• şənbə, 20 Iyul, 13:43
  • Baku Bakı 32°C

Priqojinin ikinci sirli ölümü

26.08.23 05:30 2941
Priqojinin ikinci sirli ölümü

 “Vaqner”in təsisçisi Yevgeni Priqojinin də həlak olduğu bildirilən təyyarənin qəzaya uğramasının səbəbləri rəsmi olaraq açıqlanmır, araşdırmalar davam edir. KİV-in məlumatına görə, əsas versiya borta yerləşdirilmiş bombadır. 

Bir müddət əvvəl Rusiyanın hərbi rəhbərliyi ilə qarşıdurma fonunda üsyana cəhd etməklə dünya mətbuatının diqqətini özünə cəlb etməyi bacaran “Vaqner”in təsisçisi Yevgeni Priqojinin adı yenidən beynəlxalq KİV-lərin manşetlərindədir. Bu dəfə müəmmalı ölümü ilə... Avqustun 23-ü axşam saatlarında Priqojinin olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. İş adamının sərnişinlər arasında olması faktını Federal Hava Nəqliyyatı Agentliyi açıqlayıb. Lakin Yevgeni Priqojinin qəza nəticəsində həlak olması hələlik rəsmən təsdiqlənməyib. 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hələlik Priqojinin ölümünü təsdiqləyən ekspertizaların nəticəsi yoxdur. “Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləsəniz, o, bütün lazımi müayinələrin, o cümlədən genetik müayinələrin aparılacağını söylədi. Rəsmi nəticələr hələ yoxdur. Onlar hazır olan kimi dərc ediləcək”, - Peskov bildirib. 

Qeyd edək ki, “Vaqner” liderinin 2019-cu ildə Konqoda qəzaya uğrayan təyyarədə öldüyü xəbəri yayılsa da, Priqojin üç gün sonra ortaya çıxmışdı.

Qəzanın istintaqı ona tapşırıldı

Təyyarə qəzasının araşdırılması Rusiya Federasiyası İstintaq Komitəsinin xüsusi mühüm işlərin araşdırılması üzrə baş idarənin müstəntiqi İvan Sibulaya həvalə olunub. Sibulanın təcrübəsinə yüksək profilli təyyarə qəzası hallarının araşdırılması daxildir. 2014-cü ildə Vnukovo hava limanında “Total” neft şirkətinin rəhbəri Kristof de Marjerinin ölümünə səbəb olan “Dassault Falcon 50EX” biznes reaktiv təyyarəsinin qəzaya uğraması, eləcə də 2019-cu ildə Şeremetyevoda 41 nəfərin ölümü ilə nəticələnən “SSJ 100” qəzasının araşdırılması da Sibulaya tapşırılmışdı.

Qəzanın detalları 

Təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı bir neçə rəsmi ehtimal mövcuddur. “Kommersant” yazır ki, avqustun 23-də axşam Yevgeni Priqojin döyüş yoldaşları ilə birlikdə Afrikaya növbəti səfərindən Sankt-Peterburqa qayıdırmış. Moskvadan iki təyyarə ilə havaya qalxıblar. "Flightradar24" xidmətinin məlumatlarına əsasən, Priqojinin də olduğu iddia edilən təyyarə Moskva vaxtı ilə saat 17:46-da uçuş məlumatlarını ötürməyə başlayıb. Saat 18:10-da reaktiv təyyarə 28.000 fut (təxminən 8,5 kilometr) yüksəkliyə qalxıb. Bu hündürlükdə uçuş saat 18:19-a qədər davam edib. Bir neçə dəqiqə ərzində "Embraer Legacy" enib və yenidən hündürlük qazanıb. Bir dəqiqə sonra isə, o, 30 saniyədə səkkiz min fut (2,4 kilometr) yüksəklik itirib. Sosial şəbəkələrdə yayılan videoda da görünür ki, yerə düşmək üzrə olan təyyarənin qanad və quyruğunun bir hissəsi yoxdur. İkinci təyyarə qəza yerinin üzərində dövrə vuraraq Moskvaya qayıdıb. İstintaq Komitəsi təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddələri ilə cinayət işi açıb.

Rəsmi olaraq təyyarənin qəzaya uğramasının səbəbləri açıqlanmır, araşdırmalar davam edir. KİV-in məlumatına görə, əsas versiya borta yerləşdirilmiş bombadır. Digər fərziyyələr arasında texniki nasazlıq və hava hücumundan müdafiə sisteminin işə düşməsi göstərilir.

Priqojin kimdir? 

Yevgeni Priqojin 1961-ci ildə Leninqradda anadan olub. Normal ailə ortamında böyüməsinə baxmayaraq, 18 yaşında oğurluğa görə iki il müddətinə həbs cəzası alıb. Azadlığa çıxdıqdan dərhal sonra yenidən “oğurluq”, “quldurluq”, “dələduzluq” maddələri ilə həbs edilir və bu dəfə cəzası daha ağır olur - 13 il. 1990-cı ildə Priqojin əfv olunduqdan sonra Leninqradda hot-doqlar satan ticarət zənciri təşkil edib. Biznesini böyüdən Priqojin böyük restoranlar şəbəkəsi qurur, 1996-cı ildə isə "Concord Catering" şirkətini açır. 1998-ci ilin yazında Sankt-Peterburqda fəaliyyətə başlayan "New Island" restoranı 2001-ci ildə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Jak Şirak üçün şam yeməyinə ev sahibliyi edib. 2010-cu ilin ortalarından etibarən Priqojinin şirkətləri Rusiyanın Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Priqojinin ən önəmli fəaliyyəti 2014-cü ildə əsası qoyulmuş özəl hərbi şirkət sayılan “Vaqner”in adı ilə bağlıdır. Bu qruplaşma hələ 2014-2015-ci illərdə Donbasda toqquşmalarda iştirak edib, 2015-ci ilin payızından isə Suriyada fəaliyyətə başlayıb. 

Üsyana aparan yol

2022-ci ildən başlayaraq Priqojinin rəhbəri olduğu “Vaqner” üzvləri Ukraynadakı qanlı hərbi toqquşmalara cəlb olunublar. Xüsusilə də Baxmut istiqamətində aylarla davam edən döyüşlərdə hərbi birləşmə minlərlə itki verib. Bu məsələdə günahı Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində gördüyünü bəyan edən Priqojin özəl hərbi birləşmələrin bu qurumun tərkibinə verilməsini nəzərdə tutan qərarın qəbulundan sonra üsyan bayrağını qaldırıb. Rostov vilayətini ələ keçirərək Moskvaya doğru irəliləyən Priqojin və dəstəsinin üsyanı Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə 24 saat ərzində dayandırılıb. Bundan sonra “Vaqner” rəhbərinin fəaliyyəti bir növ kölgədə qalıb.

“Priqojin çətin taleyi olan istedadlı iş adamı idi”

Rusiya Prezidenti Vladimir Putin də “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
“Priqojin çətin taleyi olan və istedadlı iş adamı idi”, - Putin deyib. Onun sözlərinə görə, Priqojini 1990-cı illərin əvvəllərindən tanıyırdı. “O, çətin taleyi olan bir insan idi və həyatda ciddi səhvlərə yol verdi. O, özü üçün lazım olan nəticələrə nail oldu. O, istedadlı insan, iş adamı idi”, - Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, avqustun 23-də naməlum şəraitdə Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişini kimi qeyd edilən “Vaqner”in təsisçisi tək Rusiyada deyil, xaricdə, o cümlədən Afrikada da işləyib və burada qiymətli metallar və daşlarla məşğul olub.

Azad Əliyev

banner

Oxşar Xəbərlər