• cümə axşamı, 28 mart, 12:07
  • Baku Bakı 16°C

İranın regional siyasəti sülh müqaviləsinin əngəllənməsinə yönəlib

23.03.23 22:30 820
İranın regional siyasəti sülh müqaviləsinin əngəllənməsinə yönəlib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son paylaşdığı animasiya videosunu İranın ölkəmizə qarşı apardığı informasiya müharibəsinin bir elementi kimi qəbul edə bilərik. Məqsəd bəllidir : dövlət və cəmiyyət olaraq bizdə qorxu, çaşqınqılıq yaratmaq və bununla da Azərbaycanla, Cənubi Qafqazla bağlı özünün xoş olmayan geosiyasi məqsədlərini reallaşdırmaq üçün mühit formalaşdırmaq. Ancaq tam əminliklə qeyd edə bilərəm ki, bütün bu hədə - qorxuların, təhdidlərin heç bir mənası yoxdur və Azərbaycana, onun siyasətinə təsir göstərə bilməz.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.

Ekspert qeyd edib ki, xalqımız da, dövlətimiz də ərazi bütövlüyümüzü, suverenliyimizi hədəf alan belə təhdidlərə qarşı birdir, qətiyyətlidir və istənilən təxribatı neytrallaşdırmaq gücündədir. Bu reallığı Tehrandakı bəzi dairələr görünür doğru-düzgün dərk edə bilmir və nəticədə, iki ölkə arasında münasibətləri korlamaqdan çəkinmirlər. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və bu siyasət hər hansı dövlətə qarşı yönəlməyib. Ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri də qonşu dövlətlərlə normal münasibətlərin mövcudluğudur. Bu baxımdan, rəsmi Bakı hər zaman İranla əlaqələrə xüsusi önəm verib. Xüsusilə dövlətimiz heç bir zaman ərazimizdən İrana qarşı istifadə edilməsinə icazə verməyib və özünün mehriban qonşuluq prinsipinə sadiq qalıb. "Ancaq görünən odur ki, ölkəmizin uzun onilliklər ərzində İranla bağlı həyata keçirdiyi və xoş mərama əsaslanan siyasət cənub qonşumuz tərəfindən düzgün dəyərləndirilmir. İranın Azərbaycana qarşı ədalətsiz, qeyri - konstruktiv, qeyri - rasional siyasəti xüsusilə İkinci Qarabağ müharibəsindən sonra xeyli intensivləşib. Təbii ki, burada əsas səbəblər kimi ölkəmizin müharibədən Qalib çıxmasını, mövqeyinin regionda güclənməsini və Türkiyə ilə strateji müttəfiqliyinin dərinləşməsini qeyd edə bilərik. Son iki ildə İranın regional siyasəti bölgədə davamlı sülhün əldə edilməsinin əngəllənməsinə, kommunikasiyaların açılmasına qarşı yönəlib. Bütün bunları etməklə Tehran regionda özünü pozucu güc kimi nümayiş etdirir. Son olaraq bir daha qeyd etmək istərdim ki, İran ölkəmizlə təhdid, şantaj dilində danışmağın mənasızlığını aydın dərk etməli və Azərbaycanla normal qonşuluq münasibətlərini qurmağa çalışmalıdıdır. Əks təqdirdə, proseslər İran üçün fəlakətlə nəticələnə bilər. Daha dəqiq desək, İran odla oynamamalıdır, onsuz da daxilində də, ətrafında da kifayət qədər ciddi problemlər var",- deyə M.Məmmədli vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər