çərşənbə, 17 Avqust, 16:57

Baku Bakı 35°C

Ermənistan yolsuzluğu  

icon 677 icon 30 iyul 2022 | 02:00 Ermənistan yolsuzluğu  

“Azərbaycan mövqeyini davamlı olaraq möhkəmləndirir və Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirir. Bu strategiyanın bir istiqaməti də ondan ibarət olacaq ki, istər Laçın dəhlizinə paralel dəhlizin, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur qalacaq”.

Qarabağda aparılan tikinti-quruculuq işlərinə Laçın dəhlizinə alternativ yolun inşası da daxildir. Bir müddət əvvəl mediada yer alan məlumatlara görə, Azərbaycan daxilində yolun uzunluğu 32 kilometrdir. Bu il ərzində tikinti tam başa çatacaq. Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə əsasən, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol çəkilməlidir. Yol hazır olandan sonra hazırda "Laçın dəhlizi"nə nəzarət edən Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək. Nəticədə, Laçın şəhəri, Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək. Amma maraqlı məqam ondan ibarətdir ki, bu yolun Ermənistan tərəfində inşası ilə bağlı heç bir iş görülməyib, 1 metr belə yol inşa olunmayıb. Prezident İlham Əliyev də sonuncu çıxışında Laçın şəhərinin boşaldılmasından danışarkən bu məsələyə toxundu. İndi sual yaranır ki, necə olacaq? Yəni prosesləri sürətləndirmək üçün hansı addımlar atılmalıdır? Əgər Ermənistan yolun öz ərazisindən keçən hissəsinin çəkilməsini ləngidərsə, Azərbaycan hansı tədbirlər görə bilər?

“Birgə bəyanatın şərtlərinə əməl olunmalıdır”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, 2020-ci il 10 noyabr birgə bəyanatında yer alan müddəalardan biri də ondan ibarətdir ki, 2 il müddətində Laçın şəhərindən yan keçməklə yeni dəhliz yaradılacaq: “Əgər biz bu gün Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı razılaşdırılmış sənədlərə, həmçinin birgə bəyanata istinad ediriksə, deməli, şərtlərə əməl olunmalıdır. Xatırlatmaq istəyirəm ki, Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan birinci görüş zamanı Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel 10 noyabr 2020-ci il birgə bəyanatına, Moskva və Soçi sənədlərinə istinad olunduğunu vurğulamışdı. Yəni bu şərtlərə əməl olunması Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində çox vacibdir. Çünki orada yer alan məqamlar mahiyyət etibarı ilə Azərbaycanın maraqlarına cavab verir. Ölkəmiz bununla da göstərir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməklə öz imzasına hörmətlə yanaşır, sözü ilə əməli üst-üstə düşür. Təbii ki, bu da Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir”.

“Avqust ayında tenderin keçiriləcəyi  gözlənilir”

Azərbaycan üzərinə düşən işi başa çatdırır, amma Ermənistanın heç bir addım atmamasına toxunan E.Mirbəşir qeyd etdi ki, hər şeydən öncə bu istiqamətdə təsəvvürlər formalaşdırılmalıdır: “Ayrıca olaraq qeyd etmək istərdim ki, yolun məhz Ermənistan hissəsində işlərin görülməsi məqsədilə avqust ayında tenderin keçiriləcəyi  gözlənilir. Düşünürəm ki, Ermənistan gec və ya tez birgə bəyanatın şərtlərinə uyğun olaraq öhdəlikləri yerinə yetirməyə məcbur qalacaq. Azərbaycan mövqeyini davamlı olaraq möhkəmləndirməkdədir və Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirir. Bu strategiyanın bir istiqaməti də ondan ibarət olacaq ki, istər Laçın dəhlizinə paralel dəhlizin, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur qalacaq. Hesab edirəm ki, Azərbaycanın ardıcıl diplomatik gedişləri düşməni yekun sülh sazişini imzalamağa yaxınlaşdıracaq, yəni sülhə məcbur edəcək. Bunun da vacib komponentlərindən biri məhz Zəngəzur dəhlizinin açılması, Laçın dəhlizinə paralel yolun salınması, Laçın şəhərindən və ətraf kəndlərdən ermənilərin tamamilə çıxarılmasıdır”.

“İrəvanın vaxt uzatması Bakının xeyrinədir”

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vurğuladı  ki, Azərbaycan və Ermənistan arasında Laçın dəhlizi və sair kimi məsələlərdə İrəvanın vaxt uzatması, əslində, rəsmi Bakının birbaşa xeyrinədir: “Ermənistanın bu və ya digər addımları Azərbaycana imkan yaradır ki, məsələləri istədiyi səmtdə həll edə bilsin. Beynəlxalq ictimaiyyət, təşkilatlar, xüsusilə Avropa İttifaqı və Rusiya platforması çərçivələrində Ermənistanla müxtəlif məsələlərlə bağlı razılığa gəlmişik. İndi bu razılaşmalar yerinə yetirilməyəcəksə, İrəvanın başağrısına səbəb olacaq. Ona görə də narahatlığa heç bir əsas yoxdur”.

“Azərbaycan korrektə edə bilər”

Z.Məmmədov vurğuladı ki, narahatlıq keçirən tərəf ermənilərdir: “Onlar Cənubi Qafqazda gələcəklərinin necə olacağının narahatlığını yaşayırlar. Laçın məsələsinə gəlincə, Zəngəzur dəhlizinin açılmasının uzadılması, ümumiyyətlə Laçın dəhlizi məsələsini sual altına qoyur. Ermənilər qeyri-konstruktiv davranmağa davama etsələr, gələcəkdə Laçın rayonu vasitəsilə Xankəndinə gediş-gəlişlə bağlı məsələləri Azərbaycan korrektə edə bilər”.  

Bəxtiyar Məmmədli