• şənbə, 27 Aprel, 09:49
  • Baku Bakı 12°C

Etibarlı və davamlı tərəfdaşlar

16.03.24 00:37 2841
Etibarlı və davamlı tərəfdaşlar

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin sonuncu görüşü 2019-cu ildə baş tutub. Beş illik fasilədən sonra tərəflər yenidən bir araya gəlib və Bakı bəyannaməsini imzalayıblar. 

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçirilib. Xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli və gürcüstanlı həmkarları Hakan Fidan və İlya Darçiaşvili ilə keçirilən görüş zamanı bildirib ki, üç ölkə kritik, etibarlı və davamlı tərəfdaşlar olaraq əsl körpü qurucuları kimi çıxış edir.

Regional əməkdaşlığa ciddi tələbat var

C.Bayramovun sözlərinə görə, üçtərəfli görüş təsadüfi deyil və vacib təşəbbüsdür: "2019-cu ildə baş tutan görüşdən artıq 5 il keçir. Son üçtərəfli görüşdən sonra dünya həm qlobal, həm də regional miqyasda dəyişib. Bizim görüşümüzdən sonra son beş il ərzində beynəlxalq arenada ciddi hadisələr baş verdi. Artan təzyiq fonunda regional əməkdaşlığa ciddi tələbat var. Bu görüş hər üç ölkəyə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqdan faydalanmağa imkan verir. Eyni zamanda, əməkdaşlığımız regional və qlobal təhlükəsizlik və sabitliyə töhfə vermək baxımından da son dərəcə dəyərlidir".

Bakı sülh sazişinin tezliklə bağlanmasını gözləyir

Nazir bildirib ki, Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir. Onun sözlərinə görə, Azərbaycan regionda sülhün bərpasına sadiq qalır: "Son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir”. Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq aktorların ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid edir.

Bakı bəyannaməsi imzalanıb

C.Bayramov üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb. O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.

Zəfər bölgədə yeni reallıqlar yaradıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanı var: "Tbilisidəki son üçtərəfli görüşdən sonra istər regionda, istərsə də qlobal miqyasda dəhşətli hadisələrə şahidlik edilib. Bölgədə müsbət hadisələr də baş verdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Gürcüstan Avropa İttifaqına namizəd statusu qazandı".
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu tam potensialı ilə fəaliyyət göstərməlidir. H.Fidan Qarabağ zəfərinin doğurduğu reallıqlardan da söz açıb: “Zəfər bölgədə yeni reallıqlar yaradıb. Artıq regionda qalıcı sülhü təmin etmək mümkün görünür”. 
H.Fidan Zəngəzur dəhlizinin açılmasına dəstək gözlədiklərini bildirib. O, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini yüksək qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb. 

Regional əməkdaşlıq üçün səmərəli mexanizm

"Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü regional əməkdaşlığın səmərəli mexanizmlərindən birinə çevrilib", - bu fikirləri isə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib. O əlavə edib ki, regional imkanlar və çağırışlar müzakirə edilib. Nazirin sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülhlə bağlı irəliləyişə nail olunmasında maraqlıdır və bu istiqamətdə dialoqa çağırır: “Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq. Bundan başqa, Gürcüstan Yaxın Şərqdə sülhün əldə olunmasının da tərəfdarıdır”.

İ.Darçiaşvili deyib ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

 

banner

Oxşar Xəbərlər