• bazar ertəsi, 16 sentyabr, 23:02
  • Baku Bakı 25°C

Gürcüstan üçün kritik seçki

07.09.24 03:18 1019
Gürcüstan üçün kritik seçki

Əksəriyyət hesab edir ki, payızda keçiriləcək parlament seçkiləri Avropa və Rusiya arasında seçim seçkisi olacaq. Seçicilərin müharibə və sülh arasında seçim etməli olacaqları bildirilib.

Gürcüstanda parlament seçkiləri ilə bağlı mübarizə rəsmən başlayıb. Seçki qanunvericiliyinə əsasən, seçkiöncəsi təbliğat çərçivəsində bir sıra qaydalar da qüvvəyə minib. Oktyabrın 26-da seçicilər dörd il müddətinə Gürcüstan parlamentinin 150 deputatını proporsional seçki sistemi əsasında seçəcəklər. Gürcüstanda ilk dəfə olaraq Seçki Administrasiyası ən geniş miqyasda elektron seçki texnologiyalarından istifadə edəcək və seçicilərin təxminən 90 faizi elektron vasitələrdən – yoxlama və səssayma cihazlarından istifadə etməklə səs verəcək. Ümumilikdə 3 030 seçki məntəqəsi açılacaq, onlardan 2 262-də səsvermə elektron, 768-də isə ənənəvi üsulla keçiriləcək. İndiyə qədər Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak edəcək 27 partiyanı qeydə alıb. 

İqtidar da, müxalifət də hazırlaşır

Ölkədə seçkiqabağı vəziyyət isə gərgin olaraq qalır. 12 ildir ki, məşəli “Gürcü Arzusu - Demokratik Gürcüstan” aparır və onu heç kimə də ötürmək niyyətində deyil. Bunun bir neçə səbəbi var. Birincisi, məğlubiyyət bütün faydaların və təhlükəsizlik risklərinin itirilməsinə bərabərdir. Amerikalılar və avropalılar öz bəyanatları ilə gürcü siyasi elitasının bu gizli qorxusunun atəşinə yağ tökürlər. İkincisi, siyasi sahədə real alternativlər yoxdur. 

Müxalifət də öz növbəsində yenidən parlamentdə yer qazanmaqda israrlıdır. Əgər o, Qərb siyasətçiləri ilə uğurlu əlaqələr qura bilsə, o zaman bir növ “SOS düyməsi” rolunu oynaya bilər. Bu rolu Gürcüstan siyasətində çox vaxt Qərbin təsirini təcəssüm etdirən tənqidi media adlandırılan media oynayır. 

Prezidentin dəyişməz mövqeyi

Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkilərlə bağlı mövqeyi də maraqlıdır. Seçkiöncəsi vəziyyətə  bu mövqe güclü təsir edə bilər. Onun sözlərinə görə, “bu gün ölkədə baş verənlər Gürcüstan üçün faciədir”. Zurabişvili qeyd edir ki, Gürcüstan həmişə öz müstəqilliyini və mədəni dəyərlərini, o cümlədən tolerantlıq və müxtəlifliyi necə qoruyacağını bilir. “Bu gün təmsil olunan ölkə Gürcüstan deyil, başqasıdır. Bu, işğalçıya boyun əyməyə, işğalçıya güzəştə getməyə hazır olan, bu illərdə Gürcüstana, dövlətə dəstək verənlərdən üz döndərməyə hazır olan ölkədir... Elə bir ölkə görürük ki, demək olar ki, bütün qurumlar məzmununu və müstəqilliyini itirib”, - prezident bildirib.
O, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin “öz əhalisinə, ölkədəki siyasi qüvvələrə qarşı müharibə elan edən ritorikasını” pisləyib.

 

Qərbin xəbərdarlığı

Qərblə də Gürcüstanın münasibətləri düzəlmir. Avropa İttifaqı Gürcüstan hökumətinə seçkilərdən sonra müxalifət partiyalarını sıradan çıxarmamaq barədə xəbərdarlıq edib. Yayılan xəbərlərə görə, Qərb oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır. Qeyd olunub ki, ABŞ “Gürcü Arzusu” Partiyasının mövqeyini mümkün qədər zəiflətmək üçün Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədir.

Aİ-nin baş diplomatı Cozep Borrel Brüsseldə XİN başçılarının qeyri-rəsmi görüşündə deyib ki, qurum Gürcüstan hakimiyyətinin kursundan son dərəcə narahatdır və bu, ölkəni təşkilata üzvlükdən uzaqlaşdırır. “Biz bu ölkənin kursu ilə bağlı son dərəcə və getdikcə daha çox narahat oluruq. Gürcüstan Aİ-dən daha da uzaqlaşır”, - Borrel bildirib. Onunla yanaşı, Aİ-nin xarici işlər üzrə nümayəndəsi Peter Stano “Gürcü Arzusu”nun bütün müxalifət partiyalarını qadağan etmək məqsədi daşıyan təkliflərindən narahatlığını bildirib. O, fəal vətəndaş cəmiyyəti, müstəqil media və siyasi plüralizmin Gürcüstanın Aİ-yə daxil olması üçün əsas şərtlər olduğunu vurğulayıb. Stano həmçinin bildirib ki, Gürcüstan hökumətinin hazırkı kursu Aİ-yə inteqrasiya prosesinin dayandırılmasına gətirib çıxara bilər. 

Qanuna tabe olmayanlar

Əksəriyyət hesab edir ki, payızda keçiriləcək parlament seçkiləri "Avropa və Rusiya arasında seçim seçkisi" olacaq. Seçicilərin müharibə və sülh arasında seçim etməli olacaqları bildirilib. Gürcüstan uzun müddət NATO və Aİ-yə qoşulmaq niyyətində olsa da, son illər hökumətin Qərblə münasibətlərində geriləmə var, Tbilisinin Rusiyaya tərəf yönəldiyi görünür. Brüssel Aİ-nin Tbilisi ilə üzvlük danışıqlarına fasilə verib, Birləşmiş Ştatlar Gürcüstanla münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb. Buna Gürcüstan hökumətinin etirazlara baxmayaraq, "xarici agent" qanununu qəbul etməsi səbəb olub. 

Gürcüstan hökuməti "xarici qüvvənin maraqlarına xidmət edən" qurumlara dair bilgi bazasını avqustun 1-də formal olaraq işə salıb. Maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarına bu bazada qeydiyyatdan keçmək üçün bir ay vaxt verilib. Tbilisidə yerləşən Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) də tələbə əməl etməlidir. Bu seçki monitorinqi qrupu, demək olar, bütün maliyyəsini Qərb donor qurumlarından - Aİ-dən, ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Vaşinqtonda yerləşən Milli Demokratiya Fondundan və müxtəlif Avropa dövlətlərinin səfirliklərindən alır. Ancaq ISFED bilgi bazasında qeydiyyatdan keçmir. Gürcüstanda 400-dən çox təşkilatla birlikdə, onlar da vətəndaş itaətsizliyi aktı olaraq ictimai şəkildə yeni qaydaya tabe olmurlar. 
Bəs seçki proqnozları necədir? Əksəriyyət hesab edir ki, Gürcüstandakı hadisələr “maydan”a gətirib çıxarmayacaq. ABŞ və Aİ Tbilisini sanksiyalarla hədələməkdə davam etsə də, Gürcüstan hökuməti buna sərt reaksiya verməyəcək. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər