• çərşənbə axşamı, 16 aprel, 17:50
  • Baku Bakı 19°C

Ermənistan baş nazirinə növbəti diplomatiya dərsi - TƏHLİL

27.05.23 19:30 906
Ermənistan baş nazirinə növbəti diplomatiya dərsi - TƏHLİL

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasi kurs bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasını, rolunun möhkəmlənməsini təmin edib. Bu gün regionun lider dövləti kimi Azərbaycan mühüm beynəlxalq platformalarda aparıcı aktor kimi qəbul olunur. Hazırkı gərgin geosiyasi proseslərin fonunda Azərbaycana artan maraq, əlbəttə ki, illərdir uğurla həyata keçirilən praqmatik və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Bu xüsusda cari il mayın 25-də dövlətimizin başçısının Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərinin qurulması və genişləndirilməsi hər zaman Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasətinin əsas və dəyişməz istiqaməti olub. Ölkəmiz uzun illərdir Ermənistan istisna olmaqla Avrasiya İqtisadi Birliyinin bütün digər üzv ölkələri ilə bu prinsip əsasında çox möhkəm təməllər üzərində əlaqələr qurub. Qazaxıstan, Rusiya və Belarus ilə bütün sahələrdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, təbii ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bir faktı qeyd etmək istərdim ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Bu rəqəmlər həm də daha böyük potensialın olduğunu deməyə əsas verən göstəricilərdir.

Hüquq müdafiəçisi bildirib ki, bu gün mühüm nəqliyyat marşrutlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının qovuşuğunda yerləşən Azərbaycanda müasir standartlara cavab verən nəqliyyat-logistika infrastrukturunun qurulması, eyni zamanda, ölkəmizin Xəzər dənizində böyük ticarət donanmasına sahib olması və digər amillər bizə bütün istiqamətlərdə daşımaları həyata keçirmək imkanı yaradır.

“Əlbəttə ki, ölkəmizin illər ərzində bütün sahələrdə, o cümlədən nəqliyyat-logistika istiqamətində formalaşdırdığı güclü infrastruktur bu gün Azərbaycanı beynəlxalq miqyasda cəlbedici ölkəyə çevirib. Strateji əhəmiyyət daşıyan logistik layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal enerji layihələrinə diqqət çəkmək istərdim. Cənub Qaz Dəhlizini öz tərəfdaşları ilə birgə uğurla reallaşdıran Azərbaycan bu gün Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Həmçinin bu gün ölkəmizin iqtisadi müstəqilliyi, yaradılmış əlverişli investisiya mühiti Azərbaycanı nüfuzlu beynəlxalq şirkətlər üçün də cəlbedici edir”,- deyə Ç.Qənizadə bildirib.

Digər tərəfdən birliyin digər üzvü Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycan hazırda sülhün təşəbbüskarı kimi müxtəlif təşəbbüslərlə çıxış edir. Şuranın iclasında “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”, - deyən Azərbaycan Prezidenti növbəti dəfə ölkəmizin xoş məramını nümayiş etdirmiş oldu. Lakin Ermənistanın baş naziri söz alaraq “gümanlarını” isbatlamaq xatirinə canfəşanlıq etdi. Azərbaycan Prezidentinin cavabı isə Ermənistan baş nazirinə növbəti diplomatiya dərsi oldu.

Azərbaycan Prezidentinin səfər çərçivəsində Rusiya Prezidenti ilə görüşü də oldu. Bu görüşdə Prezident Vladimir Putinin müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev ilə bağlı səsləndirdiyi fikirlər Rusiya Prezidentinin və xalqının Ulu Öndərimizə hörmət və ehtiramının bariz nümunəsidir.

“Bu il xalqımız dahi oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd edir, Heydər Əliyevin əziz xatirəsi Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində, o cümlədən keçmiş SSRİ dövlətlərində böyük ehtiramla anılır. Bu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətlərinə verilən yüksək qiymətin təzahürüdür”, - deyə hüquq müdafiəçisi diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər