Okeanın o tayından gələn reaksiya

ABŞ-nin əvvəlki administrasiyasından fərqli olaraq, Tramp dönəmində Vaşinqton qələbə sayəsində Bakının regionda yaratdığı reallıqları qəbul edir. Bu, həm də Ağ Ev rəhbərinin güclü və qətiyyətli lider portretinə sahib dövlət başçılarına xüsusi rəğbətinin göstəricisi sayılır.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri, həmkarı Donald Trampla keçirdiyi ikitərəfli görüş və müzakirələr Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin açılması kimi dəyərləndirilir. Uzun illər ərzində ikitərəfli əlaqələrdə müşahidə olunan enişli-yoxuşlu gəlişmələr əslində iki dövlət arasında əməkdaşlıq sahələrinin konkretləşməsi və maraqların hansı istiqamətlər üzrə üst-üstə düşdüyünü müəyyənləşdirmək baxımından da zəngin təcrübə hesab edilir.
Avqustun 8-də Vaşinqtonda Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Prezident İlham Əliyev bildirib ki, imzalanan memorandum Azərbaycan qarşısında geniş imkanlar açır: "Bayden dövrünü ikitərəfli münasibətlər üçün itirilmiş sayıram. Trampla görüş faydalı oldu. Onun Azərbaycan haqqında bilgiləri çox yaxşıdır".
Dövlət başçısı qeyd edib ki, 907-ci düzəlişin ləğvi tarixi hadisədir.
Qeyd edək ki, səfərin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşüb. Dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Üst-üstə düşən ortaq məqamlar
2024-cü ildən etibarən ABŞ tarixində ikinci Donald Tramp dönəminin başlaması tək Vaşinqtonun dünya siyasətinə baxışlarının dəyişməsi ilə yadda qalmadı, həm də beynəlxalq səviyyədə ayrı-ayrı regionlar üzrə cərəyan edən geosiyasi proseslərin axarına da ciddi təsir etdi. Tramp hakimiyyətə gəldiyi ilk gündən dünyada müharibələrin sonlandırılması tezisini irəli sürərək, bu istiqamətdə konkret addımlar atmağa başladı. Məlum yanaşma Azərbaycanın da milli maraqları və siyasi xətti ilə uyğunluq təşkil edir. İki dövlətin liderinin siyasətlərində qarşılıqlı maraqlarının üst-üstə düşdüyü ortaq nöqtələri aşağıdakı kimi ümumiləşdirə bilərik:
- Sülh və sabitliyin təmini, münaqişələrin dinc yolla həlli,
- Qlobal inteqrasiya fonunda enerji təhlükəsizliyinə xüsusi diqqətin ayrılması,
- Beynəlxalq tranzit dəhlizlərin formalaşdırılması və inkişaf etdirilməsi,
- Güclü dövlət konsepsiyası,
- Təhlükəsizlik və terrorizmə qarşı mübarizə,
- Ənənəvi ailə modelinin, milli dövlət anlayışının gücləndirilməsi və s.
İkitərəfli münasibətlərdə ən önəmli faktor
Bu gün müstəqil Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə özünün ən parlaq dönəmini yaşayır. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərindən sonra suverenliyimizin tam olaraq bərpa edilməsi, 30 illik işğal faktına son qoyulması güclü milli dövlət konsepsiyasının təməlini təşkil edir. ABŞ-nin əvvəlki administrasiyasından fərqli olaraq, Tramp dönəmində Vaşinqton qələbə sayəsində Bakının regionda yaratdığı reallıqları qəbul edir. Bu, həm də Ağ Ev rəhbərinin güclü və qətiyyətli lider portretinə sahib dövlət başçılarına xüsusi rəğbətinin göstəricisi sayılır. Bu amil Bakı-Vaşinqton münasibətlərindəki yeni mərhələdə də ən önəmli faktorlardan biri sayılır.
Əməkdaşlıq üçün əsas istiqamətlər
İkitərəfli əməkdaşlıqda yeni mərhələ əslində dövlət başçılarının qarşılıqlı məktublaşması ilə başlayıb. Hər iki tərəf keçən müddətdə bu mərhələnin daha uğurlu və hədəfə istiqamətlənən olduğunu müəyyənləşdirmək üçün gərgin iş aparıb. Əslində Bakı-Vaşinqton münasibətlərində prioritet sahələr Prezident İlham Əliyevin Donald Trampın qələbəsi münasibəti ilə ona göndərdiyi təbrik məktubunda qeyd edilmişdi. “Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik”, - dövlət başçısı bildirib. Bu vurğu Bakının Vaşinqtonla əlaqələri dərinləşdirmək və daha bir üst səviyyəyə çıxarmaq üçün güclü və qətiyyətli siyasi iradəyə malik olduğunu göstərməklə yanaşı, həm də Azərbaycanın qarşılıqlı əlaqələrə dair strateji baxışını əks etdirirdi. Bu strateji baxışın əsasında qarşılıqlı inam və etimad, bərabər səviyyəli hörmətə əsaslanan yanaşma dayanır.
Bakının bu çağırışına okeanın o tayından gələn reaksiya da adekvat idi. Donald Tramp Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə təbrikində Vaşinqtonun Bakı ilə münasibətlərə dair baxışlarını ortaya qoydu. “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”, - Ağ Ev rəhbəri qeyd edirdi.
Suverenliyimizə tam dəstək
Əslində Bakı-Vaşinqton əlaqələrinin gücləndirilməsinin, yeni əməkdaşlıq meyllərinin artmasının əsasında Tramp administrasiyasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı sərgilədiyi mövqe xüsusi yer tutur. “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”. Ağ Ev rəhbərinə məxsus bu fikirlər Trampın qarşılıqlı əlaqələrdə Azərbaycan üçün ən mühüm məqam sayılan suverenliyimizə hörmət prinsipinə hansı münasibət sərgilədiyinin göstəricisidir. Əvvəlki adminstrasiyadan fərqli olaraq, yeni reallığı qəbul edən Vaşinqton Bakı ilə təmaslarını məhz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prinsiplər üzərində qurur. Dövlət başçısının Ağ Evə dəvət olunması, Vaşinqtonda aparılan müzakirələr ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişaf konturlarını da müəyyən etdi.
Azad Əliyev
