• şənbə, 19 Sentyabr, 04:47
  • Baku Bakı 23°C

İslam həmrəyliyindən Türk birliyinə 

19.09.26 03:18 24
İslam həmrəyliyindən Türk birliyinə 

Bu gün Azərbaycan özünün geosiyasi mövqeyinə görə üç böyük siyasi və iqtisadi məkanın - Türk və İslam dünyası, Qafqazın həm daxilində, həm də kəsişməsində yerləşir. Bununla belə, rəsmi Bakı hər üç məkanda sabitlik, inkişaf və sülhün mövcudluğunu, inteqrasiyanı, sürətli inkişaf kursunu dəstəkləyir.

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Dövlət başçısı görüşdə bir sıra mühüm məqamlara toxundu, Azərbaycanın Türk dünyası, İslam aləmi ilə əlaqələrindən, keçmiş münaqişə nəticəsində Ermənistan dövlətindən miras qalan dağıdıcı mirasdan, bugünkü sülh gündəliyindən danışdı. 

Həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi

Dövlət başçısının çıxışı ölkəmizin mövcud beynəlxalq şərtlər daxilində artan geosiyasi əhəmiyyətinin, nüfuzunun, uzlaşdırıcı və barışdırıcı mövqeyinin göstəricisi kimi dəyərləndirilir. Prezident bildirdi ki, Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir: “Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir.

Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.

Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.
Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”.

İslam aləminə çağırış

Dövlət başçısı qeyd edib ki, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil: “Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik”. 

“Bu, bütün İslam dünyasına bir təhqir idi”

Keçmiş münaqişəyə də toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı qan tökərək, döyüşərək torpaqlarını işğaldan azad edib: “Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Ağdam məscidində Bakuvi konfransı

Göründüyü kimi, bu gün Azərbaycan özünün geosiyasi mövqeyinə görə üç böyük siyasi və iqtisadi məkanın - Türk və İslam dünyası, Qafqazın həm daxilində, həm də kəsişməsində yerləşir. Bununla belə, rəsmi Bakı hər üç məkanda sabitlik, inkişaf və sülhün mövcudluğunu, inteqrasiyanı, sürətli inkişaf kursunu dəstəkləyir. Türk dünyasını özünün ailəsi hesab edən Azərbaycan dövləti daha böyük coğrafiyada İslam amilini əsas tutaraq mövcud münaqişələrin, qarşıdurmaların aradan qaldırılmasına mühüm töhfələr verməyə çalışır. 

TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü üçün Bakıya gələn nümayəndə heyətinin Qarabağa səfəri, mövcud reallıqları əyani şəkildə görmələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Ağdam şəhərində TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bir daha işğal dövründə Qarabağda 67-dən çox məscid və məbədin dağıdıldığını bildirib. O, Ağdam Cümə məscidinin də vandalizmə məruz qaldığını qeyd edib. Daha sonra konfrans iştirakçıları Xocalı və Şuşa şəhərlərində olublar. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər