İlkin nəticələr gələn həftə açıqlana bilər
Kanat Bozumbayev: "İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir. Dərc olunan materialda böyük fərqlər var. Buna görə də rəsmi mənbələrin məlumatlarını gözləyin".
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutusu"nun oxunmuş məlumatlarının internetə sızmasını şərh edib.
“Bu daha çox yerüstü danışıqlar idi”
Baş nazirin müavini mətbuat konfransında bildirib ki, “qara qutu”ların oxunmasında Qazaxıstan, Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertlər iştirak ediblər. "Hamı bərabər çıxışa malik olub. İnternetə sızdırılmış danışıqları dinlədim - mənə elə gəlir ki, bu, daha çox yerüstü danışıqlar, yerlə danışıqlar idi. Mən orada ekipaj üzvlərinin danışıqlarını eşitmədim. “Qara qutu”da kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqlar var. Buna əsasən başa düşdüm ki, bu, bizim istintaq qrupundan sızma deyil", - Baş nazirin müavini bildirib.
“Qara qutu”lardakı stenoqramların məzmunundan fərqlənir
Qazaxıstan rəsmisinin sözlərinə görə, internetdə dərc olunan stenoqramlar “qara qutu”ların məzmunundan fərqlənir.
"İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir. Dərc olunan materialda böyük fərqlər var. Buna görə də rəsmi mənbələrin məlumatlarını gözləyin", - K.Bozumbayev vurğulayıb.
Baş nazirin müavininin sözlərinə görə, təyyarənin “qara qutu”ları hazırda istintaq qrupundadır.
"Təyyarənin qalıqları Aktaudakı anqardadır, müvafiq beynəlxalq ekspertlər tərəfindən yoxlanılıb və onlar öz rəylərini verəcəklər. Oxunmuş materiallar məhz aviasiya hadisəsini araşdıran başqa bir qrupdadır: nə baş verib, nə vaxt baş verib, ekipaj özünü necə aparıb, peşəkar və ya qeyri-peşəkar, yerdən hansı əmrlər verilib. Düşünürəm ki, sonradan bu materialların açıqlanması bir çox uydurmaya son qoyacaq", - K.Bozumbayev bildirib.
Rusiya, Azərbaycan və Qazaxıstandan olan ekspertlər birlikdə çalışırlar
K.Bozumbayev bildirib ki, təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər. "ICAO standartlarına (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) əsasən aviasiya orqanları - təxminən 17-18 nəfər - Rusiya, Azərbaycan və Qazaxıstandan olan ekspertlər bir ay ərzində aviasiya hadisəsinin araşdırılmasını həyata keçirir. Komissiya işləyir. Uçuş parametrləri, rejimi və səs yazıları əsasında müəyyən nəticələr çıxarılacaq. Düşünürəm ki, gələn həftə ilkin hissə Nəqliyyat Nazirliyi tərəfindən dərc ediləcək. Çünki ICAO ilkin nəticələrin hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, amma biz işi vaxtında yekunlaşdırmalıyıq", - K.Bozumbayev bildirib. O, təyyarə qəzasından sonra cinayət işinin başlandığını da sözlərinə əlavə edib. "Bundan başqa, cinayət işi açılıb - ballistik və partlayış-texniki ekspertiza var. Bizim güc strukturlarımız sıx təmasda işləyir", - Baş nazirin müavini vurğulayıb.
Caliber.az: “Əmri verən şəxslərin adları və rütbələri məlumdur”
Bu arada Caliber.az araşdırmalarla bağlı maraqlı məlumatlar əldə edib. Məlumatda bildirilir ki, AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Rusiyada aparılan cinayət işi üzrə istintaq təsdiq edib ki, hava gəmisi "Pantsir S-1" HHM sistemi tərəfindən vurulub. Bildirilir ki, qurğu Suriyadan Rusiyaya gətirilib. "Həmçinin bizə məlum olub ki, Rusiyada istintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyini təsdiqləyib. Bu, hava gəmisinin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub. Rusiyadakı istintaq mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsi müəyyən edib. Bundan əlavə, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri məlumdur və biz bu məlumatı lazımi vaxtda oxucularla mütləq bölüşəcəyik", - deyə nəşrdə vurğulanıb.
Bir nəfərin vəziyyəti ağır olaraq qalır
Yeri gəlmişkən, Səhiyyə Nazirliyi və TƏBİB qəza zamanı xəsarət alanların son durumu ilə bağlı birgə məlumat yayıb.
“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir, reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti ağır stabildir”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumatda xatırladılır ki, Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin reanimasiya şöbəsinə, 13 nəfər isə stasionar şöbəyə qəbul edilib.
Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) ikitərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinə olunublar.
Təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Prezident İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.
F.Abasoğlu