Prezident səfirlərin etimadnamələrini qəbul edib
Prezident İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Dövlət başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırlayıb, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edib.
Kestutis Vaşkeleviçus Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini deyib, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğulayıb.
Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin də etimadnaməsini qəbul edib.
Dövlət başçısı ölkələr arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün yaxşı imkanların olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.