• şənbə, 08 Avqust, 05:55
  • Baku Bakı 28°C

Kiyevdə mühüm təmaslar

08.08.26 04:56 9
Kiyevdə mühüm təmaslar

Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfərinin  bir müddət öncə Rusiyaya reallaşan ziyarətindən sonraya təsadüf etməsi diqqət çəkir. Münaqişə tərəflərinin hər ikisinə edilən ziyarət Azərbaycanın problemə balanslı yanaşmasını nümayiş etdirir.  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri, Kiyevdə aparılan danışıqlar bu həftənin diqqət çəkən hadisələrindən oldu. C.Bayramov səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıb. 

Bakının prinsipial mövqeyi

Qeyd edək ki, Azərbaycan Ukrayna məsələsində özünün prinsipial mövqeyi ilə seçilir. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstəyini bəyan edir, həmçinin müharibənin tezliklə dayandırılması və diplomatik yolla həllin vacibliyini bəyan edir. Kiyevə səfər Ceyhun Bayramovun bir müddət öncə Rusiyaya reallaşan ziyarətindən sonraya təsadüf edib. Qısa müddət ərzində münaqişə tərəflərinin hər ikisinə edilən ziyarət Azərbaycanın xarici siyasət kursunun nə dərəcədə uğurlu olduğunu bir daha ortaya qoyur. Belə ki, rəsmi Bakının Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Digər tərəfdən Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir. 

Dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri

Səfər zamanı C.Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb. Ceyhun Bayramov görüşü iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından məhsuldar adlandırıb. "Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bağlayır", - Azərbaycanın XİN başçısı qeyd edib.

Andrey Sibiqa bildirib ki, Ukrayna Azərbaycanın onun suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyini yüksək qiymətləndirir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiq qalır. Sibiqa həmçinin Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən göstərilən humanitar yardıma, xüsusilə Ukraynanın enerji dayanıqlığına dəstəyinə, eləcə də kritik infrastrukturun bərpasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib.

Volodimir Zelenski ilə görüş

Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən də qəbul edilib. Görüş zamanı, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb. Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Ümumilikdə Azərbaycanın Ukraynaya qaz ixracı imkanlarının nəzərdən keçirilməsi maraq doğurur. Ukrayna da öz növbəsində Azərbaycanın səylərini dəstəkləməklə Bakının prioritetlərini Avropanın təhlükəsizliyinə investisiya kimi qiymətləndirir.

F.Abasoğlu

banner

Oxşar Xəbərlər