• çərşənbə axşamı, 05 noyabr, 10:06
  • Baku Bakı 11°C

Kollektiv Qərbin gülünc həmlələri - TƏHLİL

05.10.24 05:29 1930
Kollektiv Qərbin gülünc həmlələri - TƏHLİL

AŞPA kimi qurumların ifa etdikləri təsirsiz “geosiyasi dəyənək” rolu bu gün artıq heç kim üçün sirr deyil. Tək Azərbaycana deyil, Avropa İttifaqına üzvlüyə namizəd olan qonşu Gürcüstana qarşı son aylar ərzində güclənən hücumlar da bunun növbəti sübutudur. 

Başa çatan həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenidən sevimli məşğuliyyətinə müraciət etdi: avroparlamentarilər özlərinin müzakirələrdən kənarlaşdırdıqları azərbaycanlı həmkarları olmadan Azərbaycanda “insan hüquqları” ətrafında debatlara baş vurdular.

Geosiyasi dəyənək

Kollektiv Qərbin hər hansı siyasi institutu, məsələn, AŞ PA və ya Avroparlamentdə bu kimi müzakirələrə diqqət yetirdikdə belə təəssürat yaranır ki, sanki Azərbaycanı tənqid edən Avropa siyasətçilərinin əllərinin altında hazır, ancaq köhnəlmiş konspektlər var. Avropalı parlamentarilərin çıxışları zamanı buraxdıqları yanlışlıqlar, qeyri-dəqiqliklər, qərəz dolu ifadələr belə düşünməyə tam əsas verir. Aktuallığını itirmiş tezislər əsasında qurulan nitqlər çıxışçıların əksəriyyətinin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin nəinki tarixindən, hətta hazırkı reallıqdan belə yetərincə məlumatlı olmadıqlarının göstəricisidir. 

Budəfəki müzakirələr də ənənələrdən geri qalmayaraq “Dağlıq Qarabağda həyata keçirilən etnik təmizləmələr”ə həsr olundu. Bu müzakirələr də avropalı deputatların - təbii ki, hamısı deyil - siyasi cəhətdən necə hazırlıqsız, birtərəfli və naşı olduqlarının, hansı səviyyədə təlimatlandırıldıqlarının və istisna deyil ki, obyektivlikdən kənarda olan çıxışlarını müəyyən şirnikləndirici faktorların təsiri və məcburiyyətindən etdiklərinin göstəricisidir. Aydındır ki, onları öz ölkələrinin qanunverici orqanlarına seçən seçicilərin də Cənubi Qafqaz bölgəsində baş verənlərdən səhih məlumatları yoxdur. Başqa sözlə, bu şəxslər parlamentlərə seçicilərinin Azərbaycana qərəzli münasibəti, yaxud Ermənistana sevgisindən dolayı seçilmirlər və bu amil onlara beynəlxalq təşkilatlarda məsuliyyətsiz çıxışlar etməyə bir növ geniş imkan yaradır. AŞPA kimi qurumların ifa etdikləri təsirsiz “geosiyasi dəyənək” rolu bu gün artıq heç kim üçün sirr deyil. Tək Azərbaycana deyil, Avropa İttifaqına üzvlüyə namizəd olan qonşu Gürcüstana qarşı son aylar ərzində güclənən hücumlar da bunun növbəti sübutudur. 

İnternet əsrində “etnik təmizləmə”

AŞPA-da Azərbaycanın ünvanına söylənən hədyanların əsas hədəfi elə söyləməklə kifayətlənməkdən ibarətdir. Robotlaşmış avroparlamentarilər konveyer üsulu ilə onlara verilmiş təlimatlar əsasında çıxışlar edir, ancaq dediklərinin mahiyyəti və gerçəklik barədə tam məlumatsızdırlar. Məsələn, XXI yüzillikdə, internet əsrində “etnik təmizləmə” haqqında iddialar hansı məsuliyyətlə irəli sürülür? Axı media var, Azərbaycanda və Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların ofisləri var ki, qeydiyyatlar aparırlar. Ermənilərin Qarabağdan könüllü qaçıb-getdikləri zaman hansı belə instansiya “etnik təmizləmə” halını qeydə alıb? İndi XX əsrin əvvəli deyil ki, “1,5 milyon erməninin Osmanlı imperiyasında soyqırımına məruz qalması” barədə yalanlar bəstələyəsiniz! 30 il əvvəl azərbaycanlıları qətl edən, tarixi yurdundan zorakı yollarla qovan, səkkiz şəhəri və yüzlərlə kəndi talan edib yer üzündən silən, məzarlarımızı, tarixi abidələrimizi və ibadət yerlərimizi dağıdıb təhqir edən şəxslərin əməllərinə görə qorxub Ermənistana qaçmaq nə vaxtdan etnik təmizləmə olub? Azərbaycan pasportunu alıb vətəndaş olmaları üçün onlara yaradılmış imkandan istifadə etməkdən boyun qaçıranların Qarabağı könüllü tərk etmələri etnik təmizləmədirmi? AŞPA tribunasından bu məsuliyyətsiz çıxışları edən şəxslər Azərbaycan polisinin “etnik təmizləmə”yə məruz qalan erməniləri qoruduqlarına, qalmaları üçün dilə tutmalarına, tibb işçilərinin yol boyu onları müşayiət etmələrinə dair videogörüntüləri izləyiblərmi? 

Litvanın xarici işlər naziri nədən “küsüb”?

Budəfəki çıxışçıların arasında Litvanın XİN rəhbəri xüsusilə diqqəti cəlb etdi. Qabrielyus Landsbergis rəsmi Bakının sentyabrın 1-də keçirilən parlament seçkilərini müşahidə etmək üçün AŞPA-dan heç kimi dəvət etmədiyindən incik düşüb. Cənab Landsbergis hətta Azərbaycandan “tələb” də edir: Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərə riayət etmək.

Litva kimi ölkələr qlobal siyasətdə heç bir əlahiddə missiya daşıyıcısı deyillər. İşləri-gücləri Parisin və Brüsselin tezisləri və təlimatlarından irəli gələn çıxışlar etmək, uzağı görməyən və ikitərəfli münasibətləri zərbə altına qoyan bəyanatlar verməkdən ibarətdir. Landsbergis bilir ki, debatlarda Azərbaycan təmsilçiləri iştirak etmirlər və ona narahat suallar verən olmayacaq. Məsələn, öhdəlikdən danışılırsa, AŞPA-nın özünün azərbaycanlı parlamentarilərin hüquqlarını pozmasını necə izah edə bilər? Azərbaycana qarşı məlum qərəzli mövqedə olan bir təşkilatın nümayəndələri hansı üzlə və məqsədlə seçkiləri müşahidə etməlidirlər? Çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, hətta Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən AŞPA-nın rəsmiləri hansı haqla birtərəfli mövqe tutaraq İrəvanı müdafiə edirlər? Bu suallara Litva XİN-nin rəhbəri çətin ki, cavab tapsın. Çünki birincisi, özü də təlimatlar əsasında çıxış edir, ikincisi isə təmsil etdiyi dövlətin nəyəsə təsir imkanları sıfıra bərabərdir.

Belə görünür ki, Qərb tək AŞPA deyil, digər beynəlxalq platformalar və hökumətlər, habelə müxtəlif forumlar və tədbirlər vasitəsilə Azərbaycana “təsir etməy”i arsenalında qalan yeganə çıxış yolu hesab edir. AŞ PA-dakı “müzakirələr”lə paralel Varşavada baş tutan təhlükəsizlik forumundakı aşkar ermənipərəst ab-hava və Ararat Mirzoyanın “benefis”i, ABŞ konqresmenlərinin həbsdə olan cinayətkar separatçı xuntanın liderlərinin “azad olunmaları”nı Azərbaycandan “tələb etmələri” kimi lüzumsuz aksiyalar sadəcə gülünc mövzusudur. Biz Xankəndidə dalğalanan üçrəngli bayrağımıza baxıb, belə məlumatları oxuyub gülürük...

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər