Əməkdaşlığı hədəfə alan təxribat
Almaniyanın “Der Spiegel” nəşrinin BND-nin keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırması haqlı etiraza səbəb olub. Ölkəmiz xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.
Son zamanlarda Azərbaycana qarşı bəzi platformalarda spekulyativ və təxribat xarakterli hücuma cəhdlərin şahidi oluruq. Ölkəmizin milli maraqlara əsaslanan müstəqil xarici siyasi kursu nəticəsində əldə olunan nəticələr bu təxribatlara qarşı dayanıqlı və aşılması çətin olan müdafiə sistemi formalaşdırıb. Lakin hər dəfəsində sözügedən təxribatların uğursuzluğa düçar olmasına baxmayaraq, yenidən analoji cəhdlərin müşahidə olunması milli maraqlarımızın və müstəqil kursumuzun davamlılığının zəruriliyi reallığını ortaya qoyur.
“Der Spiegel”in əsassız iddiası
Təxribatların əsas ünvanlarından biri də media sahəsində “sensasiya” kimi təqdim olunan materialların dərci və diqqəti cəlb edən qalmaqallı proseslərə Azərbaycan adının daxil edilməsi cəhdləridir. Bugünlərdə Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.
Bakı müxtəlif kanallarla etirazını bildirib
Məsələ ilə bağlı artıq ölkəmizin müvafiq qurumları mövqelərini ortaya qoyaraq qarşı tərəfə lazımi reaksiyanı çatdırıblar. Azərbaycanın adının bu məsələdə hallandırılmasına rəsmi səviyyədə etiraz edilib. Ölkəmiz xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını çatdırıb.
Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb.
“Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”, - deyə açıqlamada bildirilir.
Vurğulanır ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
“Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır”, - açıqlamada qeyd olunub.
“İstintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur”
Proseslə bağlı maraqlı və diqqət çəkən məqamlar da üzə çıxıb. Medianın məlumatlı mənbələrdən əldə etdiyi informasiyalara görə, August Hanninglə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur. İş digər ölkələrlə bağlıdır və Hanningin əldə etdiyi iddia olunan məxfi materiallar üçüncü tərəflərlə paylaşılmayıb. Əksinə, onun bu materiallardan özünün istifadə edərək analitik hesabatlar hazırladığı bildirilir. Bu, ilk olaraq “Der Spiegel” tərəfindən yayılan və daha sonra digər beynəlxalq media orqanları tərəfindən dərc olunan, Azərbaycanın bu işlə əlaqələndirildiyi xəbərlərlə birbaşa ziddiyyət təşkil edir. Oktyabrın 6-da Almaniya prokurorları Hanninglə bağlı casusluq və dövlət sirlərinin əldə edilməsi şübhəsi ilə araşdırma aparıldığını təsdiqləyiblər. Lakin onlar işdə hansı xarici kəşfiyyat xidmətinin və ya hansı ölkənin iştirak etdiyini açıqlamayıblar. Mənbələrin sözlərinə görə, araşdırmanı Federal Prokurorluq apardığı üçün digər Almaniya qurumları istintaq prosesinə müdaxilə edə bilməz. Mənbələr bildirirlər ki, diqqət əslində araşdırmanın mərkəzində hansı ölkənin və kəşfiyyat xidmətinin dayandığının müəyyənləşdirilməsinə yönəlməlidir.
Hədəf qarşılıqlı münasibətlərdir
Bu məlumatların tirajlanması vaxtı da diqqət çəkir. “Der Spiegel”in əsassız ittihamları Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransının keçirildiyi vaxta “təsadüf” edib. Təbii ki, bu anın bilərəkdən seçilməsi də son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyan və dərinləşən Azərbaycan-Almaniya münasibətlərinin birbaşa hədəf alındığını göstərir.
İş dünyası və iqtisadi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik bu toplantıda səsləndirilən fikirlər hər iki tərəfin qarşılıqlı strateji maraqlara xidmət edən bərabərhüquqlu əməkdaşlıqda maraqlı olduqlarını bir daha ortaya qoydu. Media üzərindən Azərbaycan-Almaniya münasibətlərinin hədəf alınması ölkəmizə qarşı sistemli təxribat kampaniyasının tərkib hissəsi olsa da, bu cəhdlərin də əvvəlkilər kimi uğursuzluğa məruz qalacağı aşkardır.
Azad Əliyev