• çərşənbə, 16 Oktyabr, 01:39
  • Baku Bakı 16°C

İkitərəfli münasibətlərin qızıl dövrü - TƏHLİL

26.08.23 06:00 3494
İkitərəfli münasibətlərin qızıl dövrü - TƏHLİL

Azərbaycan türk xalqları arasında siyasi-iqtisadi, coğrafi, mədəni-mənəvi birləşdirici körpü rolunu oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri zamanı Bakının üzərinə götürdüyü bu tarixi missiyanın uğurla həyata keçirildiyinin bir daha əyani şahidi olduq. 

Prezident İlham Əliyevin dəvəti ilə Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bir sıra mühüm məqamları ilə yadda qaldı. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı alınan qərarlar tək iki ölkənin münasibətlərini yox, həm də bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya regionunun gələcəyini şəkilləndirəcək.  

Qarabağın bərpasına xarici dövlətin ilk hədiyyəsi

Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər tarixən çox yüksək səviyyədə olub, hər iki ölkə beynəlxalq platformalarda bir-birilərini daim dəstəkləyiblər. Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi idi. 

Bu həmrəyliyin ən gözəl nümunəsi işğaldan azad edilən Füzuli şəhərində Özbəkistan maliyyəsi ilə inşa edilən məktəbdir. Prezident İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirib. 

Şavkat Mirziyoyevin Füzuli və Şuşaya getməsi, keçmiş məcburi köçkünləri qayıdış münasibəti ilə şəxsən təbrik etməsi xüsusilə diqqətəlayiqdir. Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edən Şavkat Mirziyoyev, həm də Rəcəb Tayyib Ərdoğandan sonra işğaldan azad edilmiş rayonlara gedən ikinci xarici ölkə başçısıdır. 

Azərbaycanın tarixi missiyası 

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi hər zaman prioritet istiqamətlərdən olub. 2011-ci ildə imzalanan Naxçıvan Bəyannaməsindən keçən müddət ərzində türk dövlətləri arasında əlaqələrin daha üst səviyyəyə qaldırılması missiyası uğurla davam etdirilir. Təbii ki, bu məsələdə ən böyük rol Azərbaycanın üzərinə düşür. Ölkəmiz türk xalqları arasında siyasi-iqtisadi, coğrafi, mədəni-mənəvi birləşdirici körpü rolunu oynayır. Şavkat Mirziyoyevin ölkəmizə səfəri zamanı Azərbaycanın üzərinə götürdüyü bu tarixi missiyanın uğurla həyata keçirildiyinin bir daha əyani şahidi olduq. 

Bir milyard dollarlıq hədəf

Son illərdə iki ölkə arasında iqtisadi əlaqələr də sürətlə inkişaf etməkdədir. Qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artıb. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötüb. İqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair aparılan müzakirələr və imzalanan sənədlər, 14 istiqaməti əhatə edən Yol Xəritəsi ciddi perspektivdən xəbər verir. Lakin dövlət başçılarının da vurğuladığı kimi, mövcud göstəricilər potensialı tam əks etdirmir. Məhz bunun məntiqi nəticəsi olaraq Bakıdakı son müzakirələrdə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıya hədəf kimi qoyulub. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının həcmi də artır. 

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq

Son iki ildə dünyada yaşanan kataklizmlər beynəlxalq səviyyədə tranzit nəqliyyat dəhlizlərinin yenidən formalaşdırılması, alternativ imkanların genişləndirilməsi zərurətini ortaya qoyub. Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində əlverişli coğrafi mövqeyimiz nəzərə alınaraq bu işlərə, həmçinin gələcək gözləntilərin qarşılanması üçün yeni layihələrin icrasına hələ illər öncə başlanılıb. Artıq Azərbaycan yeni reallıqlar və gözləntilər fonunda dünya dövlətlərinə, xüsusilə də bizə coğrafi baxımdan yaxın ölkələrə çox rahat şəkildə özünün tranzit imkanlarını təqdim edir, əlverişli şərtlər irəli sürür.   

Özbəkistan ərazisindən də çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir. 2018-ci ildən etibarən, bu ölkə özünün nəqliyyat infrastrukturunun yenilənməsinə, logistik imkanlarının genişlənməsinə böyük diqqət ayırır. Həm Azərbaycan, həm də Özbəkistan olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahibdirlər. Bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi digər qonşu ölkələrin “Transxəzər” nəqliyyat dəhlizinə marağını daha da artıracaq.

Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə son illərdə qarşılıqlı əməkdaşlığının əsas qayələrindən biri məhz “Transxəzər” nəqliyyat dəhlizinin beynəlxalq səviyyədə vazkeçilməz istiqamət olaraq müəyyənləşdirməsinə nail olmaqdır. Təbii ki, bu məsələdə Mərkəzi Asiyanın sürətlə inkişaf edən, lider ölkələrindən biri olan Özbəkistanla strateji əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.  

Beləliklə, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı həm də Qərblə Şərqi bir-birinə daha da yaxınlaşdırır. 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər