• çərşənbə, 16 Oktyabr, 01:47
  • Baku Bakı 16°C

Gəncə şəhər stadionunun təməli qoyulub

10.04.24 00:10 2343
Gəncə şəhər stadionunun təməli qoyulub

Prezident İlham Əliyevin Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri çərçivəsində səkkiz yaşayış məntəqəsini birləşdirən yol, Gəncə İdman Sarayı istifadəyə verilib. Dövlət başçısı Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. 

Prezident İlham Əliyev Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra açılışlara qatılıb. 

Səkkiz yaşayış məntəqəsini birləşdirən yol

Dövlət başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. 

Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun səkkiz yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

İntensiv suvarma sahələrinin ərazisi genişləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Dövlət başçısına Hacıqabul suvarma layihəsi barədə də məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin bildirilib ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

Ekoloji Park Kompleksi ilə tanışlıq

Prezident Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bildirilib ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Burada son tamamlama işləri həyata keçirilir.

Gəncə İdman Sarayı istifadəyə verilib

Dövlət başçısı Gəncə İdman Sarayının açılışında da iştirak edib. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. 

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

15 min 464 yerlik stadion

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini də qoyub. Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.

Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Prezident Qəbələ rayonuna səfəri çərçivəsində isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.

banner

Oxşar Xəbərlər