• cümə, 27 Dekabr, 02:54
  • Baku Bakı 9°C

Paşinyan Köçəryanı necə zərərsizləşdirir?

22.07.23 00:00 2928
Paşinyan Köçəryanı necə zərərsizləşdirir?

Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezident Robert Köçəryan arasında ziddiyyət yeni mərhələyə qədəm qoyub. Brüssel danışıqları ərəfəsində Ermənistanın ikinci prezidenti və onun ailə üzvlərinin əmlaklarının müsadirəsilə bağlı məhkəmə qərarı verilib.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında ziddiyyətin kökü uzun müddətə dayanır. Bu ziddiyyət Ermənistan erməniləri ilə Qarabağ klanı arasında uzun illər davam edən qarşıdurmanın təzahürüdür. 2018-ci ildə Paşinyan Qarabağ klanının sonuncu üzvü Serj Sarqsyanı hakimiyyətdən uzaqlaşdıra bildi. Bununla da, Qarabağ klanının quldurlarına qarşı “səlib yürüşü”nə start verildi. Baş nazir ilk olaraq 2008-ci il hadisələrinə görə Robert Köçəryana qarşı cinayət işinin açılmasına müvəffəq oldu. Bundan sonra da, onu danışıqları dalana salmaqda ittiham etməyə başladı. Eyni zamanda, konstitusiyanın tələblərindən yan keçərək prezident seçkilərinə getdiyi üçün Köçəryanın ölkə prezidenti kimi legitimliyini şübhə altına aldı. Çünki de-fakto və de-yure Köçəryan Qarabağ ermənisidir və pasportunda Azərbaycan SSR vətəndaşlığı var. Paşinyanın Köçəryana qarşı başlatdığı “səlib yürüşü”ndə ikinciyə yaxın olan 200-dən çox insan zərər çəkib. Bəziləri işdən atılıb, bəziləri həbs edilib, bəziləri isə ölkədən qaçıb. Bu iki tərəf arasındakı ziddiyyət həm də məhkəmə və idarəetmə orqanları arasında mübarizəyə çevrilib.

Konstitusiya quruluşunu devirmə və rüşvət ittihamı

2018-ci ilin iyul ayında Robert Köçəryan ölkədə konstitusiya quruluşunu devirmək və 3 milyon dollar dəyərində rüşvət almaqda ittiham edilərək həbs edilib. 13 avqustda apellyasiya məhkəməsi Köçəryanı azadlığa buraxsa da, dekabr ayında o, yenidən saxlanılıb. Nəhayət, 2019-cu ildə Köçəryan azadlığa buraxılıb və bu səbəbdən Nikol Paşinyan ölkənin ədliyyə sistemini və Dağlıq Qarabağın tanınmamış rəhbərliyini özünə və hökumətinə qarşı sui-qəsddə ittiham edib. Azadlığa çıxan Köçəryan aktiv siyasətə qayıtmaq qərarına gəlib. Bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibətlərinə güvənən Robert yenidən hakimiyyətə gəlməyi hədəfləsə də, arzusuna nail ola bilmir. Hətta, 2019-cu ildə Ermənistanda keçirilən forumda iştirak üçün İrəvana rəsmi səfər edən Putinin Köçəryanla görüşü də ikincinin hakimiyyət arzusuna kömək etməyib.

Ermənistan seçicisi keçmiş prezidenti sevmir

Tərəflər arasında mübarizə 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində yenidən şiddətləndi. Özünü keçmiş qvardiyanın lideri sayan Köçəryan parlament seçkilərində qələbə qazanmağı və yenidən hakimiyyətə qayıtmağı hədəfləsə də, buna nail ola bilmədi. Çünki onun arxasında mənfi emosiyaların izi var və bu, müxtəlif səbəblərdən davam edirdi. Hakimiyyət isə ustalıqla bu məsələdən istifadə etdi. Bununla belə, Köçəryan siyasətdə aktiv qalmağa cəhd edir, müntəzəm olaraq Paşinyanı müharibədə məğlubiyyətə görə tənqid edir. Bəzi dairələr isə Roberti Nikola rəqib sayırlar. Bu, Paşinyanın və komandasının diqqətindən yayınmır.

Robert yenidən hakimiyyət sevdasına düşüb

Son aylar Ermənistanı bürüyən etirazlar fonunda Köçəryan yenidən aktivləşməyə cəhd edir. Artıq mətbuat səhifələrində ara-sıra açıqlamalar verən Robert yenidən hakimiyyət sevdasına düşdüyünü etiraf etməkdən belə çəkinmir. Eks-prezident danışıqların səhv getdiyi, Ermənistanın, guya, yeni müharibədə qalib gələ biləcəyi ilə bağlı sərsəm açıqlamalar verir. Bununla özünə yeni elektorat toplamağı hədəfləyən Köçəryanın hansı dairələrdən güc aldığı da məlumdur. Əsasən, Rusiyadan “qidalanan” Ermənistanın ikinci prezidentinin diaspor və kilsə ilə də münasibətlərinin yaxşı olduğu məlumdur. Hətta kilsənin Köçəryanı ölkədən qaçırtmaq, sonradan lider kimi Ermənistana qaytarmaq kimi bir planının olması da faktdır.

Yenidən həbs rıçağından istifadə qərarı verilib

Bütün bunların Paşinyanın nəzərindən qaçması mümkün deyil. Son dövrlər Köçəryanın aktivliyi, müxalif dairələrin baş naziri istefaya səsləməsi, onun postuna “göz dikməsi” fonunda Paşinyan yenidən həbs rıçağından istifadə etməyə qərar verib. Məhz bu səbəbdən, Brüssel görüşü ərəfəsində, yəni 14 iyul tarixində Köçəryan və ailəsinin yeddi üzvünə məxsus əmlak barədə məhkəmə tərəfindən qərar verilib. Araşdırmanın ilkin nəticələrinə görə, qanunsuz hesab edilən və müsadirə olunması barədə qərar qəbul edilən əmlakların siyahısı belədir: - əsasən, İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, - 2 nəqliyyat vasitəsi - 1,5 milyon dollardan artıq depozitlər və qiymətli kağızlar, - fiziki və hüquqi şəxslərə verilən təqribən 10 milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər, - 22 milyard dram (demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsaitlər, xərclənmiş digər naməlum vəsaitlər. Görünən odur ki, Paşinyan bu addımı ilə Roberti uzunmüddətli “istirahətə” göndərmək, maliyyə resurslarından məhrum etmək niyyəti güdür. Bununla da, baş nazir ən güclü rəqibini və Qarabağ klanının liderini neytrallaşdırmaq, hakimiyyətini qorumaq istəyir...

F.ABASOĞLU

banner

Oxşar Xəbərlər