Media və Yayım Şurası yaradılıb
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir. Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.
Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.
Fərmanla təsdiqlənən qanuna əsasən, Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir. Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edir. Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.