• çərşənbə, 11 Dekabr, 18:40
  • Baku Bakı 10°C

Həllini gözləyən böyük ədalətsizlik

07.12.24 06:03 574
Həllini gözləyən böyük ədalətsizlik

Azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlik olaraq qalır. Halbuki qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır.

Doğma yurdlarından qovulmuş soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüquqlarının təmini məsələsi artıq beynəlxalq müstəvidə dünya ictimaiyyətinin diqqətinə çatdırılmaqdadır. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı da bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin davamı olaraq qiymətləndirilir. Qeyd edək ki, konfransa aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı qatılıb. 

“Ermənistan monoetnik dövlətə çevrilib”

Prezident İlham Əliyev rəsmi Bakının Qərbi Azərbaycan məsələsi ilə bağlı mövqeyini konfrans iştirakçılarına ünvanladığı müraciətdə bir daha açıqlayıb. 

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib: “Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb və Ermənistan monoetnik dövlətə çevrilib”. Azərbaycan Prezidentinin də müraciətindən göründüyü kimi, dünya ictimaiyyəti əslində bu faktı gözardı etməyə çalışaraq İrəvanı məsuliyyətdən yayındırır. 

Dözümsüzlük və irqçilik nümunəsi

Ermənistanın Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər bununla da yekunlaşmır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub.
Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

“Bu, sırf insan haqları məsələsidir”

Bakı ali rəhbərliyinin timsalında Qərbi Azərbaycan məsələsinin əsl məqsədinin İrəvanın iddia etdiyi kimi “Ermənistanın ərazi bütövlüyünə təhdid” yox, məhz hüquqları tapdalanmış soydaşlarımızın ləyaqətli geri dönüşünün təmini olduğunu bəyan edir. “Bu, sırf insan haqları məsələsidir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısının bu açıqlaması konfransda çıxış edən beynəlxalq mütəxəssislər və ictimai xadimlər tərəfindən də birmənalı olaraq dəstəklənib.  

Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir: “İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir”.
Türkiyəli deputat beynəlxalq ictimaiyyətin Azərbaycan xalqının məruz qaldığı zülmə səssiz qalması və əksinə, zülm edənə dəstək olmasından təəssüfləndiyini vurğulayıb.

Konfransın yekun sənədində də bildirilir ki, azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir. Qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Bu səbəbdən, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmalıdır. İrəvan qayıdış prosesində mülkiyyət hüquqlarını bərpa etməli, pozulmuş hüquqlara görə kompensasiya ödəməli, nifaq salan qurumları ləğv etməli, Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamalıdır. 

Bütün bunlar Ermənistan rəhbərliyinin atmalı olduğu addımların sadəcə çox kiçik bir hissəsidir. Qərbi Azərbaycana ləyaqətli qayıdış istiqamətində həyata keçirilən ardıcıl siyasət bundan sonra da davam etdiriləcək. 

F.Abasoğlu  

 

banner

Oxşar Xəbərlər