• bazar, 08 Sentyabr, 12:27
  • Baku Bakı 26°C

Ermənistan hələ də revanşist və təcavüzkar niyyətdədir - ŞƏRH

12.04.23 10:45 712
Ermənistan hələ də revanşist və təcavüzkar niyyətdədir - ŞƏRH

Ermənistanın Laçın rayonu istiqamətində Ordumuzun mövqelərini atəşə tutması, şəhid və yaralıların olması İrəvanın davamlı sülhdə, o cümlədən regionda əməkdaşlıq mühitinin qurulmasında maraqlı olmadığı, əksinə, hələ də revanşist və təcavüzkar niyyətdə olduğunu göstərir. Qırx dörd günlük savaş dövründə, habelə sonrakı müddətdə həyata keçirilən cəza tədbirləri zamanı qorxaqcasına Ordumuzun qabağından qaçan bu fərari toplum, görünür, son günlər bəzi qüvvələrin anti-Azərbaycan ritorikasından, o cümlədən Avropa İttifaqının missiyasının Ermənistanda olmasından, habelə davamlı şəkildə qeyri-adekvat mövqe sərgiləməsindən cəsarətlənib. Lakin haylar unutmamalıdırlar ki, Prezident İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, heç kim onları xilas etməyəcək, necə ki 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə şər blokdan heç kəsin köməyi onları alçaldıcı məğlubiyyətdən qurtarmadı.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat bildirib ki, İrəvanın bu cür təxribatçı davranışları Azərbaycanın bölgədə dayanıqlı sabitliyi və yekun sülhü sərt addımlarla bərqərar etməsini zərurətə çevirir. Eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsi ölkəmizə qarşı təhdidləri aradan qaldırmaq üçün Azərbaycana bütün zəruri bildiyi tədbirləri həyata keçirməyə, təhdidləri yerləşdiyi yerdən asılı olmayaraq məhv etməyə, aradan qaldırmağa haqq verir.

“Artıq Azərbaycan Ordusu Laçındakı son insidentlə bağlı bütün lazımi tədbirləri görməkdədir. İstər şəhid və yaralılarımızın qisasının misli ilə alınması, istərsə də növbəti mümkün təxribatların qarşısının alınması üçün adekvat addımlar bundan sonra da atılacaq. Əməliyyat şəraiti tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir. Milli maraqlarımızın müdafiə və təmin edilməsi üçün bütün addımların atılması, o cümlədən növbəti cəza tədbirlərinin istənilən anda həyata keçirilməsi bizim hüququmuzdur.

Eyni zamanda, ictimaiyyət bu məsələdə həssas və təmkinli davranmalı, erməni mənbələrin, yaxud Azərbaycana qarşı informasiya müharibəsində əks cəbhə tutan digər subyektlərin məlumatlarına inanmamalı, yalnız rəsmi məlumatlara istinad etməlidir”, - deyə B.Məhərrəmov qeyd edib.

banner

Oxşar Xəbərlər