• şənbə, 13 Sentyabr, 02:22
  • Baku Bakı 19°C

Orta Dəhlizə artan tələbat 

13.09.25 00:18 62
Orta Dəhlizə artan tələbat 

Geosiyasi münaqişələr alternativ ticarət marşrutlarının, o cümlədən Mərkəzi Asiya və Qafqazı birləşdirən Orta Dəhlizin inkişafını daha da zəruri edib. Bu marşrut üzrə tranzit həcmlərinin və investisiyaların artımı sürətli templə baş verir və ilk növbədə, Qazaxıstan, Azərbaycan və Gürcüstana fayda gətirir.

Azərbaycanın da iştirakçısı olduğu alternativ tranzit dəhlizlərin inkişafı və ötürücülük qabiliyyətinin genişləndirilməsi diqqət mərkəzindədir. Xüsusilə də Orta Dəhliz ilə bağlı müxtəlif proqnozlar irəli sürülür.

İqtisadi perspektivləri yaxşılaşdırır

Geosiyasi münaqişələr alternativ ticarət marşrutlarının, o cümlədən Mərkəzi Asiya və Qafqazı birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafını daha da zəruri edib. "Report" "Moody`s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bu marşrut üzrə tranzit həcmlərinin və investisiyaların artımı sürətli templə baş verir və ilk növbədə, Qazaxıstan (Baa1, proqnoz - sabit), Azərbaycan (Baa3, proqnoz - müsbət) və Gürcüstana (Ba2, proqnoz - mənfi) fayda gətirir.

Agentliyin qiymətləndirmələrinə görə, Orta Dəhlizin inkişafı region ölkələrinin suveren kredit keyfiyyətinin güclənməsinə töhfə verir. Nəqliyyat və logistika sektorunun sürətli inkişafı iqtisadi perspektivləri yaxşılaşdırır və xüsusilə karbohidrogen ixracından asılı olan iqtisadiyyatların şaxələndirilməsinə müsbət təsir göstərir. Eyni zamanda, xarici investorların marağının artması hökumətləri institutları beynəlxalq standartlara uyğunlaşdırmağa təşviq edir.

Bank sektoru da bu prosesdən faydalanır

"Moody`s" qeyd edir ki, dövlət tərəfindən infrastruktura yönəldilən vəsait büdcə xərclərini artırsa da, bunlar fiskal məkanın mövcudluğu və güzəştli maliyyəyə çıxış imkanı ilə kompensasiya olunur. Hesabata əsasən, region ölkələrinin bank sektoru da bu prosesdən faydalanır, lakin bu, əsasən dolayı yolla baş verir. "Qısamüddətli maliyyələşdirmədən yüksək asılılıq (xüsusilə Qazaxıstan və Azərbaycanda) və kapitalın yüksək dəyəri bankların infrastrukturun maliyyələşdirilməsində birbaşa iştirakını məhdudlaşdırır. Bununla belə, onlar subpodratçıların və əlaqəli sahələrin kreditləşdirilməsi yolu ilə fayda əldə edirlər", - analitiklər qeyd edirlər. Onların fikrincə, korporativ sektor və KOB-lar da iqtisadi fəallığın artmasından faydalanır. Tranzit axınlarının və infrastruktur investisiyalarının artması nəqliyyat, logistika və tikinti sahələrində şirkətlərə dəstək olmaqla yanaşı, həm də ixracatçıların yeni bazarlara çıxmasına şərait yaradır.

Çatışmazlıqlar da var

"Moody`s" Qazaxıstanın milli dəmiryol operatoru olan "Kazakhstan Temir Zholy" SC-nin roluna xüsusi diqqət yetirir. Şirkət strateji mövqeyi sayəsində tranzit artımının əsas benefisiarıdır və güzəştli şərtlərlə maliyyələşdirmə, tarif tənzimlənməsi kimi dövlət tədbirləri ilə dəstəklənən irimiqyaslı infrastruktur proqramı həyata keçirir.
Bununla yanaşı, agentlik Orta Dəhlizin tam potensialının üzə çıxarılmasını məhdudlaşdıran çatışmazlıqların olduğunu da vurğulayır. Bu çatışmazlıqlara dəmir yollarının ötürmə qabiliyyətinin qənaətbəxş olmaması, köhnəlmiş logistika, zəif liman infrastrukturu, həmçinin gömrük prosedurlarında və normativ standartlarda siyasətin koordinasiyasını çətinləşdirən fərqlər aiddir.

 

banner

Oxşar Xəbərlər