İran dini dəyərlərdən sui-istifadə edərək insanların duyğularını istismar edir
Azərbaycan 30 ilə yaxın işğalla üz-üzə qaldıqdan sonra 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Bu, eyni zamanda, mənəvi ədalətin də bərpası demək idi. Çünki, on illərlə bizim məscidlərimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız mənəvi əsarətdə idi. İşğalda olan məscidlərimizdən azan səsi gəlmirdi. Azərbaycan dövlətinin gücü və qüdrəti nəticəsində haqq batilə qalib gəldi və biz Zəfər çaldıq.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, ilahiyyatçı Ceyhun Əliyev deyib.
“Təəssüf ki, özünü müsəlman ölkəsi adlandıran, dini dəyərlərin ali məqamından hər fürsətdə bəhs edən İran minarələri azana qovuşduranlara deyil, minarələri azandan məhrum edənlərə dəstək verdi. Əli minlərlə azərbaycanlının, həm də müsəlmanın qanına batmış, Xocalıda günahsız insanları vəhşicəsinə qətlə yetirən Ermənistan İran üçün qırmızı xəttə çevrildi. Altmışdan çox məscidimizi dağıdan düşmən necə özünü müsəlman sayanlara dost, hətta qardaş ola bilər? “Qurani-Kərim”in Bəqərə surəsinin 114-cü ayəsində Uca Yaradan buyurur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki, onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!”. Ermənistan Qarabağda 30 il Allahın adının çəkilməsinə mane oldu, məscidləri dağıtdı. İranın bu mövqeyi Allahın müqəddəs kitabına xilaf çıxmaqdır.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. İran özünü İslam Peyğəmbərinin ailəsinin, yəni, Əhli-Beytin hamisi hesab etdiyini bildirir. Bəs nə üçün Əhli-Beyt nümayəndələrinin məzarları olan Gəncə və Bərdə şəhərlərini bombalayanlara dəstək verir? Döyüş meydanında aciz qalan düşmən Vətən müharibəsində “İmamzadə” ziyarətgahları olan bu şəhərləri bombalayırdı. Hətta Gəncədəki “İmamzadə” kompleksinə zərər də dəymişdi. Budurmu Əhli-Beytə hörmət? Bütün bunlar onu göstərir ki, İranın dinə münasibəti riyakarlıqdır və siyasi məqsədlərə xidmət edir. Onlar dini dəyərlərdən sui-istifadə edərək insanların dini duyğularını istismar edirlər. İslam dini isə səmimiyyəti təbliğ edir. Biz bu məsələlərdə çox həssas olmalıyıq və riyakarlıqla səmimiyyəti ayırd etməyi bacarmalıyıq”, - deyə C.Əliyev əlavə edib. (Azərtac)