• bazar ertəsi, 30 dekabr, 23:35
  • Baku Bakı 6°C

Ermənistanın qorxulu AES planları 

13.07.24 02:35 2559
Ermənistanın qorxulu AES planları 

Ermənistan indi də yeni atom elektrik stansiyasının inşası ilə bağlı Vaşinqton və Moskvanı Cənubi Qafqazda üz-üzə gətirir. Lakin ABŞ-nin layihəsinin hələ də təcrübə mərhələsində olması Paşinyanın seçiminin qonşu ölkələrə də risk yaratdığını söyləməyə əsas verir.  

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün həm Rusiya, həm də ABŞ ilə uzun müddətdir danışıqlar aparır. Bir-birinə rəqib olan iki supergücün arasında qalmaq isə “qızın iki adaxlısı var” el misalını xatırladır. Rəsmi İrəvan şübhəli layihələri Vaşinqtona təklif etməklə, ölkə ərazisini Birləşmiş Ştatlar üçün təhlükəli nüvə təcrübələrinin sınaq meydançasına çevirmək üzrədir. Təbii ki, müəyyən təkliflər “RosAtom”dan da edilib. Nikol Paşinyanın hökuməti bu layihəni də dəstəklədiyini bildirib. ABŞ rəsmilərinin İrəvana səfəri dövründə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verərək, Vaşinqtonla AES inşası məsələsində xeyli yol qət etdiklərini bildirib. Bu isə Kreml tərəfindən xoş qarşılanmayıb. Çünki bir müddət əvvəl Rusiya tərəfi oxşar açıqlama verərək, işə başlayacaqlarını bildirmişdi.

“Metsamor” bağlanacaq?

Ermənistan Beynəlxalq Atom Enerjisi Agentiliyinin tövsiyə və göstərişlərinə əməl edir, MAQATE ilə sıx əməkdaşlıq qurur. Bununla da yaxınlaşan “təhlükə”ni dəf etmək məqsədi güdür. Çünki Türkiyə və Azərbaycanın “Metsamor”la bağlı çağırışları artıq ciddi qəbul edilir. Siyasi kulislərdə gəzən söhbətə görə, Ankara və Bakının tələbi ilə sözügedən AES-in bağlanması üçün MAQATE-nin ciddi addımlar atacağı gözlənilir.

Strateji ssenari problem

Ermənistanın enerji kompleksinin mərkəzi problemlərindən biri nüvə enerjisinin inkişafı üçün strateji ssenarinin olmamasıdır. Hökumət məsələ ilə bağlı özünü gah ABŞ-nin, gah da Rusiyanın “qucağına atır”. 2000-ci illərdən isə dövlət güclü nüvə blokunun tikintisinə üstünlük verməklə yanaşı, kiçik modul reaktorların tikintisini də təşviq edir. Sonuncu işdə rəsmi Vaşinqtonla danışıqlar aparır. Maraqlıdır ki, Birləşmiş Ştatlarda bu, hələ layihə formasındadır və sınaqdan keçirilməyib. Görünür, Paşinyan təhlükəli sınaq üçün ölkəsini Ağ Evin məmurlarına peşkəş etmək niyyətindədir. Erməni dövləti artıq AES-ləri strateji resurs və təhlü kəsizlik faktoru olmaqdan çıxararaq, geosiyasi mərkəzlərin oyun meydançasına çevirib. Bu da region üçün heç də yaxşı gələcək vəd etmir.

İnvestisiya problemi

Bu gün yeni atom enerji blokunun tikintisi yaxşı halda 10 ilə başa gəlir və ən azı 5-6 milyard dollar investisiya tələb edir. Bu, az qala Ermənistanın illik dövlət büdcəsinə bərabərdir. Nəzərə almaq lazımdır ki, dövlət borcu hər il şişən və tam olaraq, Avrasiya İqtisadi İttifaqı bazarından və Avropa İttifaqının ayırdığı yardımdan asılı vəziyyətdə olan Ermənistan üçün bu, çox ciddi məbləğdir. Bu məbləği ona kimin verəcəyi, qarşılığında hansı şərtləri qoyacağı məlum deyil. Bu vəziyyət Ermənistan kimi kiçik dövlətin artıq geosiyasi piyada vəziyyətindən də çıxaraq, tam müstəmləkə olması ilə nəticələnə bilər.

Geosiyasi oyunlar

Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı olan AES-in hazırkı enerji bloku bu gün Cənubi Qafqaz regionunda öz təsir imkanlarının artırılmasında bu və ya digər şəkildə maraqlı olan bir sıra xarici aktorların geosiyasi rəqabətinin mərkəzindədir. Onların arasında ilk növbədə Rusiya və ABŞ-ni, ikinci dərəcəli maraqlı tərəflər arasında isə Hindistan, Fransa və Cənubi Koreyanı qeyd edə bilərik. Lakin bu üç dövlət üçün konkret kommersiya təklifləri olmadığından hökumət daha çox Rusiya və ABŞ-nin təklifləri ilə ciddi şəkildə maraqlanır.
Metsamor AES sovet mirasıdır və Rusiya tərəfi maraqlıdır ki, idarəetmə rıçaqlarını əldən verməsin. Maraqlıdır ki, Metsamor AES-in modernləşdirilməsi Moskvanın maliyyə dəstəyi sayəsində mümkün olub. Lakin İrəvan üçün kreditin çox rahat şərtlərlə (illik 3,5%) verilməsinə baxmayaraq, 2020-ci ilin yayında Paşinyan hökuməti kreditin qalan hissəsindən imtina etmək qərarına gəlib. Təbii ki, burada Ağ Evin və Avropanın müəyyən təzyiqi və tələbi olub.

Bu gün Rusiya İrəvana Leninqrad AES-ə bənzər 1200 MVt gücündə nüvə enerji blokunun tikintisi layihəsini təklif edir. Bununla yanaşı, Vaşinqton da öz təklifi ilə çıxış edir. Düzdür, Moskvadan fərqli olaraq, ABŞ variantında hələ kəmiyyət ölçüləri yoxdur: söhbət konkret layihə gücü göstərilmədən yalnız kiçik modul reaktorun tikintisindən gedir. Bununla belə, başqa bir məsələ də vacibdir: hazırda dünyada modul reaktorları tikən və işlədən yalnız iki ölkə var: Rusiya və Çin. ABŞ-yə gəlincə, burada ilk modul reaktorların 2030-cu ildə işə salınması gözlənilir. Lakin istehsalın hesablanmış yüksək maya dəyərini nəzərə alsaq, bu perspektiv də şübhəlidir.

Vaşinqtonun təklif etdiyi layihə kifayət qədər şübhəli görünür və hər şeyi öz adı ilə adlandırsaq, təhlükəlidir. Risk ondadır ki, ABŞ faktiki olaraq Ermənistanın enerji sistemini təcrübə sahəsinə çevirmək istəyir. 

Bununla belə, Paşinyan hökumətinin ABŞ təklifinə isti yanaşması, ciddi geosiyasi oyunun getməsindən xəbər verir. Moskva və Vaşinqton bu məsələdə ciddi rəqibdirlər və artıq rəsmi İrəvan geosiyasi girdabda çabalayır desək, yanılmarıq. Seçim isə bir çox siyasi məsələnin həlli və erməni hökumətinin gələcək taleyini müəyyənləşdirəcək.

F.Abasoğlu 

banner

Oxşar Xəbərlər