obyektlər - iki və ya üç xəstəxana, universitet, mədəniyyət mərkəzi tikilib. Hazırda dəmir yolu vağzalı və avtovağzalla bağlı işlər aparılır", - səfir qeyd edib.

banner

Oxşar Xəbərlər