• şənbə, 20 Sentyabr, 05:58
  • Baku Bakı 21°C

Hər bir dövlət üçün müqəddəs olan anlayış 

20.09.25 00:21 87
Hər bir dövlət üçün müqəddəs olan anlayış 

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı keçirilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri iştirak ediblər.

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak ediblər.

"Separatizmin tabutu"na son mismar vuruldu

Ziyafət Əsgərov bildirib ki, 1991-1993-cü illərdə konstitusiyanı qəbul etmək mümkün deyildi, çünki ölkədə xaos hökm sürürdü. O xatırladıb ki, 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı:
"1995-ci ilin 12 noyabrında ilk milli konstitusiyamız yaradıldı. Bundan sonra 2002, 2008 və 2016-cı illərdə referendumlar keçirildi. Sənəddə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, məhkəmə islahatları üstünlük təşkil edirdi. Sözsüz, bu referendumların keçirilməsi vacib idi".

Sədr müavini bildirib ki, 2023-cü ildəki antiterror tədbirlərindən sonra Azərbaycan suverenlik məsələsini həll etdi və Prezident İlham Əliyevin də dediyi kimi, "separatizmin tabutu"na son mismar vuruldu: "Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs anlayışdır".

İstənilən xalqın ən böyük arzusu

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, suverenlik istənilən xalqın ən böyük arzusu və niyyətidir: “Azərbaycanın konstitusiyası olmayan zamanda ölkə SSRİ-dən qalma qanunlarla idarə edilirdi. Ona görə də konstitusiyanın hazırlanması və qəbulu vacib idi. Heydər Əliyev o zaman da qeyd etmişdi ki, bu sənəd uzunmüddətli olmalı, insan hüquq və azadlıqlarına dair bütün vacib məqamları özündə əks etdirməlidir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, konstitusiya xalq və hakimiyyət arasındakı razılaşmadır. Onun sözlərinə görə, son illərdə Azərbaycan dövləti və xalqı suverenlik təntənəsi yaşayıb: "Azərbaycanın suverenliyi tamamilə təmin edilib. Biz bugünkü sabitlik və konstitusiyamızın inkişafı ilə qürur duya bilərik".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxışı zamanı vurğulayıb ki, konstitusiyamız dövrün tələblərinə cavab verir. Onun sözlərinə görə, bu sənəddə həm də dövlətin siyasi fəlsəfəsi ifadə olunur: "Sənədin qəbul edilməsindən 30 il keçib, bu illər ərzində dünya düzəni dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb. Buna baxmayaraq, Azərbaycan Konstitusiyası öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir. Təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır".

Yarımçıq suverenlikdən tam siyasi kimliyə

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, Azərbaycan yarımçıq suverenlikdən tam siyasi kimliyə keçir. Onun sözlərinə görə, Zəfərdən sonra konstitusiyada yazılan "Azərbaycan vahid və bölünməz dövlətdir" fikri kağızdan çox, torpaqda təsdiqlənib. Z.Oruc bildirib ki, Azərbaycanın yeni milli ideologiyası bu gün üç sütun üzərində qurula bilər: "Birincisi, suveren düşüncədir. Bu, təkcə sərhədlərinə deyil, uğur hekayələrinə, siyasi gündəliyinə özü nəzarət edən, yalnız torpaqlar üzərində yox, düşüncə, ideya və informasiya məkanında da qazanılan müstəqillikdir. İkincisi, hər bir vətəndaş konstitusiyada öz hüququnu görməlidir. Üçüncü sütunda isə gələcək nəsillər üçün modern, güclü, hüquqa əsaslanan, texnologiyaya və ədalətə söykənən bir dövlət qurmaq dayanır. Bölgədə sülhün inşası suverenliyin təminatçısı olacaq".

 

banner

Oxşar Xəbərlər