• şənbə, 06 Iyun, 05:44
  • Baku Bakı 21°C

Etimada söykənən strateji müttəfiqlik

06.06.26 02:07 25
Etimada söykənən strateji müttəfiqlik

Çin və Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq XXI əsrin ən mühüm regional əməkdaşlıq modellərindən biri hesab olunur. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə “dəmir qardaşlıq” və “hər cür şəraitdə strateji tərəfdaşlıq” kimi xarakterizə edilir.

Hindistanla yaşadığı gərginlik fonunda Pakistanın qüdrətli strateji müttəfiqi formalaşıb. Rəsmi İslamabad qonşu Çinlə münasibətləri inkişaf etdirir. Ölkələr arasında qarşılıqlı səfərlər artıb, Pekin açıq və ya dolayı şəkildə İslamabada dəstək verir. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə “dəmir qardaşlıq” və “hər cür şəraitdə strateji tərəfdaşlıq” kimi xarakterizə olunur. Son illərdəki qlobal geosiyasi dəyişikliklər, regional təhlükəsizlik problemləri və iqtisadi maraqlar bu əməkdaşlığın daha da dərinləşməsinə səbəb olub. 

Şahbaz Şərifdən önəmli açıqlamalar

Pakistan Baş naziri Şahbaz Şərifin Çinə səfəri, aparılan müzakirələr və əldə olunan razılaşmalar da əməkdaşlığın pik həddə olduğunu təsdiqləyib. Ş.Şərif bəyan edib ki, ÇXR ilə münasibətlərin inkişafı Pakistanın xarici siyasətinin təməl daşıdır. “Pakistan tərəfi vahid Çin prinsipinə dönmədən riayət edir, Tayvan, Sintsyan və dəniz məsələləri daxil olmaqla, Çin tərəfinin əsas maraqlarına toxunan məsələlərdə onun ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir”, - deyə Baş nazir vurğulayıb. Ş.Şərif Çin müəssisələrini Pakistana investisiya qoymağa və biznes qurmağa dəvət edib. “Pakistan Çinin irəli sürdüyü dörd qlobal təşəbbüsü dəstəkləyir. Regionda və bütövlükdə dünyada sülhə, sabitliyə, inkişafa töhfə vermək üçün ÇXR ilə sıx çoxtərəfli kommunikasiya və qarşılıqlı əlaqə qurmaq arzusundadır”, - deyə Baş nazir vurğulayıb. 

İllərdir formalaşmış birgə maraqlar

İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlər Pekin və İslamabadın münasibətləri yeni mərhələyə daşımaq niyyətində olduğunu göstərir. Hər iki ölkə onilliklərdir ki, təhlükəsizlik, müdafiə sənayesi və iqtisadi sahələrdə sıx əməkdaşlıq edir. Xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm elementlərindən biri hesab olunur. Bu layihə vasitəsilə Çin Ərəb dənizinə çıxış əldə edir və enerji marşrutlarını diversifikasiya etmək imkanı qazanır. Pekinin Pakistanı dəstəkləməsinin digər mühüm səbəbi Hindistanla yaşadığı geosiyasi rəqabətdir. Sərhəd problemləri, regional nüfuz uğrunda mübarizə və Asiyada liderlik iddiaları Çin və Hindistan arasında münasibətləri daim gərgin saxlayır. 

XXI əsrin ən mühüm regional əməkdaşlıq modeli

Nəticə etibarilə, Çin və Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq XXI əsrin ən mühüm regional əməkdaşlıq modellərindən biri hesab olunur. İqtisadi layihələr, təhlükəsizlik sahəsində koordinasiya və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bu münasibətləri daha da möhkəmləndirir və gələcək illərdə əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyini göstərir. 

Son dövrlərdə Çin rəhbərliyi Pakistanla münasibətləri “sarsılmaz” və “hər şəraitə uyğun strateji tərəfdaşlıq” kimi qiymətləndirib. Çin Sədri Si Cinpin Ş.Şərif ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da genişləndiriləcəyini bəyan edib. 

Hərbi sahədə əməkdaşlıq isə münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Son illərdə Pakistan ordusunun istifadə etdiyi silah sistemlərinin böyük hissəsi Çin istehsalıdır. Mətbuatda yayılan məlumatlara görə, Çin ötən il Hindistan-Pakistan qarşıdurması zamanı Pakistan Hərbi Hava Qüvvələrinə texniki dəstək göstərdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib. Çin istehsalı olan J-10CE qırıcılarının və digər hərbi texnologiyaların bu qarşıdurmada istifadə edildiyi bildirilib. 

Kəşmir məsələsi yaxınlaşmanın əsas faktoru kimi

Kəşmir məsələsi də Pekin-İslamabad yaxınlaşmasının əsas faktorlarından biridir. Hazırda toplar sussa da, geosiyasi xarakterli ziddiyyətlər, xüsusilə Kəşmirin kimə məxsus olması barədə mübahisə hələ həll olunmayıb. Pekin bu tarixi münaqişədə də Pakistanın tərəfini tutur. Düzdür, Çin öz mövqeyini birbaşa deyil, dolayı formada ifadə edir. İki dövlətin liderlərinin birgə bəyanatında Çin tərəfi Kəşmir məsələsi üzrə prinsipial mövqeyini təsdiq edərək qeyd edib ki, bu məsələ "tarixin mirası"dır və BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll edilməlidir. 

Bu mövqe Hindistan tərəfindən etirazla qarşılanıb və Yeni Delhi Kəşmirin ölkənin ayrılmaz hissəsi olduğunu bir daha bəyan edib. Bununla yanaşı, Çin rəsmi bəyanatlarında regionda müharibənin genişlənməsinin əleyhinə olduğunu və tərəfləri dialoqa çağırdığını bildirir. Pekin nüvə silahına malik iki qonşu dövlət arasında genişmiqyaslı müharibənin bütün region üçün təhlükəli nəticələr doğura biləcəyini anlayır. Buna görə də Çin bir tərəfdən Pakistanla strateji əməkdaşlığı gücləndirir, digər tərəfdən isə gərginliyin nəzarətdən çıxmamasına çalışır.

Nəticə etibarilə, Çin-Pakistan strateji əməkdaşlığı Cənubi Asiyanın geosiyasi balansına təsir edən ən mühüm tərəfdaşlıqlardan biridir. İqtisadi, hərbi və diplomatik sahələrdə dərinləşən bu əməkdaşlıq Pakistanın regional mövqeyini gücləndirir. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər