• şənbə, 15 Mart, 14:15
  • Baku Bakı 20°C

Hökumət hesabat verdi 

15.03.25 00:13 154
Hökumət hesabat verdi 

Baş nazir Əli Əsədov qeyd edib ki, qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir. Keçən il səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən bir milyard 368 milyon manat vəsait ayrılıb.

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim olunub. Baş nazir Əli Əsədov deyib ki, bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.

38 ölkə ilə 201 sənəd 

Hesabat sənədinə əsasən, 2024-cü ildə Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda 38 ölkə ilə 201 sənəd imzalayıb. Həmçinin, Bu il yanvarın 1-nə Azərbaycan dünyanın nüfuzlu inkişaf bankları və fondları, həmçinin müxtəlif beynəlxalq maliyyə təşkilatları ilə 217 kredit sazişi imzalayıb. Sənədə əsasən, bu sazişlər ölkənin sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən sahələr üzrə 174 layihənin maliyyələşdirilməsini təmin edib. İmzalanmış sazişlərdən 105-nin müddəti başa çatıb, 112-si qüvvədədir.

Azad olunmuş ərazilərdə 2 615 ailə məskunlaşıb

İşğaldan azad edilmiş ərazilərdə görülən işlərə dair hesabat mətnində bildirilir ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. "2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub", - deyə baş nazir qeyd edib.

Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavəndə köçürülüb.

2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar əkin sahəsi (o cümlədən 720 hektar örüşün), Qubadlı rayonunda isə 2 000 hektar əkin sahəsi uzunmüddətli (40 il), 2024-2025-cü təsərrüfat ili üçün isə 60,8 min hektar əkin sahəsi üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb.

3 032,4 kilometr yol salınıb

İşğaldan azad edilmiş ərazilərdə 2024-cü ildə ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb. Sənədə əsasən, ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.

17 polis xidmətdən xaric edilib

Hesabat da o da qeyd olunur ki, ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan 17-i xidmətdən xaric olunub: “Onlardan 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb”.

İmtiyazlı şəxslərə 800 mənzil verilib

Hesabatda bildirilir ki, 2024-cü ildə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzil, 93 avtomobil təqdim edilib. Keçən ildə həmçinin, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 4 685 ipoteka krediti verib. Bu, 2023-cü illə müqayisədə 16,3 % azdır. Ötən il 3 609 (əvvəlki ilə nisbətən 7,5 % az) adi, 1 076 (36,7 % az) güzəştli ipoteka krediti verilib.

Beş milyardlıq vergi borcu ləğv edilib

İqtisadi məqamlara gəldikdə isə, 2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib. Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır.

Tibbi xidmətlər zərfi genişləndiriləcək

Baş nazir qeyd edib ki, qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir. Onun sözlərinə görə, hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən bir milyard 368 milyon manat vəsait ayrılıb.
Hesabata əsasən, bu il Bakı şəhəri və regionlar üzrə 235 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər