• bazar, 08 Sentyabr, 04:45
  • Baku Bakı 18°C

Putin Azərbaycana dövlət səfəri edəcək 

17.08.24 05:06 2251
Putin Azərbaycana dövlət səfəri edəcək 

Dünyada qütbləşmələrin kəskinləşdiyi məqamda Azərbaycan bütün tərəflərlə səmərəli və sabit münasibətlərə malikdir. Rusiya Prezidenti Vladimir Putinin ikigünlük dövlət səfərini də məlum prizmadan qiymətləndirə bilərik. 

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq. Səfərin yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Hazırda dünyada qütbləşmələrin kəskinləşdiyi, qarşıdurmaların artdığı bir məqamda Azərbaycan bütün tərəflərlə səmərəli və milli maraqlara uyğun sabit münasibətlərə malikdir. Bu fakt özlüyündə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla davam etdirilən xarici siyasət kursunun müasir dövrün çağırışları ilə ayaqlaşdığının, hətta bir çox məqamlarda bu çağırışları qabaqladığının göstəricisidir. 

Əks qütblərin görüşə biləcəyi məkan

Bakı tək Moskva ilə deyil, eyni zamanda onun hazırda müharibə vəziyyətində olduğu Ukrayna, Qərb dövlətləri, ABŞ, hətta İran və Çinlə də əməkdaşlığındakı müsbət dinamikanı qoruyub saxlaya bilib. Bunun məntiqi nəticəsi olaraq, Bakı bu gün dünyanın əks qütblərinin bir araya gələrək müzakirələr apara biləcəyi azsaylı məkanlardan biri kimi qəbul edilir. Biz bunun nümunələrini yaxın keçmişimizdə də görmüşük. 

İki vacib istiqamət

Bu siyasətin əsasını dövlətin ali rəhbərliyinin dərin diplomatik zəkası, eyni zamanda xarici siyasət kursumuzun əsaslandığı iki vacib istiqamət - mehriban qonşuluq və balanslı yanaşma təşkil edir. Hazırda Azərbaycanın xarici siyasət kursunun qarşısında dayanan başlıca vəzifələrdən biri Cənubi Qafqazın yeni bir münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq, iqtisadi inkişaf və inteqrasiyanı təmin etmək, bölgə dövlətlərinin bəzi məsələlərdə toqquşan maraqlarının güc yolu ilə deyil, danışıqlar yolu ilə həllinə nail olmaqdır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan müxtəlif əməkdaşlıq platformaları təklif edir. Buraya "3+3", ayrı-ayrı dövlət başçılarının birgə müzakirələrini nəzərdə tutan üçlü formatlar və sair daxildir.

Dərinləşən qarşılıqlı əlaqələr

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana nəzərdə tutulan ikigünlük dövlət səfərini də məlum prizmadan qiymətləndirə bilərik. Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək səviyyəli qarşılıqlı səfərlər reallaşır. Dövlətlərin ali rəhbərlərinin ikili görüşləri keçirilir. Bu gün Rusiya ilə Azərbaycan arasında geniş hüquqi baza rolunu oynayan 260 sənəd imzalanıb. 2020-ci il 44 günlük müharibə və 2023-cü il bir günlük antiterror əməliyyatlarından sonra bu münasibətlər tamamilə yeni bir mərhələyə keçib. Bakı-Moskva əlaqələrinin inkişafı həm də Cənubi Qafqazda başlıca sabitləşdirici amil kimi də qiymətləndirilə bilər. 

Reallığa əsaslanan xarici siyasət  

Tarixi qələbəmizdən sonra xarici siyasət kursumuzun daha real siyasətə əsaslanması və qurulan əlaqələrdə bərabərhüquqluluq, qarşılıqlı hörmət prinsiplərinə riayətin tələb edilməsi xarici diplomatiyamızın qarşısında yeni bir mərhələnin başlanğıcıdır desək, yanılmarıq. Bu siyasətin uğurlu olmasının kökündə həm də yeni reallıqlar yaradan separatizm, işğal və erməni revanşizmi üzərindəki qələbəmiz dayanır.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər