bazar, 29 Yanvar, 16:08

Baku Bakı 8°C

Gümrüdə anti-Rusiya aksiyası – Paşinyanın hədəfləri - VİDEO

icon 762 icon 08 yanvar 2023 | 18:43 Gümrüdə anti-Rusiya aksiyası – Paşinyanın hədəfləri - VİDEO

Ermənistanda Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirilib. Ermənilər aksiyada “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir”, “Ar olsun bu müttəfiqliyə”, “KTMT-yə YOX!” şüarları səsləndiriblər. Anti-rusiya aksiyasında etirazçılarla polis arasında qarşıdurma baş verib, saxlanılanlar var.

Kaspi.az-ın xəbərinə görə, Ermənistandakı anti-Rusiya aksiyasının səbəbini "ARB-24"ün efirindəki "Gündəm" verilişinə şərh edən siyasi şərhçi Elxan Şükürlü bildirib ki, belə etirazların olacağı əvvəlcədən proqnozlaşdırılıb.

Onun sözlərinə görə, bugünkü aksiya qəfildən, spantan olaraq meydana çıxmayıb: “Son iki ildə, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Nikol Paşinyan hökuməti hətta hərbi əməliyyatların gedişi dönəmində belə, öz məğlubiyyətini, hərbi uğursuzluğunu daha çox Rusiyanın Azərbaycanın və Türkiyənin maraqlarını nəzərə alması ilə əlaqələndirməyə çalışıb. Son iki il ərzində bu, davamlı xarakter alıb. Hal-hazırda baş verən aksiyanı da birbaşa Paşinyan hakimiyyəti təşkil edib. Nə qədər desələr də bunu hansısa Qərbyönümlü dairələr, ictimai təşkilatlar təşkil edib, inandırıcı deyil. Çünki son illər Ermənistanda təşkil edilən bütün aksiyaların arxasında Baş nazir Nikol Paşinyanın özü dayanır. Bunu söyləmək üçün kifayət qədər əsaslarımız var”.

Siyasi şərhçi son aksiyanın nə vaxt və harada keçirildiyinə, səsləndirilən şüarlara diqqət çəkib. Deyib ki, bütün bunlar məsələnin mahiyyətini çözməyə yardım edir: “Ötən ilin dekabrın sonlarına doğru Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin İctimai televiziyasında çıxışı olub. Erməni rəsmisi tərəfindən açıq şəkildə etiraf olunub ki, Rusiya Ermənistana iki məsələdə təzyiq göstərir. Bunlardan birincisi Zəngəzur dəhlizinin açılmasıdır, ikincisi isə Ermənistanın gələcəkdə Rusiya-Belarus ittifaqına qoşulmasıdır. Yəni Armen Qriqoryan açıq şəkildə elan edib ki, Rusiya İrəvana bu iki istiqamət üzrə təzyiq göstərir. Bu gün Ermənistanda keçirilən aksiyada qaldırılan şüarların mahiyyətində Rusiyadan narazılıq ifadə olunur. Ermənistanda Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən bu yana yürüdülən siyasi kursun detalları bugünkü aksiyada öz əksini tapıb”.

E.Şükürlü qeyd edib ki, N.Paşinyanı Ermənistanda hakimiyyətə gətirən Qərbyönümlü qüvvələrdir. Siyasi şərhçinin qənaətincə, ABŞ, Avropa İttifaqı və Fransanın Paşinyan hakimiyyətini qorumağının əsas səbəbi budur ki, onlar Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışırlar: “Paşinyan hakimiyyətinə verilən əsas təlimatlardan biri budur ki, o, Ermənistan cəmiyyətində anti-Rusiya ovqatını, meylini gücləndirməlidir. Paşinyan Rusiyanın artıq Ermənistana kömək etmədiyi təəssüratını yaratmalı, cəmiyyətin Qərbə yaxınlaşması prosesini sürətləndirməlidir. Paşinyan Ermənistanda hakimiyyətə gələn gündən indiyə qədər Avropaya inteqrasiya xəttini əsas tutub. Onun bütün çıxışlarında, bəyanatlarında Ermənistanın Avropa İttifaqı, NATO ilə yaxınlaşması təşəbbüsləri ortadadır. Paşinyan hətta hakimiyyətə gəlməmişdən öncə parlamentdəki fəaliyyətində də daha çox qərbyönümlü mövqeyi ilə seçilirdi. İndi isə artıq belə bir qüvvə Ermənistanda hakimiyyət başındadır”.

Siyasi şərhçi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən Ermənistan cəmiyyəti Paşinyanı və hakimiyyətini müdafiə edir: “Bu, Paşinyan hakimiyyətinin son 4 ildə apardığı siyasi kursla əlaqədardır. O, məqsədli şəkildə Ermənistanı Rusiyadan, Moskvanın müdafiə etdiyi KTMT-dən, MDB-dən, Avrasiya İqtisadi Birliyindən uzaqlaşdırmaq siyasi xəttini seçib. Məhz buna görə Paşinyan Qərb tərəfindən böyük himayəyə malikdir. Bu gün Ermənistanda keçirilən anti-Rusiya aksiyasında səsləndirilən şüarlar Moskva-İrəvan münasibətlərinin hansı həddə qədər qırılma nöqtəsinə yaxınlaşdığını aydın şəkildə göstərir. Bundan sonra Rusiya ilə Ermənistanın münasibətlərindəki gərginlik daha açıq xarakter alacaq. Əslində bu, Azərbaycan üçün lazım olan məqamlardan biridir. Biz Rusiya ilə hər hansı konfliktli situasiya yaratmadan Moskva-İrəvan münasibətlərindəki gərginlikdən məharətlə istifadə etməyi bacarmalıyıq”.

Alpər TURAN