• şənbə, 03 Oktyabr, 06:35
  • Baku Bakı 15°C

“İqtisadi müstəqilliyi tam təmin etmişik”

03.10.26 05:18 21
“İqtisadi müstəqilliyi tam təmin etmişik”

Prezident İlham Əliyev: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.

Dövlət başçısı qeyd edib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan Prezident qeyd edib: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Prezident bildirib ki, ilk dəfədir ki, YAP-ın qurultayı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

“Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı…”

Prezident qeyd edib ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, xalqımızın başına bu oyunlar açılsın, separatizm meyilləri Qarabağda yer alsın. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.

“Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”, - deyə dövlət başçısı vurğulayıb.

“Biz iqtisadi müstəqilliyi tam təmin etmişik”

Prezident bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər: “Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.
Ali Baş Komandan vurğulayıb ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. O, bunun nə üçün lazım olduğuna da aydınlıq gətirib: “Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
Prezident qeyd edib ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. “Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, - deyə dövlət başçısı əlavə edib.

İdeoloji məkanımız yad ünsürlərdən azad olmalıdır

Prezidentin sözlərinə görə, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Dövlət başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”.
O qeyd edib ki, düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”, - deyə dövlət başçısı əlavə edib.

“Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik”

İ.Əliyev onu da bildirib ki, hamı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığını yaxşı bilir. Dövlət başçısı vurğulayıb ki, bizim həm tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır. Onun sözlərinə görə, biz heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. “Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik”, - deyən dövlət başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik. Prezident, həmçinin vurğulayıb: “Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”.

“Böyük Qayıdış daha da sürətlə gedəcək”

Prezident bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini qeyd edən dövlət başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.
Qurultayın sonunda YAP-ın 40 nəfərdən ibarət yeni idarə heyəti seçilib. 

 

banner

Oxşar Xəbərlər