Hərbi təchizatımızda yeni imkanlar
“ADEX 2026” sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir.
Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, maddi-texniki bazasının ən müasir standartlara uyğunluğunu bütün dünyaya nümayiş etdirdi. İlk dəfə olaraq 21-ci əsrin yeni müharibə taktikası sayılan dronlardan döyüş əməliyyatlarında kütləvi istifadə, bu sahənin digər qoşun növləri ilə uğurlu inteqrasiyasını məhz Azərbaycan Ordusu uğurla tətbiq etdi. Silahlı Qüvvələrimizin döyüş əməliyyatlarındakı taktiki və strateji gedişləri hələ də dünyanın aparıcı ali hərbi məktəbləri tərəfindən araşdırılır və öyrənilir.
Qələbədən sonrakı əsas hədəflər
Zəfərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılması, təchizatın ən müasir standartlara uyğun komplektləşdirilməsi, həmçinin yerli müdafiə sənayesinin imkanlarının genişləndirilməsi, hərbi-texniki əməkdaşlıq coğrafiyamızın miqyasının böyüdülməsi əsas hədəflərdən idi. Bugündərdə Bakıda fəaliyyətə başlayan “ADEX 2026” və “Securex Caspian” sərgiləri bu hədəflərə nə dərəcədə nail olduğumuzu bütün dünyaya nümayiş etdirir.
Regionun böyük hərbi-texnoloji platforması
Qeyd edək ki, regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır. Bu il “ADEX 2026”da rekord sayda şirkət iştirak edir. Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb.
“ADEX 2026” sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyədir.
“Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatlar, kompleks mühafizə sistemləri və perspektivli texnoloji həllər, o cümlədən ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış, qəza-xilasetmə vasitə və avadanlıqları nümayiş etdirilir. “ADEX” və “Securex Caspian” sərgilərinə 30 ölkədən 277 şirkət qatılıb. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar. Onlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stendi ilə tanış olublar.
Yerli istehsal olan hərbi vasitələr
“ADEX 2026”da Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir. Nazirliyin ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşir.
Sərgidə Azərbaycan müdafiə sənayesinin ən son yenilikləri də diqqət çəkir. Nümayiş olunan hərbi texnikalar və avadanlıqlar Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayır.
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı, SİQR 01 və SİQR 02 ilk dəfə “ADEX 2026” sərgisində ictimaiyyətə nümayiş olunub.
Silahlı insansız quru robot alüminium materialdan istehsal edilib və 12,7 millimetrlik mərmi ilə atəş açır.
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı da “ADEX 2026”da ilk dəfə nümayiş etdirilən innovativ texnologiyalar sırasındadır. Kamikadze tipli dronun uzunluğu 3,5, qanadının uzunluğu 3,2 metr, uçuş müddəti isə 2 saata bərabərdir.
Azərbaycan yeni mərmiatan dron da istehsal edib. "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə “ADEX 2026”da nümayiş edilir. Dronun üzərində kaset tipli sistem vasitəsilə müxtəlif çaplı sursatların yerləşdirilməsi mümkündür.
2026-ci il istehsalı olan "Arrow 3" dronu da diqqət çəkir. “Arrow 3” 150-200 km məsafəyə qədər uça bilir və seçdiyi hədəfə dəyərək həmin hədəfi məhv edir.
Azərbaycanlı mühəndislərin hazırladığı "KASIRGA" dolanan sursatı
Azərbaycan müdafiə sənayesinin ən böyük uğurlarından biri kimi “Bayraktar Teknoloji Azərbaycan” MMC (BTA) şirkətində çalışan azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı xüsusi vurğulanmalıdır. Bu vasitə də ilk dəfə ictimaiyyətə təqdim edilib. 2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan "KASIRGA" dolanan sursatının azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır. Şaquli qalxma-enmə qabiliyyətinə malik olan "KASIRGA" heç bir uçuş-enmə zolağına ehtiyac olmadan müxtəlif relyef şəraitində və ya təkərli nəqliyyat vasitələri üzərindən avtonom şəkildə qalxma və enmə həyata keçirə bilir. Platforma havada asılı qalma və üfüqi uçuş mərhələlərində 4 elektrik mühərrikindən istifadə edir və həm kamikadze (dolanan sursat), həm də kəşfiyyat-müşahidə əməliyyatlarında fəaliyyət göstərə bilir. Kəşfiyyat əməliyyatları zamanı bazaya qayıtma funksiyasına malik olan platformanın maksimal qalxma kütləsi 33, faydalı yük qaldırma qabiliyyəti isə 6 kiloqram təşkil edir.
“ADEX 2026” və “Securex Caspian” sərgiləri Azərbaycanın dünyanın əksər müasir silah şirkətləri ilə uğurlu əməkdaşlıq modeli qurduğunun əyani göstəricisidir. Bu, sərgilər çərçivəsində ölkəmizin hərbi və müdafiə sahəsində imzaladığı çoxsaylı əməkdaşlıq sazişləri ilə də təsbit edilir.
Azad Əliyev