bazar ertəsi, 04 iyul, 10:46

Baku Bakı 23°C

Münasibətlərin normallaşması istiqamətində atılan növbəti addım - ŞƏRH

icon 239 icon 23 may 2022 | 19:30 Münasibətlərin normallaşması istiqamətində atılan növbəti addım - ŞƏRH

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca üçüncü üçtərəfli görüş keçirilib. Bu görüş beş saata qədər davam edib, kifayət qədər əhatəli müzakirələrlə yadda qalıb və bir çox prinsipial məsələlər üzrə razılıqlar əldə olunub.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

O bildirib ki, danışıqlar prosesinin əhəmiyyətli məqamlarından birincisi danışıqların gedişatında və əldə edilmiş razılaşmalar prosesində heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsidir. Bu ifadənin qeyd olunmamasının çox böyük siyasi mənası və çəkisi var. Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsi işlədir və onun müstəqilliyindən bəhs edirdisə, indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquq məsələləri müzakirə olunur. Azərbaycan dövləti dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də bütün digər etnoslar kimi eyni bərabər hüquqlara malikdirlər. Bu, bizim prinsipial mövqeyimizdir.

“Danışıqlar prosesində humanitar məsələlər də diqqət mərkəzində saxlanılıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər çox ciddi müzakirə olunub. Azərbaycan dövlətinin bu məsələlər ilə bağlı mövqeyi bəllidir və Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan tərəfi minalarla bağlı xəritələr təqdim edib, ancaq onların dəqiqlik göstəricisi 25 faizə yaxındır. Bu məsələlərə də aydınlıq gətirilməlidir. Eyni zamanda, 4000-ə qədər soydaşımızın Birinci Qarabağ müharibəsində taleyi ilə bağlı Ermənistan tərəfi Azərbaycana açıqlama vermir, bu məsələyə aydınlıq gətirmir. Bu məsələlər də çox ciddi müzakirə predmetidir.

Təbii ki, danışıqlar prosesində ən çox müzakirə olunan məsələlərdən biri iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin işlək vəziyyətə keçməsi ilə bağlıdır. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə də əldə edilmiş razılığa görə yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcək, sərhədlərin delimitasiyası və sabitliyin təmin olunması ilə bağlı mexanizmlərin müzakirəsi istiqamətində müəyyən qərarlar qəbul edəcəklər”, - deyə deputat vurğulayıb.

E.Nəsirov diqqətə çatdırıb ki, ən mühüm məsələlərdən biri də Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələlərdir. Sayca üçüncü Brüssel görüşündə əldə edilmiş razılaşmalara görə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək və konkret əməli addımların atılması ilə bağlı razılaşma əldə olunub.

Bu danışıqlar prosesində həm də iki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması üçün daha ciddi addımlar atılacaq və böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək.

“Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərdə Avropa İttifaqının artan rolu diqqətdən yayınmır. Avropa İttifaqı öz üzərinə götürüb ki, sülh müqaviləsinin imzalanması və xüsusilə iki dövlət arasındakı etimad mühitinin formalaşması üçün rəsmi Brüssel əlindən gələn bütün imkanları səfərbər edərək bu istiqamətdə yardımını göstərəcək.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Brüssel görüşü Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan növbəti addımdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər”, - deyən Elman Nəsirov fikirlərini yekunlaşdırıb.