Qalibi olmayan müharibə

Cənub sərhədlərimizdə yaşanan gərginlikdən ciddi narahat olan rəsmi Bakı qalibi olmayan hərbi qarşıdurmanın sonlandırılmasını alqışlayır. Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.
Bütün dünyanın böyük narahatlıqla izlədiyi və 12 gün davam edən İran-İsrail qarşıdurması nəhayət ki, sonlandı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrail və İran arasında atəşkəs qüvvəyə mindi. Bunun nə dərəcədə dayanıqlı olacağını təbii ki, zaman göstərəcək. Lakin reallıq budur ki, tərəflərdən heç biri, nə İsraillə İran, nə də ABŞ qarşısına qoyduqları məqsədlərə tam nail ola bilmədilər. Əvəzində isə qarşılıqlı hərbi zərbələr nəticəsində hər iki ölkədə güclü dağıntılar, dinc insanlar arasında kütləvi itkilər və iqtisadi infrastruktura əhəmiyyətli ziyan dəydi.
İsrailin və İranın itkiləri
Belə ki, İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb. Bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib. "Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib. Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.
İrana gəldikdə, ölkənin əksər nüvə obyektləri ciddi zərər görüb, hava limanları bombalanıb, mülki şəxslər arasında isə yüzlərlə şəxs həlak olub. Bununla bərabər, İran nüvə alimlərini, hərbi rəhbərliyinin böyük bir qismini də itirib. Ölkənin əksər böyük şəhərləri İsrail bombalarından ciddi zərər çəkib. Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
İran geri çəkilmir
Bununla belə, tərəflərin hər ikisi atəşkəsdən sonra qələbə qazandığını iddia edir. “İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi”, - bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib. “Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.
Netanyahu: “İsrail tarixi qələbə qazanıb”
İsrailin Baş naziri Benyamin Netanyahu da xalqa videomüraciətində deyib İrana qarşı müharibədə “tarixi qələbə” qazana biliblər: "Biz nəsillər boyu qalacaq tarixi qələbəyə nail olduq. Biz iki ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının və 20 min ballistik raketin məhv edilməsini". Baş nazir iddia edib ki, İsrail İranın nüvə layihəsini dondurub. "Əgər kimsə belə layihəni canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - deyə o, fikirlərini yekunlaşdırıb.
ABŞ icazə verməyəcək
ABŞ-yə gəldikdə isə, Vaşinqton da İrana endirdiyi zərbələrin nəticəyönümlü olduğu və İranın nüvə proqramının məhv edildiyi qənaətindədir. Lakin Tehrana qarşı təhdidlər səngimir. “ABŞ Tehrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək”, - deyə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində deyib. "Düşünürəm ki, İranla masa arxasına oturub, hərtərəfli sülh razılaşmasına nail olmağın vaxtı çatıb. Mən tam əminəm ki, biz bunu edəcəyik", - o deyib.
İran nüvə proqramından əl çəkməyəcəyini bəyan edir
İranın xarici işlər naziri Abbas Əraqçi isə “Al-Araby al-Jadeed"ə müsahibəsində deyib ki, ölkəsi İsraillə müharibədən sonra da özünün nüvə proqramından əl çəkməyəcək. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub. "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək", - Əraqçi bildirib.
Bakı atəşkəsi alqışlayır
Cənub sərhədlərimizdə yaşanan gərginlikdən ciddi narahat olan rəsmi Bakı da qalibi olmayan hərbi qarşıdurmanın sonlandırılmasını alqışlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır. Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır: "Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
