• şənbə, 06 Sentyabr, 02:21
  • Baku Bakı 25°C

İki fərqli məsələni eyniləşdirmək cəhdi

06.09.25 00:29 53
İki fərqli məsələni eyniləşdirmək cəhdi

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti də münasibətlərə mənfi təsir edən amillər sırasındadır.

Rusiyanın 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı həqiqətdən uzaq və məsuliyyətdən yayınmağı hədəfləyən təxribatçı açıqlamaları davam edir. Sentyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin qəza ilə bağlı verdiyi sığorta ödənişi açıqlaması mübahisə doğurub. Moskva bunu kompensasiya kimi təqdim edib. Əslində isə Rusiyanın ödədiyi təzminat deyil, sərnişinlərin və aviaşirkətin sığorta şirkətləri ilə olan fərdi və korporativ müqavilələrinə əsasən, sığorta ödənişidir. 

Bakının haqlı tələbi

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edib. "Təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən sentyabrın 4-də verilən açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır”, - deyə bəyanatda vurğulanır. Bildirilir ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı Azərbaycanın Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır. 

Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq altı aydır davam edir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir: “Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə, qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb”. 

Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.  

“Azərbaycanlılar təqib olunur”

XİN-nin bəyanatında iki ölkə arasında yaşanan gərginliyin digər məqamları ilə bağlı qarşı tərəfin reallıqdan uzaq açıqlamalarına da toxunulub. Bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır: “Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.

“Rusiya cinayəti ört-basdır etməyə cəhd etdi”

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu da bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasından dərhal sonra Moskva bu hadisə ətrafında informasiya xaosu yaratmağa başladı, cinayəti ört-basdır etməyə cəhd etdi: "Bu günə qədər də Rusiya eyni mövqedən çıxış edir. Sərnişin təyyarəsinin vurulması ilə bağlı həqiqətləri etiraf etmək istəmir. Çox təəssüf ki, Rusiya rəsmilərinin son açıqlamasında yenə də bu hadisə ətrafında yalan danışılır, təyyarənin vurulmasına görə sığorta ödənişi və təzminat verilməsi bir-birinə qarışdırılır. Hamıya məlumdur ki, təyyarəni sığorta edən şirkət mütləq onun sığortasını ödəməlidir. Ancaq təzminat tamamilə fərqli bir məsələdir. Azərbaycanın tələb etdiyi odur ki, vurulmuş təyyarəmiz üçün təzminat ödənilsin, təyyarənin hansı şəraitdə və nə üçün vurulduğu Rusiya tərəfindən etiraf edilsin və üzrxahlıq olunsun. Rusiyanın əsas məqsədi hadisələri bu cür təqdim etməklə ictimai rəyi manipulyasiya edərək Azərbaycanı müqəssir göstərməkdir. Ona görə də düşünürəm ki, Rusiya rəsmilərinin sonuncu açıqlamaları da buna xidmət edir. Yaxşı olar ki, Moskva törətdiyi hərəkətə görə üzr istəsin və təzminat ödəsin. Düşünürəm ki, Rusiya sonda bu addımı atmaq məcburiyyətində qalacaq. Unutmaq olmaz ki, dövlətləri beynəlxalq münasibətlər sistemində nüfuzlu edən təkcə ərazi böyüklüyü, əhali sayı, iqtisadiyyatı deyil, həm də beynəlxalq hüquqa istinad edərək normal davranış qaydalarına riayət etməsidir. Biz Rusiyadan bunu gözləyirik", - deyə deputat əlavə edib.

banner

Oxşar Xəbərlər