• şənbə, 18 May, 13:41
  • Baku Bakı 19°C

Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni format

16.09.23 07:22 3240
Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni format

Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın özünəməxsus yeri var. Prezident İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı bu münasibətlərə yeni təkan verəcək.

 

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Prezident İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Azərbaycanın bu toplantıda iştirakını yüksək qiymətləndirən dövlət başçıları ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini bildiriblər. 

Çoxəsrlik qardaşlıq münasibətləri

Məşvərət görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.

Ticarət dövriyyəsi üç dəfədən çox artıb

Dövlət başçısının sözlərinə görə, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb: “Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”.

Prezident bildirib ki, nəqliyyat və logistika sahəsi də münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir: “Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”.

Ölkəmizin dünyada nüfuzu artır 

Qeyd edək ki, bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın özünəməxsus yeri var. Milli Məclisin deputatı Rəşad Mahmudov da AZƏRTAC-a bildirib ki, əslində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin qısa zaman kəsiyində inkişafında ciddi tarixi siyasi əsaslar var. Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, keçmiş sovetlər dönəmində iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin möhkəm bünövrəsini təşkil edir ki, bu da bugünkü əməkdaşlığa böyük töhfə verir.

Deputat bildirib ki, müasir dünya siyasi düzəni iqtisadi maraqlar üzərində tənzimlənir və Avrasiya qitəsində bütün logistik layihələrdə Azərbaycan və Mərkəzi Asiya mühüm strateji əhəmiyyət kəsb edir. Bu isə Avrasiya məkanında bütün iqtisadi layihələrdə Azərbaycanın əvəzolunmaz ölkə olduğunu təsdiq edir. Prezident İlham Əliyevin yürütdüyü xarici iqtisadi siyasət kursu Azərbaycanın tək regionda deyil, bütövlükdə dünyanın iqtisadi-siyasi çapında ölkəmizin nüfuzunun artırmış olur.

banner

Oxşar Xəbərlər