• cümə, 19 Aprel, 12:45
  • Baku Bakı 25°C

Ölkənin elektrik enerjisi ilə təminatında mühüm addım

01.07.13 18:03 11093
Ölkənin elektrik enerjisi ilə təminatında mühüm addım
Prezident İlham Əliyev dünən Şirvana səfər edib. Dövlət başçısı Heydər Əliyevin Şirvan şəhərinin mərkəzindəki parkda abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident daha sonra “Cənub” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə “Cənub” Elektrik Stansiyasının təməli qoyulub. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilib. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcək. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilib. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılıb, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilib. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınıb.
Ölkənin cənub bölgəsində 50 il əvvəl istismara verilmiş “Şirvan” Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası inşa edilib. Stansiyanın gücü 780 meqavatdır.
Prezident İlham Əliyev “Sahil” nasos stansiyasında olub. Bildirilib ki, nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 80 min kubmetr olan üç qaz kompressoru quraşdırılıb, Kür çayı üzərində diametri iki min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda su soyuducu sistem yaradılıb. Burada 2 köməkçi işəsalma və qızdırıcı qazan quraşdırılıb. Stansiyada hər birinin məhsuldarlığı saatda 100 ton olan iki qurğudan ibarət sutəmizləmə sistemi də fəaliyyət göstərir. “Sahil” nasos stansiyasında quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir.
Qeyd edilib ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır. Ümumilikdə stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilib. Digər analoji stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı var. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kubmetr qaza və ya 650 min ton mazuta qənaət etmək mümkündür. Stansiya ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Mütəxəssislərin hesablamalarına görə, stansiya öz dəyərini maksimum 4 ilə tam ödəyəcək.
Dövlət başçısı “Cənub” Elektrik Stansiyasını işə salıb. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində də iştirak edib. Dövlət başçısı Şirvan-Muğan qrup su kəmərinin texniki göstəricilərini və Şirvan şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış olub. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verib ki, Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatıb. Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır.
Bildirilib ki, Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaq. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilib və daxili şəbəkənin qurulmasına başlanıb. Qısa müddətdə iki kilometrdən artıq magistral xəttin inşası, həmçinin 60 kilometr uzunluğunda şəbəkənin 35 kilometrlik hissəsinin tikintisi tamamlanıb. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaq. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar.
Qeyd olunub ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır. Layihənin Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq reallaşdırılması nəzərdə tutulub. Oğuz-Qəbələ-Bakı kəməri ilə Abşeron yarımadasına saniyədə 5 kubmetr əlavə içməli suyun verilməsi, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr təşkil edəcək Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında kifayət qədər içməli su ehtiyatı yaranacaq. Bu isə Kür su kəmərləri sisteminin imkanlarından istifadə etməklə Kürətrafı şəhər və kəndlərin əhalisinin təmiz və keyfiyyətli su ilə təchiz olunmasına imkan verəcək.
Stendlərlə tanışlıqdan sonra dövlət başçısı ötən il iyulun 16-da təməli qoyulan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə salıb. Sonra Prezident İlham Əliyev kəmərin və şəhərin su şəbəkəsinin inşaatçıları ilə görüşüb, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti iyulun 1-də Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına məlumat verib ki, ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı Prezidentə Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verilib. Prezident Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər