Prezident və birinci xanım Şamaxıda
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar. Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə maraqlanıblar.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxıya səfə ediblər. Dövlət başçısı və birinci xanım bir sıra açılışlarda iştirak ediblər.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olublar. “Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkandır.
Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.
Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.
Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə “Nəsimi Bağları”ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün “Capybara Cafe” və suvenir mağazası var. Dördmərtəbəli digər korpusda Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.
“Magic Village” hobbit evləri
Kompleks ərazisindəki “Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub. Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -“Capybara Land” var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.
Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan abidə (instalyasiya) nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.
Pir Ömər Sultan ziyarətgahı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə də tanış olublar.
Tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.
Ziyarətgahın çay və qaya daşlarından tikilmiş qalıqları ötən müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. Aparılan işlər zamanı təbiətə və ətrafdakı qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir.
Səfər çərsivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Pirqulu Park” hotelinin açılışında da iştirak ediblər.