• cümə, 29 Mart, 01:02
  • Baku Bakı 7°C

Nikol Paşinyanın dünyaya müraciəti cavabsız qaldı

24.09.22 21:30 757
Nikol Paşinyanın dünyaya müraciəti cavabsız qaldı

Öz gözündə tiri görməyib, özgə gözündə qıl axtarmaq ermənilərin köhnə şakəridir. Sırağagün Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından 21 dəqiqəlik çıxışı zamanı biz qonşularımızın bu sevimli adətlərinə sadiq qalmasına növbəti dəfə şahid olduq.

Ermənistanın baş nazirinin bütün çıxışı əvvəldən axıra qədər yalanlar və Azərbaycanın ünvanına əsassız ittihamlarla dolu idi. Bu, məhz “öz gözündə tiri görməyib, özgə gözündə qıl axtarmaq” idi: Paşinyan bizim ölkəmizi onun başçılıq etdiyi ölkənin tarix boyu törətdiyi və bu gün də davam edən əməlləri törətməkdə ittiham etməyə başladı.

Ermənistan hökumətinin başçısı çıxışının əvvəlində Azərbaycanı onun ölkəsinin “suveren ərazisinə qarşı əsassız təcavüzdə” ittiham etməyə başladı. İşə baxın ha, “əsassız təcavüz”?! Azərbaycan mediası sentyabrın ilk günlərindən bütün dünyaya car çəkirdi ki, Ermənistan tərəfindən atəşə tutulur, hətta bu atəşlər nəticəsində tikililərə və texnikaya vurulmuş zədələrin və dəymiş zərərin izlərini göstərirdi. Azərbaycan rəhbərliyi xəbərdarlıq etmişdi ki, bu təxribatlar sülh istəməyən və revanş arzusu ilə yaşayan qonşumuz üçün ağır nəticələrə gətirib çıxara bilər. Lakin bütün bu xəbərdarlıqlar hədər oldu – ermənilər tərəfindən atəşlər dayanmır, hətta günbəgün daha da həyasızlaşırdı. Azərbaycan qoşunlarının təmkinini görəm erməni hərbçiləri müəyyən məqamda o dərəcədə “cəsarətləndilər” ki, bizim təminat yollarımızı minalamaq məqsədilə Azərbaycan mövqelərinin dərinliyinə kəşfiyyat-təxribat qrupları göndərdilər.

Bilirsiniz, səbrin də bir sonu olur. Buna görə Azərbaycan Silahlı Qüvvələrinin elit bölmələri erməni tərəf üçün “soyuq duş” təşkil etməli oldu. Nəticədə düşmənin hər gün bizim mövqelərə atəş açdığı onlarca mövqeləri susduruldu, yüzlərlə diversant məhv edildi.

İndi, növbəti ağrılı ibrət dərsindən sonra ayılmış Paşinyan utanıb-qızarmadan BMT tribunasından Azərbaycan Ordusunun cavab tədbirlərini onun ölkəsinin “suveren ərazisinə qarşı əsassız təcavüz” adlandırır. Biz hələ onu demirik ki, onun ölkəsinin qoşunları Azərbaycan anklavlarını bu gün də işğal edir, 28 ildən artıq müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadan Azərbaycanın suveren ərazilərini işğal altında saxlayıb və Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsindən öz qoşunlarını və texnikasını hələ də çıxarmayıblar. Bu, həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə növbəti etinasızlıqdır. Erməni hərbçiləri hələ də Azərbaycanın yuxarıda göstərilən suveren ərazilərində olduğu bir şəraitdə Ermənistanın baş naziri həyasızcasına bizi – işğal qurbanlarını onun ölkəsinə qarşı hansısa “təcavüz” törətməkdə ittiham edir. Bu, həmin baş nazirdir ki, “Arsax Hayastandır və nöqtə” deyirdi, onun təyin etdiyi müdafiə naziri isə “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüşdü. İndi bu vücud onun neçə gün davam etmiş təxribatlarının cavabında əks-zərbə alandan sonra onun ölkəsini “işğal etmək” məqsədilə təcavüzdən danışır?

Sərhədlərin delimitasiyası başa çatana qədər heç kəs Azərbaycanı Ermənistanın bircə qarış belə ərazisini işğal etməkdə təqsirləndirə bilməz. Hanı bizim keçdiyimiz sərhəd? Göstərin onu! Sərhədin haradan keçdiyini biz də bilmək istəyirik. Ermənistan özü bu sərhədləri tanımır və delimitasiyanı uzadır. Belə olan halda biz nəyə görə həmin sərhədləri tanımalıyıq?!

Eyni zamanda, Paşinyan öz provokasiyalarının insanlar üçün doğurduğu nəticələri ictimaiyyətdən həyasızcasına gizlədir, açıq-aşkar azaldılmış 207 rəqəmini göstərir. Əslində isə Ermənistanın real canlı qüvvə itkisi təqribən 400 nəfərə yaxındır. Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan öz itkilərini heç vaxt gizlətməyib və qəhrəman övladlarının adlarını həmişə elan edib. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki obyektləri və dinc sakinləri hədəf kimi seçməyib. Bəli, müharibədə ingilis dilində “collateral damages” deyilən hallar baş verir, lakin erməni düşmənlərdən fərqli olaraq Azərbaycan hərbçiləri mülki əhalini məqsədyönlü şəkildə atəşə tutmayıb. Bərdənin və Gəncənin heç bir hərbi zərurət olmadığı halda ballistik raketlərlə alçaqcasına atəşə tutulması, Tərtər sakinlərinin evlərinə yüz minlərlə mərmi və raket düşməsi, daha nələr yaddan çıxıbmı?! Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında yüksək dəqiqlikli elə vasitələr var ki, onlardan istifadə edilməsi istisna olunur və buna heç bir zərurət də yoxdur. Paşinyan isə BMT Baş Assambleyasının tribunasından çıxış edərkən bu məsələdə də yalan söyləmək şansını əldən vermədi.

Görünür, Ermənistanın hakimiyyət orqanları qonşu Azərbaycanın təcrübəsini təkrarlayaraq bu ölkədə akkreditə edilmiş səfirləri Qərbi İstisuya (Cermuk) aparmağı qərara alıblar. Lakin onlar qonaqlara nə göstərdilər? Mənşəyi və vaxtı bilinməyən hansısa dağıntılar, İkinci Qarabağ müharibəsindən sonra dağ kimi üst-üstə qalanmış mərmi və raket qalıqları. Sosial şəbəkələrin erməni seqmentində lap yaxın vaxtlarda hansısa dağıdılmış və qarət edilmiş mədəniyyət mərkəzində bəstəkarların və şairlərin büstlərinin naməlum şəxslər tərəfindən murdarlanması barədə hiddətli paylaşımlar edilirdi. Bəlkə öz əməllərini “Azərbaycan tərəfindən gülləbaranların nəticələri” kimi qələmə verərək səfirləri oraya da aparıblar? Təəccüblü deyil ki, ermənilərin bu feyki qonaqları mütəəssir etməyib və heç bir effekt verməyib. Oraya gətirilmiş səfirlər heç bir bəyanat verməyib, okeanın o tayından gəlmiş muzdlu lobbiçi palon, şiff, menendes və başqaları, sadəcə, ANCA və başqa erməni diaspor təşkilatları tərəfindən onlar üçün yazılmış standart yalan mətnləri oxudular, eynilə bu cür tvitləri və postları sosial şəbəkələrdə yerləşdirdilər. Hərçənd bütün bu 30 il ərzində biz belə cəfəng hərəkətlərə bir növ adət etmişik və onlara münasibət bildirməyi tərgitmişik.

Paşinyan isə BMT Baş Assambleyasının tribunasından yalanlarla dolu mətni oxuyur. Onu dinlədikcə belə təəssürat yaranır ki, o artıq başa düşməyə başlayıb – onun bütün provokasiyalarına həmişə cavab veriləcək. Bəlkə buna görə o öz əhalisini sığınacaqlarda yaşamağa hazırlayır ki, bizim ərazini sakitcə atəşə tutmaqda davam etsinlər? Siravi ermənilər özləri bu sualı baş nazirə verməlidirlər. O bunu nə üçün edir? Yeni avantüralara hazırlaşırmı?

Nikol Paşinyan öz çıxışında Azərbaycan Prezidentinə müraciət edərək ölkəmizin Ermənistanı hansı coğrafi hüdudlar daxilində tanımağa hazır olduğunu göstərməyə çağırıb. Başqa sözlə desək, bizim başa düşdüyümüz mənada Ermənistan sərhədlərinin xəritəsini istəyir. Bəs, Paşinyan özü onun ölkəsinin tanımağa hazırlaşdığı Azərbaycanın xəritəsini hər hansı punktirlər, ştrixlər, Azərbaycan xəritəsinin ortasında dəyişdirilmiş rəng çalarları, o cümlədən anklavlar, adacıqlar əlavə edilmədən göstərməyə hazırdırmı? Hazırdırmı? Axı əgər Paşinyanın qətiyyətini toplayaraq göstərəcəyi Azərbaycan xəritəsində hər hansı əlavə punktirlər, Azərbaycan ərazisinin etnik ermənilər yaşayan hissəsində əlavə ştrixlər olarsa, bu, onun ölkəsinin ərazi iddialarını və revanşist niyyətlərini davam etdirməsi demək olacaq. Bu təqdirdə bizim ölkəmiz də Ermənistan xəritəsinə əlavə elementlər daxil etmək hüququnu saxlayacaq, nəzərə alacaq ki, azərbaycanlılar qovulana qədər Ermənistanın bütün ərazisində yaşayıblar, 1828-ci ildə isə qraf İ.Paskeviçin təsdiq etdiyi kimi, həmin ildə Rusiya imperiyasına birləşdirilmiş bütün İrəvan xanlığının əhalisinin dörddəüç hissəsini azərbaycanlılar təşkil edirdi.

Paşinyan Bakını onun ərazisi 29,9 min kvadratkilometr olan ölkəsini tanımağa çağıranda o özü qonşu Azərbaycanı hansı ölçüdə tanıyır. Qoy, o, bütün dünyaya bəyan etsin: “Ərazisi 86,6 min kvadratkilometr olan Azərbaycanı qeyd-şərtsiz tanıyırıq”. İnsan nə qədər həyasız olmalıdır ki, desin: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan isə bizim ərazi bütövlüyümüzü tanımır”. Qulaq asın, varçapet, bəs gələcək sülh sazişinin əsasına daxil edilməli olan 5 prinsipin müəllifi kimdir? Bütün bu illər ərzində ərazi bütövlüyü konsepsiyasını ermənisayaq təhrif olunmuş “xalqların öz müqəddəratını təyin etməsi” səviyyəsinə bərabərləşdirməyə çalışan kimin ölkəsi idi? Siz dövlətlərin ərazi bütövlüyünü nə “tez” xatırlamısınız – axı bu prinsip hər bir qətnamədə sizi qıcıqlandırırdı! İndi birdən-birə sizə nə oldu? “Dəmir yumruq”dan sonra ayıldınız?! İndi Yerevan özündə cəsarət tapıb Bakını ittiham edir ki, guya Bakı özünün Yerevana təklif etdiyini qəbul etmir? Doğrudan da Paşinyanın sinizminin həddi yoxdur.

“Dağlıq Qarabağ ermənilərinin hüquqları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması” frazası nə deməkdir? Bu, Azərbaycana ərazi iddialarının və gələcəkdə bu vilayətin bizim dövlətdən ayrılmasına ümidin saxlanması deməkdir. Bundan sonra Paşinyan bizi Ermənistanın ərazi bütövlüyünü tanımamaqda ittiham edir? Bir də ki, “Dağlıq Qarabağda” yaşayan ermənilərin hüquqları barədə danışanda o özü ikicə kəlmə də Zəngəzurun, Dərələyəzin, Göyçənin, İrəvanın, Vedibasarın, Amasiyanın azərbaycanlı əhalisinin hüquqları barədə demək istəmirmi? Onların hüquqları nəyə görə Qarabağ ermənilərinin hüquqlarından dəyərsizdir?

Ümumiyyətlə, onun beynəlxalq təşkilatlara müraciət edərək Qarabağa missiyalar göndərmək çağırışını necə başa düşmək lazımdır? Ümumiyyətlə, bu, nə deməkdir? Azərbaycan ərazisinə kimin gəlməsini Bakı özü həll edir və bu, ikitərəfli əlaqələr məsələsidir. Ermənistanın Qarabağa nə aidiyyəti var ki, kimisə oraya öz missiyalarını göndərməyə çağırsın?! Məgər bu, ərazi iddiası deyilmi?! Bir də ki, vətəndaşları məscidlərdə donuz saxlayan ölkənin hökumətinin başçısının buna heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın itkin düşmüş dörd min vətəndaşı haqqında məlumat verməyən ölkənin baş nazirinin mühakimə olunmuş təxribatçıların azad olunmasını tələb etməyə mənəvi haqqı yoxdur. Öz siyasi rəqiblərini təqib edən və onları həbsxanalarda saxlayan baş nazirin “Azərbaycanın erməni demokratiyasına qarşı hücumu” barədə danışmağa əsla haqqı yoxdur. Bu, sadəcə gülməlidir.

Paşinyan kommunikasiyaların açılması barədə danışarkən növbəti yalan porsiyasını dilə gətirməkdən özünü saxlamayıb. Bəlkə də bu, sadəcə, bayağı nadanlıq nümayişi olub. Belə ki, o bizim ölkəmizi Naxçıvana “eksterritorial dəhliz” tələb etməkdə günahlandırır, halbuki üçtərəfli Bəyanatın 9-cu bəndində “eksterritorial” kəlməsi yoxdur. Paşinyan və onun bu məsələdə yerinə düşəcək terminologiya barədə heç bir anlayışı olmayan müşavirləri bilməlidirlər ki, bu mətndə “eksterritorial” kəlməsi mahiyyət etibarilə ola bilməzdi. Hətta Laçın dəhlizi də “eksterritorial” deyil, o, tərəflərin razılaşması əsasında Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Azərbaycan ərazisi kimi qalır. Hətta səfirliklər də “eksterritorial” deyil, onların olduqları ölkənin ərazisidir və sadəcə, bu halda səfirliklərin ərazilərində Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə müəyyən edilmiş hüquqi rejim qüvvədədir. Zəngəzur dəhlizi hissəsində söhbət maneəsiz gediş-gəliş barədədir. Gömrük, sərhəd, fitosanitar və digər yoxlamalar, postlar, şlaqbaumlar elə “maneələrdir” ki, üçtərəfli Bəyanatın hərfinə və ruhuna görə, onlar bu yolda olmamalıdır. Ermənistan öz ərazisində Azərbaycana məhz bu cür maneəsiz tranzit təqdim etməyə borcludur. Həmin tranzit “Zəngəzur dəhlizi” adı alıb, hərçənd məsələ “dəhliz” sözündə deyil. Ermənistanda səhvən “dəhliz məntiqi” adlandırdıqları, əslində, maneəsiz gediş-gəliş deməkdir. Onu “dəhliz” və ya “qeyri-dəhliz” adlandırmağın fərqi yoxdur. Vacib olan başqa məqamdır – bu yolla gediş-gəliş sərbəst olmalı, Ermənistan tərəfindən hər hansı müdaxilə edilməməli, maneə törədilməməlidir. Paşinyan kapitulyasiya barədə üçtərəfli Bəyanatı imzalayan anda öz ölkəsi üzərinə bu öhdəliyi götürüb! Azərbaycan isə ondan nə çox, nə az – məhz maneəsiz gediş-gəliş imkanını tələb edir. Yerevanın vay-şivən qoparmasından asılı olmayaraq Azərbaycan öz istədiyinə nail olacaq.

Beləliklə, Nikol Paşinyanın BMT Baş Assambleyasının tribunasından sırağagünkü çıxışı “feyld steyt”in (uğursuz dövlətin) rəhbərinin növbəti uğursuzluğudur. Azərbaycan qarşıya qoyulmuş bütün hədəflərə nail olacaq. Ermənistanın bu labüd prosesdən qaçmaq və ya tarixin gedişini ləngitmək cəhdlərinin heç biri uğurlu olmayacaq.

Nikol Paşinyan, boş danışmağa vaxt itirməyin və öz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin. Ermənistan rəhbərliyi bunu nə qədər tez başa düşsə, regionda sülh bir o qədər tez bərqərar olar.

Nikol Paşinyanın Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından dünya birliyinə axırıncı müraciəti, onun postmünaqişə konvulsiyalarını dəstəkləməyə və ona rəğbət göstərməyə çağırışları isə əvvəlki çağırışları kimi nəticəsiz olacaq. (AzərTac)

banner

Oxşar Xəbərlər