• cümə, 12 Aprel, 20:52
  • Baku Bakı 13°C

İrəvan-Moskva xəttində gərginlik pik həddə

30.03.24 00:31 1531
İrəvan-Moskva xəttində gərginlik pik həddə

Rusiya-Ermənistan münasibətlərindəki mövcud vəziyyət müharibədən öncəki Kiyev-Moskva əlaqələri ilə müqayisə edilir. Ukrayna ssenarisi Ermənistanda da təkrar oluna bilər.

Son bir neçə ildə Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginlik özünün pik həddinə yaxınlaşır. Nikol Paşinyan hökuməti bir-birinin ardınca İrəvanın Kremldən uzaqlaşdırılması istiqamətində addımlar atır. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyəti bəhanə edərək öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın fəaliyyətinin dondurulması ilə başlayan proses İrəvanın mərkəzi hava limanından rusiyalı sərhədçilərin uzaqlaşdırılması ilə davam etdirildi. İndi isə Ermənistan rəsmiləri açıq şəkildə Rusiyanı "onların təhlükəsizliyini təmin etməmək"də ittiham edərək Gümrüdəki Rusiya hərbi bazalarının gələcəyini gündəmə gətirirlər. Sirr deyil ki, bu proseslərin əsas ideya müəllifləri Avropa və ABŞ-dir. Paşinyan hökumətinin hər bir anti-Rusiya addımı Qərb paytaxtlarında alqışla qarşılanır və müxtəlif vədlər verilir. 

Bakının xəbərdarlıqları özünü doğruldur 

Bölgədəki mövcud vəziyyət Azərbaycanı da yaxından maraqlandırır. Həssas durum bizim də milli maraqlarını təhdid edə biləcək hal almaqdadır. Rəsmi Bakı dəfələrlə İrəvanın mövcud siyasi kursunun bölgədəki sülh və sabitliyə ciddi əngəl olduğunu, bu siyasətin tək Azərbaycanın yox, digər bölgə dövlətlərinin də maraqlarına zərbə vurduğunu açıq şəkildə bəyan edib. Bölgə dövlətləri dedikdə isə Rusiya və İranın nəzərdə tutulduğu heç də sirr deyil. 

Məlum dövlətlərdə ekspertlər səviyyəsində və siyasi kuluarlarda İrəvana qarşı ölçü götürülməsi, Ermənistanın cəzalandırılmasının labüdlüyü ilə bağlı dolaşan fikirlər artıq gizlədilmədən, həm də rəsmi səviyyələrdə bəyan edilir. Hələlik bu məsələdə Rusiya daha öndədir. İran isə Qərbi, NATO-nu özünün düşməni elan etməsinə baxmayaraq, nədənsə Ermənistanın bu qüvvələr tərəfindən casus mərkəzinə çevrilməsinə susqunluq nümayiş etdirir.  

Lavrovdan Paşinyana ittiham

Konkret olaraq Moskvaya gəldikdə isə, Kremlin Paşinyan hökuməti və Ermənistanın hazırkı siyasi kursundan narazılığı xarici işlər naziri Sergey Lavrov tərəfindən kəskin şəkildə ortaya qoyulub. O, Ermənistan baş nazirini ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. “Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana hansı fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir”, - nazir bildirib.

Lavrov vurğulayıb ki, KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə dəfələrlə müdafiə edib: "2021-ci ildə Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub". Nazirin sözlərinə görə, Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır. Ermənistanda mövcud vəziyyət nikbinlik yaratmır.
Faktiki olaraq bu, Rusiyanın Ermənistana diplomatik müharibə elan etməsidir. 

Ukrayna ssenarisi təkrarlana bilər

Bir çox ekspertlər Rusiya-Ermənistan münasibətlərindəki mövcud vəziyyəti müharibədən öncəki Kiyev-Moskva əlaqələri ilə müqayisə edirlər. Bildirilir ki, Kremlin Ukraynada müharibəyə başlamasının əsas səbəblərindən biri də Qərbin bu ölkədəki anti-Rusiya fəaliyyəti idi. Eyni vəziyyət hazırda Ermənistanda da müşahidə edilir. Ukraynadakı müharibənin davam etdiyi bir zamanda öz maraqlarını hərbi müdaxilələrlə qorumaqdan çəkinmədiyini isbat edən Rusiyanın Ermənistana da hücumu istisna deyil. Bu vəziyyət isə Cənubi Qafqazın yenidən müharibə poliqonuna çevrilməsi deməkdir. 

Fuad Abasoğlu

banner

Oxşar Xəbərlər