• şənbə, 23 Avqust, 10:05
  • Baku Bakı 19°C

Kəlbəcər və Ağdərəyə həyat qayıdır

23.08.25 05:09 108
Kəlbəcər və Ağdərəyə həyat qayıdır

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 4-cü və 3-cü yaşayış komplekslərinin təməlini qoyub. Bildirilib ki, 4-cü yaşayış kompleksinə ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. 3-cü yaşayış kompleksində isə 476 mənzilin inşası planlaşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlara son səfəri özünün zənginliyi və əhəmiyyəti ilə seçildi. Dövlət başçısı səfər zamanı işğaldan azad edilən ərazilərdə görülən işlərlə tanış olub, bərpadan sonra yeni yaşayış yerlərinə köçən əhali ilə görüşüb. 

Murovdağ tunelinin texniki açılışı

Prezident və birinci xanım Kəlbəcər rayonuna səfər çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. 

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 4-cü və 3-cü yaşayış komplekslərinin də təməlini qoyub. Bildirilib ki, 4-cü yaşayış kompleksinə ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. 3-cü yaşayış kompleksində isə 476 mənzilin inşası planlaşdırılıb. Dövlət başçısı “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın, Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında da iştirak edib.

“Bu binalarda 10 mindən çox insan yaşayacaq”

Prezidentin Kəlbəcər rayonuna səfəri buraya əbədi yaşamaq üçün qayıtmış sakinlərin yaddaşında dərin və silinməz izlər qoyub. Onlara mənzillərinin açarlarını məhz İlham Əliyev təqdim edib. Dövlət başçısı sakinlərlə söhbətində bir sıra vacib bəyanatlar da səsləndirib. Dövlət başçısı qeyd edib ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır”, - Prezident qeyd edib. 

“Bütün bu silahlar onlara pulsuz verilirdi”

Prezident İlham Əliyev işğal dövründə və tarixi qələbəmiz zamanı yaşanan məqamları bir daha xatırladıb: “Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın”. 

“Biz istədiyimizə nail olmuşuq”

Dövlət başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.

Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”. 

“Azərbaycan ləyaqətli ölkədir”

Prezident qeyd edib ki, dünya birliyi, beynəlxalq aləm bizim qələbəmizi və yeni reallıqları tam qəbul edib və bu da özlüyündə tarixi hadisədir: “Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”. 

Prezidentin sözlərinə görə, Azərbaycan sülh istəyir. “Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz”, - Prezident qeyd edib. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdərənin Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə də görüşüblər.

Azad Əliyev

banner

Oxşar Xəbərlər