• şənbə, 02 Avqust, 19:47
  • Baku Bakı 33°C

Fransız müstəmləkəçiliyinin mirası

02.08.25 03:23 172
Fransız müstəmləkəçiliyinin mirası

Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır. Vaxtilə fransız topoqrafların bilərəkdən buraxdığı səhv nəticəsində bu gün minlərlə insan silahlı toqquşmalardan əziyyət çəkir. 

Tailand və Kamboca arasında hərbi qarşıdurma Cənub-Şərqi Asiyanın silahlı qeyri-sabitlik ocağına çevrilmə təhlükəsini artırır. İyulun 24-də tərəflər arasında sərhəd münaqişəsi yaşanıb, 300 minə yaxın insan ərazidən təxliyə edilib, ölən və yaralananlar olub. 

Tramp bu problemi də həll etdiyini deyir

İyulun 28-də Malayziyanın hökumət başçısı Ənvər İbrahim Kuala-Lumpurda Tailandın səlahiyyətli Baş naziri Pumtam Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manetin danışıqlarının nəticəsinə əsasən ölkələr arasında atəşkəs elan edib. Ənvər İbrahim bildirib ki, tərəflər qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub. 

Lakin anlaşmanın nə qədər sürəcəyi bəlli deyil. ABŞ Prezidenti Donald Tramp dərhal Tailand və Kamboca arasındakı sərhəd münaqişəsinin Vaşinqtonun vasitəçiliyi ilə həll olunduğunu iddia edib. Tramp daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın səlahiyyətli Baş naziri Phumtham Vechayachai ilə telefon danışıqları aparıb. ABŞ lideri xəbərdarlıq edib ki, əgər döyüş əməliyyatları dayandırılmasa, ölkəsi Tailand və Kamboca ilə ticarət danışıqları aparmayacaq.

Qanlı münaqişə tarixə “məbəd müharibəsi” kimi düşəcək 

Qeyd edək ki, bu, iki dövlət arasında ilk silahlı toqquşma deyil. Lakin bu dəfə döyüş əməliyyatları miqyasına görə əvvəlki bütün toqquşmaları üstələyib. Budəfəki qanlı münaqişə tarixə “məbəd müharibəsi” kimi də düşəcək. Banqkok və Pnompen məbəd komplekslərinin ərazilərinin mənsubiyyətini yüz ildən çoxdur ki, mübahisə edirlər. Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai deyib ki, Kamboca ilə münaqişə həssas məsələdir və ona ehtiyatla, beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. "Kamboca həmişə problemlərin sülh yolu ilə həlli mövqeyini tutub, lakin bu halda silahlı təcavüzə cavab verməkdən başqa seçimimiz yoxdur", - o, “Facebook”da yazıb.

Tərəflər hərbi toqquşmada maraqlı idi?

Tailand və Kamboca arasındakı ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib. Bəzi ekspertlərin fikrincə, hazırkı vəziyyət Tailandın hakim elitasına bu qarşıdurma ilə daxili siyasi böhrandan diqqəti yayındırmağa imkan verir. Ölkədəki vəziyyət normallaşma istiqamətində getdikcə, gərginlik də səngiyəcək. Digər ekspertlər isə hesab edirlər ki, hər iki tərəf əvvəlcədən bu münaqişəyə rasional şəkildə gedib, onun genişmiqyaslı qarşıdurmaya çevrilməməli olduğunu anlayıblar. Gərginliyin davam etdirilməsində də heç kim maraqlı deyil. Belə bir fikir də var ki, hazırda hər iki ölkədə qarşıdurmadan qaçmaq üçün kifayət qədər nüfuza və əminliyə malik liderlərin çatışmazlığı var. 

Analitik Aleksandr Korolyov da hesab edib ki, münaqişənin hazırkı gərginləşməsi əslində Tailanddakı daxili siyasi böhranla bağlıdır. Onun sözlərinə görə, Kamboca hakimiyyəti də belə bir eskalasiyada maraqlı idi. 

Qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır

Münaqişənin predmeti hindu məbədi və onun yerləşdiyi 4.6 kvadrat kilometrlik ərazidir. XI əsrdə inşa edilən bu məbəd Kamboca-Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. İki ölkə arasında qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır. 1904-cü ildə Siam (Tailandın əvvəlki adı) Fransa nəzarəti altında olan Kamboca ilə aydın sərhəd çəkməli olan demarkasiya komissiyasının yaradılmasına razılıq verib. Tərəflər ilkin olaraq, Dangrek silsiləsi boyunca sərhəd xətti  çəkməyi razılaşıblar. Bu isə Preahvihea məbədinin Siamın nəzarətinə keçməsi demək idi. Lakin 1907-ci ildə fransız coğrafiyaçıları məbədin Kamboca ərazisi kimi göstərildiyi xəritə dərc ediblər. Yalnız 1930-cu illərdə Tailandda xəritədəki uyğunsuzluğu fərq ediblər. Tailand coğrafiyaçıları öz topoqrafik ölçmələrini aparıblar və 1953-cü ildə fransız qoşunlarının Kambocadan çıxarılmasından sonra krallıq məbədin yerləşdiyi əraziyə öz hərbçilərini göndərib. 1959-cu ildə Kamboca Tailanda qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Məhkəmə 1962-ci ildə Tailanddan məbədi Kamboca tərəfinə güzəştə getməyi tələb edib. 2008-ci ildə Tailand hakimiyyəti Kambocanın məbəd kompleksini UNESCO-nun Dünya İrsi siyahısına daxil etmək üçün atdığı addımlara etiraz edib. Beləliklə, əminliklə deyə bilərik ki, iki ölkə arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır. 

Rusiya və ABŞ silahlarının mübarizəsi 

Son illərdə hər iki ölkə gözlənilən təhlükəyə görə hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti aparır. Tailand ordusu əsas etibarı ilə ABŞ silah və sursatı ilə təchiz edilib. Tailandın “Leopard” tankları, “F-16” təyyarələri mövcuddur. Arsenalında əsasən rus silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var. 

Bəs bu münaqişənin perspektivi necə olacaq və regional təsirləri nə ola bilər? Siyasi ekspertlər qarşıdurmanın yaxın zamanda yenidən başlaya biləcəyini düşünürlər. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər