• cümə, 19 Aprel, 09:17
  • Baku Bakı 13°C

Hər bir deputat üçün ən böyük parlamentarizm məktəbi

21.06.22 15:00 731
Hər bir deputat üçün ən böyük parlamentarizm məktəbi

Müstəqillik hər bir millətin ən çox arzusunda olduğu, nail olmaq istədiyi, lakin heç də bütün millətlərə nəsib olmayan ən ali siyasi-hüquqi dəyərdir. Tarixdən məlumdur ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu əbədi, dönməz, sarsılmaz etmək də bir o qədər çətin və mürəkkəb məsələdir. Elə müstəqilliklə bağlı xalqımızın tarixən yaşadığı hadisələr buna ən böyük nümunədir. Çar Rusiyasının dağılması nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini dünyaya bəyan etsə də, ovaxtkı hakimiyyət bu müstəqilliyi qoruyub saxlaya bilməmişdi.

Bu sözləri Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

O qeyd edib ki, SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız müstəqilliyini yenidən bərpa etsə də həmin vaxt xaos, anarxiya, ölkədə vətəndaş müharibəsi, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi ilə səciyyələnirdi. Ərazi bütövlüyümüz pozulmuşdu, ölkə iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi, ölkədə hökm sürən özbaşınalıq, siyasi hərc-mərclik bizi yenicə bərpa etdiyimiz müstəqilliyin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Prezident İlham Əliyev Azərbaycanın həmin vəziyyətini çox gözəl bir bənzətmə ilə ifadə etmişdir: “Ovaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır: bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Eyni mənzərəni biz bu gün Ermənistanda görürük”.

Ziyafət Əsgərovun sözlərinə görə xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il 15 iyun tarixində-xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə qayıdışından sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən ulu öndər Heydər Əliyev də bu məsuliyyəti olduqca gözəl ifadə etmişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq xalqın iradəsinin tam qələbəsi demək idi, bununla ölkəmizdə Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun parlamentə rəhbərlik etdiyi dövr bu gün də Milli Məclisimizin üzvü olan hər bir deputat üçün ən böyük parlamentarizm məktəbidir.

“Ulu öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın gələcək inkişafının strateji hədəflərini müəyyənləşdirdi və ölkəmiz demokratik-hüquqi dövlət quruculuğu yoluna əzmlə qədəm qoydu. Əslində bizim üçün bu qurtuluşun əsasları hələ çox-çox əvvələ, Ulu Öndərin 1969-cu ilin 14 iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilməsinə dayanır. Öz millətini dərindən sevən və onun müstəqilliyini bərpa edəcəyinə hər zaman inan Ümummilli Lider respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görmüş, mövcud imkanlardan ən yüksək səviyyədə bacarıqla istifadə etmişdir və ən əsası hər bir azərbaycanlının qəlbində illərdən bəri sönməyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün respublikada sağlam mühit formalaşdırmışdı. Məhz bunun səbəbdir ki, xalqın Heydər Əliyevə olan inamı, sevgisi və dayağı möhkəm və sarsılmaz idi. Çünki xalq artıq Ulu Öndərin liderlik keyfiyyətlərinin, onun müdrikliyinin, həlledici anlarda məsuliyyətli və cəsarətli addımlar atmaq bacarığının şahidi olmuşdu.

Hakimiyyətə qayıtdığı ilk günlərdən həm millətin, həm də dövlətin xilaskarı missiyasını yerinə yetirməyə başlayan Ulu Öndər milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirdi. Seperatçılıq meyillərinin baş qaldırdığı həmin dövr Azərbaycanda bu, həm ən mühüm, həm də öhdəsindən gəlmək olduqca mürəkkəb olan bir məsələ idi. Söhbət təkcə dil, din, adət-ənənələrin, mədəni, mənəvi dəyərlərin qorunub saxlanılmasından getmir. Bu dəyərləri bütün ölkə miqyasında birləşdirməklə ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirən Heydər Əliyev “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” ideologiyasını həyata keçirmiş oldu”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

O qeyd edib ki, bu gün torpaqlarını düşmən işğalından azad edərək özünün ən qüdrətli, istiqrarlı dövrünü yaşayan Azərbaycanın istənilən sahədə inkişafının təməlində məhz Ulu Öndərin qayıdışı və onun xalqımız, dövlətimiz üçün etdiyi xidmətlər dayanır.

“Elə təkcə Vətən müharibəsində qazanılmış Zəfər fonunda Azərbaycanın inkişaf təməllərinin necə möhkəm atılmış olduğunu təhlil edə bilərik. Təsəvvür edin ki, 30 ilə yaxın davam edən bir problemə, işğala 44 gün ərzində son qoyuldu. Bu nəyin sayəsində oldu? Bu Ulu Öndərin bizə miras qoyduğu güclü, sabit, demokratik, hüquqi və ən əsası müstəqil dövlətçilik təməllərimiz sayəsində oldu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ilk öncə ölkədə sabitliyə, vətəndaş həmrəyliyinə nail olunması, demokratik islahatlara start verilməsi, ölkədə demokratik idarəetmə sisteminin formalaşdırılması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması, uğurlu iqtisadi siyasət, “Əsrin müqaviləsi”nin bağlanması, müstəqil Azərbaycanın ən uğurlu şəkildə dünya birliyinə inteqrasiyasının təmin edilməsi, başda qardaş Türkiyə Respublikası olmaqla dünya dövlətləri və dünyanın nüfuzlu beynəlxalq təkilatlatları ilə çoxşaxəli qarşılıqlı əlaqələrin qurulması, bunun fonunda siyasi çəkimizin artması, ordu quruculuğu prosesinin sürətlənməsi, xalq-iqtidar birliyinin möhkəmlənməsi - bütün bunların hamısı biri-biri ilə sıx bağlı olan və sadalamaqla bitməyən Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında gördüyü xidmətlərdir. Ulu Öndərin təməlini qoyduğu xalq-iqtidar-ordu birliyi və onun yetişdirdiyi, “ona özüm qədər inanıram” dediyi, layiqli varis, davamçı Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi əvəzsiz rolu Zəfəri xalqımıza qazandıran ən mühüm amillər oldu”, - deyə Ziyafət Əsgərov bildirib.

Deputat sonda onu da deyib ki, biz ümummilli lider Heydər Əliyevin qurduğu dövlətin vətəndaşlarıyıq, biz həm də qalib dövlətin vətəndaşlarıyıq. Bu qalibiyyətin memarı Prezident İlham Əliyevdirsə, qalibiyyətin əsasında isə ulu öndər Heydər Əliyev siyasəti dayanır. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev Azərbaycanın qurucusu kimi anılmağa və xalqımızın qəlbində yaşamağa davam edəcək.

banner

Oxşar Xəbərlər