• şənbə, 30 Noyabr, 09:38
  • Baku Bakı 8°C

İran elitası üçün stress-test

22.10.22 01:00 1258
İran elitası üçün stress-test

İranda 1979-cu ildəki islam inqilabından sonra ilk dəfədir ki, belə kütləvi etiraz aksiyaları keçirilir. İnsanlar demokratik hüquq və azadlıqlara hörmət edilməsini, qadınlar üçün qapalı geyim tərzinin ləğvini, ali dini lider ayətullah Əli Xameneinin istefasını tələb edirlər.

İranda molla rejiminə qarşı etirazlar bir aydan artıqdır ki, davam edir. Kürd mənşəli Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan etirazlar ölkənin irili-xırdalı bütün şəhərlərini bürüyüb. "Qadın! Həyat! Azadlıq" şüarı ilə küçələrə çıxan insanlar ölkənin ali dini rəhbəri ayətullah Xameneinin və İslam İnqilabı Keşikçiləri Korpusunun mərhum generalı Qasım Süleymaninin portretlərini yandırır, hakimiyyəti sərt tənqid edirlər. Hakim rejimi qorxuya salan odur ki, insanlar demokratik hüquq və azadlıqlara hörmət edilməsini, qadınlar üçün qapalı geyim tərzinin ləğvini, ali dini lider ayətullah Əli Xameneinin istefasını tələb edirlər. Başlarını açaraq kütləvi şəkildə şəhərlərin küçələrinə çıxan qadınlar örtüklərini yandırır, dini liderlərin portretlərinə od vururlar. İranda 1979-cu ildəki islam inqilabından sonra ilk dəfədir ki, belə kütləvi etiraz aksiyaları keçirilir. İndiki aksiyalar 2009-cu ildəki prezident seçkilərinin nəticələrinə qarşı nümayişlərdən və ya 2017-2019-cu illərdə iqtisadi vəziyyətdən narazı olanların etirazlarından daha böyükdür. Ölənlərin sayı artıq 200-ü keçib və onların arasında 23 uşaq da var. Əlbəttə ki, öldürülən qadın etirazların başlaması üçün sadəcə qığılcım rolunu oynayıb. Heç kimə sirr deyil ki, etirazlar insanların illər ərzində yığılıb qalan problemlərindən qaynaqlanır. İranlı təhlilçi Behrənq Tacdinin dediyi kimi, iqtisadi problemlərin çoxluğu hökumət əleyhinə etirazlar üçün əlverişli imkan yaradıb.

43 il ərzində ilk dəfə

Birmənalı şəkildə demək olar ki, etiraz aksiyaları İranın 43 illik çağdaş tarixində ən böyük sosial partlayışdır. Maraqlı olan aksiyalarda qadınlarla kişilərin yanaşı adımlamalarıdır. Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran, ABŞ-ın 2018-ci ildən İranın neft-qaz və bank sektorlarına tətbiq etdiyi sanksiyalar səbəbindən əksər iranlılar dolanmaqda çətinlik çəkir. Bu gün İran iqtisadiyyatının həcmi 2010-cu illə müqayisədə 4-8 faiz azdır, milli valyuta isə 90 faiz ucuzlaşıb. İyun ayında inflyasiya 54 faizə çatıb, mal və xidmətlərin qiymətləri son on ildə 1135 faiz artıb. Məsələn, toyuq əti 20 dəfə, bitki yağı isə 40 dəfə bahalaşıb. Prezident İbrahim Rəisi də seçicilərin ümidlərini doğrulda bilməyib. İqtisadi problemlərin vəd edilən həlli və sosial rifahın yaxşılaşdırılması əvəzinə, iranlılar onun hakimiyyətdə olduğu dövrdə ərzaq qiymətlərində artım müşahidə etdilər. İranda gizli aclıq problemi var, çünki qiymətlərin baha olması səbəbindən bir çox iranlı balanslı qidalana bilmir. Ölkədə həyat bahalaşır, amma əmək bazarında vəziyyət heç də yaxşı deyil. Son illərdə İran əhalisinin sayının 75 milyon nəfərdən 85 milyon nəfərə qədər artmasına baxmayaraq, ölkədə cəmi 23 milyon nəfər işləyir. 

Adi iranlıların nə istədiyi hakim elitanı maraqlandırmır

“Politics.com” saytına açıqlamasında hüquq müdafiəçisi Şadi Şar bildirib ki, onilliklər ərzində bir çox iranlı ölkənin liberallaşmasına və modernləşməsinə ümid bəsləyib. İslahatçı prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani ölkəni xarici dünyaya daha açıq edə, Qərblə münasibətləri yaxşılaşdıra, sosial məhdudiyyətləri yumşalda və ictimai-siyasi sistemə daha çox demokratik azadlıqlar gətirə bilmədilər. Mühafizəkar prezident İbrahim Rəisinin hakimiyyətə gəlməsi isə İslam Respublikasının olduğu kimi qalacağı deməkdir. Rəisinin dövründə İran geyim qaydalarını sərtləşdirdi, qadınlara istədikləri kimi geyinməyi qadağan etdilər. İranda ruhanilərdən ibarət aristokratiya, islam hüququ üzrə ixtisaslaşmış hüquqşünaslar, İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri iqtisadiyyatın ən gəlirli sahələrinə nəzarət edirlər. Adi iranlıların nə istədiyi hakim elitanı maraqlandırmır. Sanksiyaların mənfi nəticələri də onları narahat etmir. Onlar məhdudiyyətlərdən yan keçərək, özlərini və yaxınlarını dəbdəbəli həyatla təmin edərək, boz sxemlərlə neft satışından gəlir əldə edirlər. İranlı siyasətçilər və ilahiyyatçılar Qərbi nə qədər şeytanlaşdırsalar da, iranlı gənclər kafe və klublarda dincəlmək, öz foto və videolarını Facebook, Instagram, Tik-Tok sosial şəbəkələrində yerləşdirmək, moda meyllərini izləmək, kompüter oyunları oynamaq, kinoya getmək istəyirlər. Bu səbəbdəndir ki, etirazların onurğa sütununu 25 yaşdan aşağı gənclər təşkil edib.

Etirazçılar hər hansı alternativ təklif edə biləcəklərmi?

İran əsilli amerikalı publisist Sohrab Əhmari hesab edir ki, etirazçıların teokratik rejimə hər hansı alternativ təklif edə biləcəkləri maraq doğurur. Onun fikrincə, dəyişiklikdən sonra İranda hansı dəyərlərin birləşdirici olacağı hələ bəlli deyil. Əhməri monarxiyanın bərpası ideyasına şübhə ilə yanaşır. Çünki iranlılar şah dövrünə mənfi münasibət bəsləyirlər. O illərdə İranda monarxiya elitası ilə sadə insanlar arasında sosial uçurum güclü idi, korrupsiya və yoxsulluq problemi mövcud idi.

Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin məzunu, analitik Şai Xatiri İranda İsveç və İspaniyada mövcud olan konstitusiyalı monarxiyanın qurulmasının tərəfdarıdır. Bu ölkələrdə monarx simvolik səlahiyyətlərə malikdir, formal olaraq dövlətə başçılıq edir və cəmiyyəti birləşdirən, demokratiyanı qoruyan, sosial münaqişələrin həllinə kömək edən bir orqan kimi çıxış edir. İran taxt-tacının varisi Rza Pəhləvi İrandakı etirazları dəstəkləyir və teokratik rejimin devrilməsinə çağırır. İran cəmiyyəti istəsə, Pəhləvi yeni şah olmağın əleyhinə deyil.

Carnegie Europe analitik mərkəzinin əməkdaşı Kornelius Adebar etirazçıların liderinin və siyasi proqramının olmamasını problem hesab edir. Ekspertin fikrincə, ali lider Əli Xameneidən hər hansı güzəşt gözləmək lazım deyil.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər