• şənbə, 11 Oktyabr, 11:34
  • Baku Bakı 14°C

Gərginliyə son qoyan görüş

11.10.25 04:42 109
Gərginliyə son qoyan görüş

İlham Əliyev-Vladimir Putin görüşü on bir aydan çox davam edən Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik fonunda müsbətə doğru yeni başlanğıc kimi dəyərləndirilir. Milli maraqların bərabər səviyyədə nəzərə alınması, qarşılıqlı hörmət prinsipləri bundan sonrakı Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. 

Düşənbədə reallaşan İlham Əliyev-Vladimir Putin görüşü on bir aydan çox davam edən Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik fonunda müsbətə doğru yeni başlanğıc kimi dəyərləndirilir. Təbii ki, bu başlanğıcı şərtləndirən amil gərginliyin əsas səbəbi sayılan AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı Rusiya Prezidentinin media qarşısında Azərbaycanın haqlı tələblərini özündə əks etdirən çıxışı idi.

Suallara aydınlıq gətirən açıqlamalar 

Bir daha qeyd edək ki, qəzanın səbəbləri və mövcud reallıq fonunda Azərbaycanın tələbləri var idi. Uzun müddət idi bu kontekstdə müzakirələr gedirdi. Düşənbədə keçirilən görüşdə demək olar bütün suallara aydınlıq gətirildi. Rusiya Prezidenti səmimi şəkildə, mətbuatın iştirakı ilə hadisənin təfərrüatları barədə fikirlərini söylədi. Qəzanın səbəbləri ilə bağlı danışarkən Rusiyanın hava müdafiə sistemində texniki nasazlığın olması, bu sistemlərdən buraxılan iki raketin qalıqlarının təyyarəyə ciddi zərər verməsi açıq şəkildə ifadə edildi. Digər mühüm bir məqam isə hadisəyə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı Rusiya liderinin açıqlamasıdır ki, Vladimir Putin tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyi və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyi bəyan olunub.

Güclü siyasi iradə, diplomatik peşəkarlıq

Proseslərin mövcud məntiqi sonluğunu şərtləndirən başlıca amil isə Prezident İlham Əliyevin sözügedən proseslə bağlı ortaya qoyduğu güclü siyasi iradə və rəsmi Bakının çevik diplomatik gedişləri oldu. Siyasi münasibətlərdə müşahidə olunan gərginliyin digər sahələrdə, xüsusilə iqtisadi sektorda əməkdaşlıq imkanlarına kölgə salınmasına imkan verilmədi. Azərbaycanın ali rəhbərliyinin sərgilədiyi mövqe qarşılıqlı maraqların nəzərə alınması, münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq mexanizminin tətbiqini artıq reallığa çevirib.  

Üst-üstə düşən qarşılıqlı maraqlar

Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin qarşılıqlı maraqlara zərər verdiyini Vladimir Putinin Düşənbə görüşündəki çıxışında da müşahidə etdik. “Bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”, - Putin deyib. Beləliklə, Kreml rəhbərinin məlum çıxışı Rusiyanın Azərbaycanla münasibətlərin əvvəlki səviyyəyə qayıtmasına xüsusi önəm verdiyi təəssüratını yaradır. Bunun nə dərəcədə reallığa çevriləcəyini isə zaman göstərəcək. 

Anti-Azərbaycan qüvvələrin suya düşən planları

Əliyev-Putin görüşünü əhəmiyyətli edən digər vacib məqam isə odur ki, münasibətlərin normallaşması Rusiya ərazisində daim anti-Azərbaycan mövqeyi ilə seçilən dairələrin fəaliyyət imkanları xeyli məhdudlaşır. Xüsusilə Simonyan, Solovyov, Zatulin və digər bu kimi ermənipərəstlər öz məqsədlərinə nail ola bilmədilər. Putinin Azərbaycanla münasibətlər haqqında Kremlin rəsmi mövqeyini açıq şəkildə bəyan etməsi bu qüvvələr üçün də bir siqnal sayılır. Digər tərəfdən, iki ölkə arasındakı gərginlikdən istifadə etmək istəyənlərin arzuları ürəklərində qalmış olur. 

Cənubi Qafqazda söz sahibi olmağımız təsdiqlənir 

Görüş çərçivəsində Prezident İlham Əliyevin çıxışı isə özünün konkretliyi və hədəfliliyi ilə seçildi. Dövlət başçısı Vladimir Putinin açıqlamalarından məmnun qaldığını bəyan edərək qəza ilə bağlı araşdırmaların bir daha obyektiv sonluqla yekunlaşacağına inandığını bildirdi. Həmçinin iki ölkə arasında iqtisadi-ticari sahədə müşahidə olunan dinamikanı, əvvəlcədən razılaşdırılmış layihələrin uğurla davam etdiyini bildirdi. 

Beləliklə, Düşənbədə reallaşan Əliyev-Putin görüşünün Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyə son qoyduğunu söyləmək olar. Tərəflər aralarındakı problemləri dialoq yolu ilə ardan qaldırmaqda maraqlı olduqlarını açıq şəkildə nümayiş etdirmiş oldular. İki qonşu dövlət bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu açıq şəkildə ifadə etmiş oldu. 
Bu proses həm də Azərbaycanın Cənubi Qafqazda söz sahibi olduğunu, güclü dövlətlərin liderlərinin rəsmi Bakının, xüsusilə də Prezident İlham Əliyevin iradəsi ilə ciddi şəkildə hesablaşdığını bütün dünyaya nümayiş etdirdi. Ən əsası isə, tarixi qələbəmizdən sonra mövcud reallıqlara uyğun şəkildə ikitərəfli münasibətlərdə tələb etdiyimiz milli maraqların qarşılıqlı olaraq bərabər səviyyədə nəzərə alınması, qarşılıqlı hörmət prinsipləri bundan sonrakı Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər