• şənbə, 15 Avqust, 05:51
  • Baku Bakı 26°C

Naxçıvanın inkişafında yeni mərhələ

15.08.26 04:25 18
Naxçıvanın inkişafında yeni mərhələ

Prezident İlham Əliyevin Naxçıvana son səfəri muxtar respublikanın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər proqramı özünün çoxistiqamətliliyi və əhatə dairəsi ilə diqqət çəkir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmini daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də muxtar respublikaya son səfəri də bölgə üçün mühüm siyasi, iqtisadi və sosial nəticələrlə yadda qaldı. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Naxçıvana reallaşan 17-ci səfəridir. Bu statistika Naxçıvanın Azərbaycanın dövlət siyasətinin mərkəzində dayandığının daha bir əyani sübutudur. 

258 milyon manatlıq sərəncam

Səfərdən dərhal sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam özünün əhatəliliyi, çoxistiqamətliliyi ilə seçilir. Sənəddə Naxçıvanın Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan regional mərkəzlərdən biri olduğu önə çəkilir.

Beləliklə, yeni reallıqlar fonunda Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılıb. Bu vəsait Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmirinə, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə, 640 yerlik beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə və digər layihələrə yönəldiləcək. 

Naxçıvanın təhlükəsizliyi prioritetdir

Dövlət başçısının son səfərini şərtləndirən ən mühüm amillərdən biri Naxçıvanın təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsinin diqqət mərkəzində olması idi. Qeyd edək ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşən muxtar respublikanın təhlükəsizliyi mövcud şərtlər daxilində mühüm əhəmiyyət kəsb edir.

Uzun illərdir ki, uğurla həyata keçirilən ordu quruculuğu prosesi muxtar respublikanı da əhatə edib. Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi ön plana çıxıb. Dövlət başçısının da vurğuladığı kimi, hərbi hissələrin müasir texnika ilə təchiz olunması, komando qüvvələrinin formalaşdırılması bu istiqamətdə atılan addımların praktiki nəticələridir.

Davamlı və dayanıqlı enerji təminatı

Naxçıvanın təhlükəsizliyinin təmini məsələsi tək müdafiə qabiliyyətinin gücləndirilməsi ilə ölçülmür. Buraya enerji təminatı, əhalinin məşğulluq səviyyəsinin artırılması, sosial təminat səviyyəsinin yüksəldilməsi, həmçinin iqtisadi-sənaye komplekslərinin yaradılması və sair amillər də daxildir. Hansı ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın muxtar respublikaya son səfər proqramında bütün amillərə xüsusi diqqət yetirildiyinin bir daha şahidi olduq. 

İnkişaf strategiyasının ən mühüm dayaqlarından biri etibarlı və dayanıqlı enerji təminatıdır. 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması bu planın tərkib hissəsidir. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavat təşkil edir. Yeni stansiya mövcud imkanların əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacaq, eyni zamanda Naxçıvan həm də elektrik ixrac etmək potensialına yiyələnəcək. Hansı ki, ixrac gəlirləri bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşasının planlaşdırılması da hədəflərin miqyasının göstəricisidir. 

İqtisadi inkişaf, keyfiyyətli sosial xidmət

Səfərin əsas istiqamətlərindən biri də sənayeləşmənin gücləndirilməsi, sosial xidmət keyfiyyətinin, mənzil təminatının yaxşılaşdırılması idi. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi strukturunda yeni istehsal sahələrinin yaranması baxımından mühüm addımdır. DOST Mərkəzinin istifadəyə verilməsi, sosial evlərin təməlinin atılması isə iqtisadi inkişafla yanaşı sosial sahələrin də diqqət mərkəzində olduğunu göstərir. 

Naxçıvan həm də Azərbaycan tarixinə, mədəniyyətinə bəxş etdiyi maddi-mədəni irs nümunələri ilə məşhurdur. Bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi də Azərbaycanın ali rəhbərliyinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfər çərçivəsində Möminə Xatun məqbərəsinin bərpası prosesi ilə tanış olublar. “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışına qatılıblar. 

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfərinin nəticələri muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bir çox prioritet istiqamətləri əhatələyən səfərin yekunları yaxın müddətdə Naxçıvanın inkişafında mühüm nəticələrin əldə olunmasında müstəsna rol oynayacaq. Naxçıvan təhlükəsiz, iqtisadi cəhətdən dayanıqlı və güclü, sosial baxımdan rahat və regional baxımdan daha sıx əlaqələndirilmiş məkana çevriləcək. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər