• cümə axşamı, 02 yanvar, 16:21
  • Baku Bakı 11°C

Həlak olan ekipaj üzvləri dəfn edildilər 

30.12.24 04:10 380
Həlak olan ekipaj üzvləri dəfn edildilər 

Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin həlak olan ekipaj üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva ilə vida mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Vida mərasimində digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aviasiya tariximizdə silinməz iz buraxdılar

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hadisə baş verən andan xalqımızın kədərə boğulduğunu deyib. Nazir belə bir çətin vəziyyətdə pilotlarımızın, təyyarə bələdçilərinin böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərdən biri kimi tanındığını, pilotların göstərdiyi şücaətin Azərbaycanın aviasiya tarixində silinməz iz buraxdığını diqqətə çatdırıb.

Peşəkarlıq nümunəsi idilər

AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarəyə qeyri-qanuni güc təsiri olduğunu, nəticədə təyyarənin güclü xəsarət aldığını, onu idarə edən sistemlərin sıradan çıxarıldığını bildirib. O, baş vermiş hadisənin ölkəmizin pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğun olduğunu göstərdiyini bildirib. Vitse-prezident günahkarların tapılacağını və cəzalandırılacağını, hadisənin bütün detallarının araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini diqqətə çatdırıb.


Həlak olan ekipaj üzvlərinin yaxınları və onlarla birgə çalışan əməkdaşlar xatirələrini bölüşüblər.

II Fəxri xiyabanda dəfn edildilər

Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva dekabrın 29-da II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlara Milli Qəhrəman adı verildi

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

 

banner

Oxşar Xəbərlər